POLITICON.COM

Ermənistan - Azərbaycan konflikti Gürcüstandan necə görünür?

Ermənistan - Azərbaycan konflikti Gürcüstandan necə görünür?

Sentyabrın 27-də beynəlxalq ictimaiyyət Qarabağda hərbi əməliyyatların başlaması xəbərinə oyandı. Əvvəlcə bu, xəbərlərdə və sosial şəbəkələrdə tez-tez eşitdiyimiz başqa bir mini təxribat və toqquşma kimi görünürdü. Lakin gedişatının üçüncü həftəsində qarşıdurma Qarabağ çərçivəsindən çıxaraq genişmiqyaslı müharibə kimi davam edir. Münaqişə sadəcə döyüşən tərəflərin sakinləri üçün deyil, eləcə də qonşu dövlətlər üçün kifayət qədər böyük stress yaradır. 

Müharibə milli təhlükəsizliyini birbaşa təhdid etdiyi üçün Gürcüstan dinamikanı diqqətlə izləyir. Rəhbər orqanlar dağıntılardan, iqtisadi böhrandan, humanitar fəlakətdən və hətta müstəqilliyin itirilməsindən narahatdırlar (nə qədər şişirdilmiş səslənsə də). 

Bu situasiyada Gürcüstan Amerika və Avropanın maraqlarını, eləcə də, uyğun olaraq özünün münaqişənin vaxtında lokallaşdırılmasındakı rolunu  gündəmə gətirməlidir. Münaqişənin ümumi regional konfliktə çevrilməsi çox böyük ehtimaldır. 
1)  Bu qarşıdurma beynəlxalq layihələr, əhəmiyyətli enerji və rabitə infrastrukturu üçün təhdid yaradır. 
2)  Nəhəng regional aktorların (Türkiyə, Rusiya, İran) bu qarşıdurmaya açıq şəkildə qoşulma ehtimalı olduqca yüksəkdir.

Azərbaycan və Ermənistan arasında iyirmi illik nisbi sakitlikdən sonra genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Hər iki tərəf üçün münaqişə ekzistensial xarakter daşıyır, bu isə o deməkdir ki, geriyə addım yoxdur. Azərbaycan üçün bu, itirilmiş 20% ərazi və şərəf məsələsidir; Ermənistan üçün isə yerli propoqandanın təsvir etdiyi kimi desək, Qarabağın itirilməsi məhv deməkdir. Bu ölkələrin qonşuluğunda regionun üçüncü bir dövləti – onları əsas müttəfiqlərindən ayıran Gürcüstan yerləşir. Döyüşən tərəflərin ən təbii iddiası nə  ola bilər? Əsas müttəfiqlə dəhlizi  təmin etmək. Bunu necə həyata keçirmək olar? İlkin variant bu dəhlizdən hərbi qüvvə ilə keçməkdir, ikincisi isə düşmənlə müharibədə Gürcüstanla ittifaq yaratmaqdır. Hərbi ssenarilərin baş tutması halında Gürcüstan döyüş meydanına çevrilər, ön cəbhə isə genişlənər. Döyüşən tərəflərin heç birinin belə bir birlik üçün kifayət edəcək qədər resursu mövcud deyil. Lakin onların müttəfiqlərinin – Rusiya və Türkiyənin belə resursları mövcuddur. 

Azərbaycan və Ermənistan aşağıdakı arqumentləri təqdim etməklə Gürcüstanı öz tərəfinə çəkməyə çalışır:
Azərbaycan: ölkədəki ictimai rəy Ermənistanın Gürcüstanın iki bölgəsini işğal etmiş Rusiyanın müttəfiqi olması faktını əsas gətirərək Gürcüstanın mütləq Azərbaycanın tərəfini tutmalı olduğunu deyir. Gürcüstan və Azərbaycan separatizmdənca əziyyət çəkir, strateji partnyordurlar və üçtərəfli regional layihələr həyata keçirirlər (Türkiyə ilə birlikdə). Azərbaycan tərəfi həmçinin digər arqumentlərdən istifadə edir: Ermənistan Cavaxetiyaya qarşı tələb irəli sürür, ermənilər Abxaziyada separatçılarla yanbayan vuruşublar, qondarma “Dağlıq Qarabağ Respublikası”nın Abxaziya və Cənubi Osetiya ilə müttəfiqliyi mövcuddur, ermənilər Gürcüstana həmişə xəyanət ediblər. 
Ermənistan: erməni cəmiyyətində davamlı müzakirə olunan mühakimələrdən biri “Gürcüstanın xəyanəti”dir. Əslində, çox güman ki bu tipli mühakimələr Moskva tərəfindən irəli çəkilir, lakin onların tamamilə Rusiyanın təxribatları kimi qələmə vermək və Ermənistanda buna meylin olmamasını iddia etmək heç də ədalətli olmazdı. Ermənistan tərəfinin arqumentləri daha çox emosional xarakter daşıyır – Ermənistan və Gürcüstan Qafqazdakı iki demokratik ölkədir; hazırki müharibə sivilizasiyaların toqquşmasıdır; bütün Qərb dünyası bizi dəstəkləyir; azərbaycanlılar David Qarecini Gürcüstandan almaq istəyir, Gürcüstan özünü neftə satdı, Azərbaycan Rusiyanın rəsmi müttəfiqi deyil amma rus silahlarını alırlar; azərbaycanlılar öz maraqları naminə Gürcüstana asanlıqla xəyanət edərlər; Türkiyə Batumini almaq istəyir; türklər gürcülərin tarixi düşmənidir.  

Biz bu arqumentləri tez-tez Gürcüstanda eşidirik, lakin çox sadə və vacib nüansı anlamaq lazımdır. Əsrlər boyu həm azərbaycanlılar, həm ermənilər Gürcüstanda kompakt şəkildə yaşayıblar – xüsusilə də spesifk regionlarda. Münaqişə daha da genişləndiyi yaxud Gürcüstanın döyüşən tərəflərdən birinə dəstək verdiyi halda müharibə Gürcüstan ərazisində başlayacaq və milli azlıqların yaşadığı regionlarda “partlayış” qaçınılmaz olacaq (Cavaxetiya, Qardabani, Marneuli). 

Bu münaqişədə biz tərəf ola bilmərik və hər iki ölkə bizə vacib olduğu üçün neytral qalmalıyıq. Gürcüstan həm Ermənistan, həm Azərbaycan ilə tarixi, strateji, siyasi və iqtisadi əlaqələrlə birləşir. Gürcüstanın beynəlxalq qurumların müdaxiləsini istəməsindəki əsas səbəb tezliklə Rusiyanın münaqişənin yeganə arbitrı olmağı dayandırmasıdır. 

“Gürcüstanın konfliktin moderatoru olması və sülh danışıqlarının Tbilisidə keçirilməsi daha da yaxşıdır” – bu bir qədər utopik baxışdır, hazırki hakimiyyət dövründə çətin görünsə də, kifayət qədər mümkün haldır. 

Gürcüstanda rəhbər qurumlar ermənilərin və azərbaycanlıların yaşadığı regionlardakı əhali ilə, xüsusilə də ictimai rəyin rəhbərləri ilə dezinformasiyanın qarşısını almaq və separatçı çağırışları əngəlləmək üçün gündəlik əsasda işləməlidir. Bu baxımdan, biz Azərbaycan səfirliyinin bəyanatını ancaq xoş qarşılaya bilərik, bu  bəyanat Gürcüstanın etnik azərbaycanlı əhalisini ayıq olmağa, təxribatlara uymamağa və Gürcüstanda qəbul edilmiş norma və qaydalara əməl etməyə çağırır. 


Digər yazılar