Politicon.co

Kərbəlada nə baş verdi və mahiyyəti nədir?

Kərbəlada nə baş verdi və mahiyyəti nədir?

Kərbəla döyüşünü təsvir edən rəsm

 

Müasir Hindistanın qurucusu Mahatma Qandi məktublarının birində belə demişdir: İmam Həsən və Hüseyn öz şərəflərini qorumaq üçün şəhid oldular.

Məşhur ingilis tarixçisi və siyasətçisi Eduard Gibbon yazmışdır: Hüseynin ölümünün faciəli səhnəsi, ən soyuqqanlı oxucunun belə rəğbətini oyandıracaqdır”. 


 
Azərbaycanda yaşayan hər kəs çox yaxşı bilir ki, Məhərrəm ayının onuncu günündə (Aşura günündə) minlərlə müsəlman məscidlərə toplaşaraq İmam Hüseynin Kərbəlada yaşadığı faciəvi hadisələri yada salır və qeyd edir. Bu, Azərbaycanda yüz illərdir davam edən bir ənənədir. Hətta, 17-ci əsrin ikinci yarısında Azərbaycana gəlmiş fransız səyyah Jan Şarden Səfəvi imperatorluğunda Aşuranın xüsusi təntənə ilə keçirildiyini vurğulamışdır. Uzun zamandır qeyd olunmasına baxmayaraq, Azərbaycanda bir çox insan ya bu hadisə haqqında ətraflı məlumata sahib deyil, ya da sahib olduqları məlumat hadisəni tam şəkildə anlamaq üçün yetərli deyil. 

Bu məqalədə bir əsas suala daha çox tarixi yöndən cavab verəcəyəm. “Kərbəlada nə, niyə və necə baş verib?” İkinci olaraq, məqalədə birinci sualdan doğan bir neçə kiçik, lakin vurğulanması vacib suallar və mövzular da ola bilər. 
 

Haşim oğulları və Üməyyə oğulları

Kərbəla, uzun illər gedən hadisələrin bir nəticəsidir. Əgər bu prosesləri qısa şəkildə ifadə etmək gərəkdirsə, bunu “Haşim oğulları və Üməyyə oğulları arasındakı anlaşılmazlıq” adlandırmaq olar.

Haşimilər, digər adı ilə Bəni-Haşim, Haşimi, Qüreyş qəbiləsindən olan və Məhəmməd Peyğəmbərin də oraya daxil olduğu geniş bir ailənin adıdır. Beləliklə, Məhəmməd Peyğəmbərin ailəsi olaraq bilinən, İmam Əli, Həzrət Fatimə, İmam Həsən, İmam Hüseyn və onun övladlarının da daxil olduğu “Əhli-Beyt” də Haşimi ailəsindəndir. 

Üməyyə oğulları, digər adı ilə Bəni-Üməyyə də Qüreyş qəbiləsindən olan bir ailədir. Onlar hər zaman Bəni-Haşimlə aralarındakı qarşıdurmalara görə tanınırlar. Bu cür qarşıdurmaların başında isə məqalədə adlarını oxuyacağınız Müaviyə və Yezid ibn Müaviyə olmuşdur. 

Əslində, eyni qəbiləyə aid olmalarından anlaşıldığı kimi, Bəni-Haşim və Bəni-Üməyyə eyni soydan gəlirlər. Əbd Manaf ibn Qüseyyin övladı olan Haşimdən Haşim oğulları, Haşimin qardaşı olan Əbdüşəmsin oğlu Üməyyədən isə Üməyyə oğulları törəmişdi. 

Tarixçilərə əsasən, Haşim və Əbdüşəms əkiz qardaşlar imiş. Onlar anadan olarkən Haşimin barmağı qardaşı Əbdüşəmsin alnına yapışıq halda imiş. Onları bir-birindən ayırarkən qanaxma baş vermiş, bir çox insan isə bunun gələcəkdə yeni doğulan uşaqların övladları arasında qan düşəcəyinə bir nişanə olaraq qəbul etmişdi. 

Qısacası, məqalə boyu bir-birinə qarşı müxalifətdə olan bu iki tərəf, əslində uzaq əmioğludurlar.


Bəni-Haşim və Bəni-Üməyyə arasındakı qarşıdurmalar

Həzrət Əli - Müaviyə qarşıdurması

Kərbəla hadisəsinin gerçəkləşməsinə səbəb olan əsas məsələlərdən ilki Həzrət Əli ilə Müaviyə ibn Əbu Süfyan arasındakı anlaşılmazlıqdır. 

İkinci Xəlifə Ömər ibn Xəttabın dövründə Müaviyə ibn Əbu Süfyan Şam valisi olaraq vəzifəyə gəlmişdi. Üçüncü Xəlifə Osmanın dövründə isə o, bütün Suriyanı öz idarəsi altına almağı bacarmışdı. 

Üçüncü Xəlifə Osmana sui-qəsdindən ardınca isə Müaviyə, İmam Əlini yeni xəlifə kimi tanımadı və ona qarşı çıxdı. İmam Əlinin onu Şam və Suriya valiliyi vəzifəsindən azad etməsindən sonra isə vəziyyət daha da sərtləşdi. Nəticədə, 657-ci ildə Həzrət Əlinin və Müaviyənin qoşunları arasında Siffeyn savaşı baş verdi. Çox maraqlı və qəribə bir gedişatı olan Siffeyn savaşının nəticəsi Həzrət Əlinin zəfəri ilə bitəcəyi anda, gözlənilməz bir hadisə nəticəsində bərabərliklə bitdi.

Savaşın ardınca isə Müaviyə tərəfdarları onu Şamda xəlifə elan etdilər. Beləliklə, İslam dövləti iki yerə parçalanmışdı. Bir tərəfdə Həzrət Əlini xəlifə kimi tanıyan Kufə idarəsi, digər tərəfdə isə Müaviyəni xəlifə elan edən Şam idarəsi.

Həzrət Əlinin siyasi dəstəyi isə günü-gündən azalmaqda idi. Nəticədə 661-ci ildə Həzrət Əli, Kufə şəhərində, Siffeyn savaşında ordusundan ayrılaraq ona qarşı çıxan “Xaricilər”in (o zaman yaranmış qruplaşmanın adı) bir üzvü tərəfindən məsciddə başından bıçaqlandı və iki gün sonra vəfat etdi. 

Olayın Kərbəla döyüşünün gerçəkləşməsində təsiri odur ki, iki soy arasında siyasi müxalifət daha da kəskinləşdi və gələcəkdə daha böyük məsələlərə zəmin hazırladı. 

Həzrət Həsən-Müaviyə qarşıdurması

Məhz bu qarşıdurma, Kərbəla hadisəsinin baş verməsində ən böyük rollardan birini oynamışdır. 

İmam Əli dəfələrlə bildirmişdi ki, özündən sonra dövlətin və dinin başına Peyğəmbər ailəsindən olan bir kəs keçməlidir. Onun sui-qəsdindən sonra isə müsəlmanlar İmam Həsəni xəlifə olaraq qəbul etdi.

Müaviyə artıq bir neçə ildir ki, dəstəkçiləri ilə Şamda özünü xəlifə elan etmişdi və Həzrət Əlini dövlət başçısı olaraq tanımadığı kimi, Həzrət Həsəni də xəlifə kimi tanımadı. Nəticədə, yenidən savaş başladı. 

Savaş sırasında Həzrət Həsənin ordusunda ona qarşı müxalifət yarandı və bəzi silahdaşları pul qarşılığında Müaviyənin tərəfinə keçdi. Orduların bir neçə dəfə qarşılaşması baş tutsa belə, bunların heç biri həlledici olmadı.

Həzrət Həsən ordusu daxilindəki müxalifət elə genişləndi ki, hətta ona qarşı sui-qəsd cəhdi belə edildi. O, xəncərlə dizindən yaralansa da, öz yaxın qorumaları tərəfindən həyatı qurtarıldı. 

Həzrət Həsən ilk öncə onu özünə xəlifə seçən, ancaq ardınca ona qarşı çıxan ordu ilə savaşdan zəfər qazana bilməyəcəyini bilməsindən və Müaviyənin dəfələrlə təkid etməsindən sonra onunla danışıqlara başladı. 

Danışıqlar nəticəsində müqavilə bağlandı və Həzrət Həsən bir çox şərtlər və təminatlardan sonra dövlət idarəsi ilə bağlı səlahiyyətlərini Müaviyəyə verdi. Oxuculardan xahiş edərdim ki, müqaviləni, xüsusilə də ikinci maddəni diqqətlə oxusunlar, çünki bunun Kərbəla hadisəsi ilə böyük bir əlaqəsi mövcuddur. 

Orta əsrlərin məşhur tarixçisi Əl-Təbəriyə əsasən Həzrət Həsən və Müaviyə arasındakı anlaşmanın maddələri belədir:

1) Həsən ibn Əli, Allahın Müqəddəs Kitabına, Peyğəmbərin sünnətinə və dindar, fəzilətli xəlifələrin xarakterinə görə hərəkət etməsi şərti ilə idarəni Müaviyəyə təslim edir. 

2) Müaviyənin özündən sonra bir kimsəni xəlifəlik üçün namizəd göstərmə haqqı yoxdur. Xəlifəlik ondan sonra Həsən ibn Əliyə, əgər bir hadisə baş verərsə, Hüseyn ibn Əliyə veriləcək. (Bəzi rəvayətlərə görə Müsəlmanlardan ibarət olan şuranın qərarın həvalə ediləcək).

3) Suriya, İraq, Tixama, Hicaz, yaxud hər hansı bir bölgəyə aid olan, qara və ya ağdərili olmasından asılı olmayaraq, ümumi xalqın həyatı, mülkiyyəti və şərəfi qorunacaqdır.

4) İmam Əli dəstəkçilərinin və onların ailə üzvlərinin həyatı, mülkiyyəti və şərəfi qorunacaqdır.

5) Müaviyə, İmam Həsən ibn Əli, yaxud Peyğəmbərin Əhl-i Beytinə qarşı açıq və ya gizli heç bir hərəkət etməyəcək və Yer üzündə onlara hədə-qorxu gəlməyəcəkdir.

6) Müaviyə, möminlərin əmiri İmam Əliyə lənət oxumamalı və onun haqqında yalnız yaxşı şəkildə danışmalıdır. 
Lakin, Müaviyə müqavilə şərtlərinin heç birisinə sadiq qalmadı. O, oğlu Yezidi xəlifəliyə varis elan etmək istəsə də, Həzrət Həsən onun bu qərarı üçün ən böyük əngəl idi. Bu səbəbdən, bir çox mənbələrə əsasən Müaviyə, Həzrət Həsənin həyat yoldaşı Cödə bint Əşəsə böyük sərvət və oğlu Yezidlə evləndirilmək qarşılığında Həzrət Həsəni zəhərləməsinə təşviq etmişdir. Nəticədə, öz həyat yoldaşı tərəfindən zəhərləndirilən Həzrət Həsən 670-ci ildə vəfat etmişdir. Müaviyə isə vəd etdiyi sərvəti Cödə bint Əşəsə versə də, onu oğlu ilə evləndirməmişdir. 


Yezidin varis təyin olunması

Müaviyə, ölümündən bir neçə il əvvəl Həzrət Həsənlə bağladığı müqaviləyə zidd hərəkət edərək Yezidi canişin elan etdi. İslam tarixində ilk dəfə idi ki, irsi şəkildə varislik elan olunurdu. Bu qərara İslam aləmində böyük nüfuza malik olan bir çox insan qarşı çıxdı və onların başında, sözsüz ki, İmam Hüseyn də var idi. 

Onların Yezidin varis elan olunmasına etiraz etmələrinin əsas səbəbi Müaviyənin Həzrət Həsənlə bağladığı müqaviləyə sadiq qalmamasından əlavə olaraq, Yezidin özü ilə də əlaqədar idi. İlk olaraq, Yezid, dövlətə başçılıq edə biləcək Həzrət Hüseyn və digər bir çox nüfuzlu namizədlərin yanında çox gənc və təcrübəsiz idi. Bizans imperatorluğuna qarşı savaşlarda və o zamankı Konstantinopola edilən hücumda iştirak etsə belə, bu, onu digər nüfuzlu namizədlərin yanında təcrübəli bir şəxs kimi bilinməsinə səbəb olmamışdı. Əlavə olaraq, Yezidin ən əsas İslami qaydalara zidd olan içki və digər alışqanlıqları, insanlarda onun qətiyyən İslam rəhbəri ola bilməyəcəyinə dair qəti fikirlər yaratmışdı. 


Yezidin hakimiyyətə gəlməsi

Müaviyənin 680-ci ildəki ölümündən sonra Yezid yeni xəlifə olmuşdu. Atasının Həzrət Hüseynlə yumşaq və hörmətlə davranmasına dair aldığı vəsiyyətlərə rəğmən, o, ilk iş olaraq Mədinədə yaşayan Həzrət Hüseynin onu xəlifə olaraq tanımasını tələb etmişdi. Həzrət Hüseynin onu xəlifə olaraq tanımaması qarşılığında, Yezid, lazım olarsa, zorakı yollara əl atacağını da göndərdiyi elçilərlə çatdırmışdı. Lakin, bunu qəbul etməyən Həzrət Hüseyn, Mədinədə qalmasının ailəsinə təhlükə yaradacağını düşünərək Məkkə şəhərinə köçmüşdü.

Həzrət Hüseyn, Məkkə şəhərində qaldığı dönəm ərzində yaşadığı şəhərin əhalisi tərəfindən dəstəklənməsindən əlavə, atası Həzrət Əli tərəfdarlarının ən güclü mərkəzi olan Kufə şəhərindən yüzlərlə məktub alırdı. Məktublarım məzmunu isə bir-birindən fərqlənmirdi. Hər biri, Həzrət Hüseynə sadiq olduqlarını bildirir, onu Kufədə Yezidə qarşı hərəkata çağırır, savaş üçün hazır gözləyən on minlərlə insanın olduğunu yazırdılar. Bu cür məktubların bir neçə ay dayanmadan gəlməsindən və məktubların sayının yüzlər yox, minlərlə olmasından sonra Həzrət Hüseyn əmisi oğlu Müslüm ibn Əqili Kufəyə elçisi olaraq göndərdi. 


Müslüm ibn Əqilin Kufədə olması

Kufəlilərin göndərdiyi məktubların nə qədər səmimi olub-olmadığını yoxlamaq məqsədilə elçi olaraq göndərilən Müslüm ibn Əqil, Kufəyə gizli şəkildə daxil olduqdan sonra Həzrət Hüseynin dəstəkçilərinin evində qalmışdı. Əməvilərə qarşı çıxışlar edərək, o, insanları Yezidə tabe olmamağa çağırırdı və qısa müddət ərzində ətrafında savaşa hazır minlərlə insan hazırlamışdı. Bütün bunlardan xəbərdar olan Kufə valisi Numan ibn Bəşir, Müslüm ibn Əqilin fəaliyyətini dayandıra bilmədiyinə görə Yezid tərəfindən vəzifəsindən alınmış, yerinə isə Bəsrə valisi Ubeydullah ibn Ziyad gətirilmişdi. Müslüm ibn Əqil özü ilə birlikdə olan minlərlə qiyamçı ilə saray önündə üsyan etsə də, Ubeydullah ibn Ziyad sadəcə bir neçə sərt çıxış və böyük vədlər ilə Müslüm ibn Əqilin ətrafına yığılan minlərlə insanı dağıtmağı bacarmışdı. Təkidlə çağırılan və Həzrət Hüseynlə birləşərək Bəni-Üməyyəyə qarşı qiyama hazır olduqlarını bildirən minlərlə insan tərəfindən tək buraxılan Müslüm ibn Əqil isə edam etdirilmişdir.  


Həzrət Hüseynin Kufəyə doğru yola çıxması

Müslüm ibn Əqil, ətrafında minlərlə insan olduğu zaman əmisi oğlu Həzrət Hüseynə vəziyyətin yaxşı olduğuna dair məktub göndərmişdi. Həm Məkkədə qalmasının bu müqəddəs şəhərdə hər an böyük qarşıdurma yarada bilmə ehtimalına, həm də Müslüm ibn Əqilin vəziyyətin yaxşı olduğunu yazdığı məktubuna əsaslanaraq Həzrət Hüseyn, Məkkədən Kufəyə doğru ailəsi ilə birlikdə son olaylardan xəbərsiz şəkildə səfərə çıxmışdı. 

Məkkə valisinin məktubu ilə Həzrət Hüseynin Kufəyə yola çıxdığını öyrənən Yezid, Ubeydullah ibn Ziyada ordu hazırlatdırmasını, Həzrət Hüseynlə rastlaşanda ondan beyət almasını, xəlifəliyini tanımadığı təqdirdə isə mərhəmət göstərməməsini tələb etmişdi. Həmin ordunun daxilində Həzrət Hüseynin Kufəyə gələrək qiyama rəhbərlik etməsini məktubla bildirən yüzlərlə insan da var idi.


Gibbonun Kərbəla haqqında yazdıqları

XVIII əsrdə yaşamış ingilis siyasətçi, parlament üzvü, tarixçi və yazıçı Edvard Gibbon, “Roma İmperiyasının zəifləməsi və çöküşünün tarixi” əsərinin ikinci cildində Kərbəla hadisəsi haqda geniş şəkildə yazmışdır və Həzrət Hüseynin Kufəyə olan səfərini bu sözlərlə təsvir etmişdir:

“O, Ərəbistan səhrasını çəkingən qadınlar və uşaqlar ilə birlikdə keçmişdi. Lakin, İraqa yaxınlaşarkən və bu ölkənin yalqız və sərt üzü ilə qarşılaşarkən tərəfində olanların ya geri çəkilməsindən, ya da tamamilə məhv olmasından şübhələnməyə başlamışdı. Onun şübhələnməsi doğru idi. Kufə valisi Ubeydullah, qiyamın ilk qığılcımlarını söndürmüşdü və Hüseyn, Kərbəlada şəhər və çayla əlaqəsini kəsən beş min at ilə əhatə olunmuşdu. Hüseynə bildirildi ki, o ya əsir olaraq götürülməlidir, ya da etdiyi üsyanın nəticəsini görməlidir. Cavabında isə Hüseyn, “Məni ölümlə qorxuda biləcəyinizimi sanırsınız?” dedi”. 

Həzrət Hüseyn savaşdan öncə bir gün möhlət istəmiş və müsbət cavab almışdı. Məhz həmin gecə maraqlı bir hadisə yaşanmışdı. Sabah heç kəsin sağ çıxmayacağını bildirən Həzrət Hüseyn həyatını qurtarmaq istəyənlərin tərk edə biləcəyini söyləmiş və gedənlərin utanmaması üçün şamları söndürmüşdür. Buna görə onun yanında olanların sayı daha da azalmışdı. Nəticədə, dəstək çıxacağını bildirən on minlərlə insandan heç yüz nəfər belə yanında deyildi. Gibbon həmin olayı və ardınca Həzrət Hüseynin şəhid edilməsini bu cür təsvir edir. Onun necə duyğulu şəkildə yazması isə olduqca maraqlıdır: 

“Və gecənin qısa bir möhlətində, o, öz taleyi ilə qarşılaşmaq üçün sakit və ciddi bir təvəkkül hissi ilə hazırlaşmışdı. O, dostlarını öz canlarını qurtarmaq üçün zamanında qaçmaları üçün təkid etmişdi. Yekdilliklə, sevgili ustadlarını tərk etməyi və ya həyatta qalmağı rədd etmişdilər və cəsarətləri, bir bəndə duası və cənnət vədi ilə gücləndirilmişdi. Ölümcül günün sabahı, bir əlində qılınc, digər əlində Quran ilə atına minmişdi. Səxavətli şəhidlər yalnız otuz iki at və qırx ayaqdan ibarət idi. Ancaq, yanları və arxa tərəfləri, ərəblərin adətinə görə, çadır kəndirləri və tör-töküntülər ilə doldurularaq qorunmuşdu. Hər tək səfər çarpışmada Fatimə oğullarının çarəsizliyi yenilməz imiş. Çevrədəki izdiham onları uzaqdan bir ox buludu ilə boğmuşdu və atlar və adamlar ardıcıl olaraq öldürülmüşdü. Namaz saatı üçün hər iki tərəfdə qısa barışığa icazə verilmiş və uzun müddət davam edən döyüş, Hüseyn yoldaşlarının sonuncusunun ölümü ilə sona çatmışdı. Yalnız, yorğun və yaralı bir şəkildə çadırının önündə əyləşmişdi. Oğlu, qardaşı oğlu və iki gözəl gənc qollarında öldürülmüşdü. Qan dolu bir şəkildə qollarını havaya qaldıraraq dirilər və ölülər üçün dua etmişdi. Ölməkdə olan qəhrəman özünü aralarına atarkən əsgərlər geri çəkilirmiş. İmanlıların nifrət etdiyi bir isim olan vicdansız Şimr, onların qorxağlığını qınamışdı və Məhəmmədin nəvəsi otuz üç nizə və qılınc yarasından sonra öldürülmüşdü. Bədəni tapdalandıqdan sonra kəsilmiş başını Kufə qalasına aparmışdılar və zalım Ubeydullah onun dodaqlarına dəyənək ilə vurmuşdu. “Vay” deyə yaşlı bir müsəlman qışqırmışdı. “Bu dodaqlarda Allahın elçisinin dodaqlarını gördüm” deyə əlavə etmişdi. Uzaq bir dövrdə və iqlimdə, Hüseynin ölümünün faciəli səhnəsi, ən soyuqqanlı oxucunun belə rəğbətini oyandıracaqdır”. 


Din, yoxsa hakimiyyət?

Bəzi insanlar iddia edir ki, Həzrət Hüseynin qiyam etməsinin əsas səbəbi onun hakimiyyəti ələ keçirmək istəyidir. Lakin, şəxsi fikrimə görə, bu, yanlışdır. 

Ümumiyyətlə, bu suala düzgün cavab vermək üçün yeddinci əsrdəki müsəlmanların xəlifəlik vəzifəsinə nə gözlə baxdığını anlamaq gərəkdir. 

Xəlifəlik, Məhəmməd Peyğəmbərin vəfatından sonra İslam dininin, eyni zamanda dövlətinin başçısına, Peyğəmbərin davamçısına verilən bir ad və vəzifə idi. Həmin zaman, heç şübhəsiz, xəlifəliyin siyasətdən daha çox dini tərəfi qüvvətli idi.

Kiçik bir haşiyə olaraq qeyd etmək istərdim ki, elə məhz Müaviyə ibn Əbu Süfyandan, Yezid ibn Müaviyədən və vəzifənin nəsildən-nəsilə ötürülməsindən sonra xəlifəlik dini xüsusiyyətini itirməyə başlamış, demək  olar ki, tamamilə siyasi vəzifəyə çevrilmişdir. 

İnsanlar, xəlifəni İslam dininin Peyğəmbərdən sonra başçısı olaraq görürdülər. Ancaq, Yezid ən sadə İslami qanunlara zidd olaraq içki içdiyinə və digər bəyənilməyən işlər gördüyünə görə Həzrət Hüseyn onun dinin lideri ola bilməyəcəyini açıq-aşkar söyləmişdir və qarşılığının faciəvi ölüm olacağını bilməsinə rəğmən onu xəlifə olaraq tanımamışdır. Babasının qurduğu dinin, yeni başçı ilə ciddi problemlərlə qarşılaşacağını bildiyinə görə sonuna qədər sözünün arxasında dayanmışdır. İllər keçdikcə, müsəlmanlar, Həzrət Hüseynin nə qədər haqlı olduğunu anlamış və onun haqqı sonuna qədər müdafiə etməsini yalnız müsəlmanlar deyil, müxtəlif mədəniyyətlərdən bir çox insan da özünə nümunə götürmüşdür. 

Əlavə olaraq, əgər hakimiyyət əsas məqsəd olsaydı, Həzrət Hüseyn yüz nəfərdən kiçik bir qoşun ilə savaşmazdı.  

Qısacası, xəlifəlik İmam Hüseynin haqqlarından biri olsa da, qiyam etməsinin əsas səbəbi xəlifəlik məqamını ələ keçirmək olmamışdır. 


Məsələyə fərqli bucaqlardan baxış

Dini tərəfdən çox önəmli bir hadisə olmasına rəğmən, Kərbəlada baş verənlərə yalnız dini cəhətdən yox, tarixi və siyasi cəhətdən də baxmaq lazımdır ki, bu hadisəni tam şəkildə nə olduğunu anlaya bilək. 

Məsələyə dini cəhətdən baxsaq, müsəlmanların Aşura gününü nəyə görə xüsusi bir qəmginliklə qeyd etməsi olduqca anlaşılandır. Çünki, Peyğəmbərin nəvəsi və bir çox ailə üzvü faciəvi bir şəkildə şəhid edilmiş, işgəncələrə məruz qalmış və əsir götürülmüşdür. 

Olaya siyasi baxış bucağından nəzər yetirdikdə isə bunu, tarixin ən böyük siyasi satqınlıqlarından biri olaraq adlandırmaq mümkündür. Səbəb isə minlərlə məktub göndərən Kufəlilərin geri addım atması bir yana qalsın, dəstəyini istədikləri Həzrət Hüseynə qarşı orduda yer almalarıdır. Digər tərəfdən, Yezid ibn Müaviyə, Həzrət Hüseyni dəf edərək öz hakimiyyətini qoruyacağını düşünsə də, hadisədən sadəcə bir neçə il sonra ölmüşdü. Bu iki ildə isə onun dövlət başına gətirilməməsini istəyən insanları, xüsusilə Həzrət Hüseyni, nəyə görə qiyam etməsinə görə anlamaq mümkündür. Mədinə şəhərində edilən qırğın, əlavə olaraq, Məkkə şəhərinin mühasirəsi zamanı İslam dininin ən müqəddəs yeri olaraq hesab edilən Kəbənin bir hissəsinin yandırılması və ziyan görməsi, İmam Hüseynin şəhid edilməsindən sonra Yezidin etdiyi və daha da nifrət edilməsinə səbəb olan hadisələrdir. Yeziddən sonra hakimiyyətə gələn oğlu Müaviyə ibn Yezid isə sui-qəsdlə öldürülmüşdür və Yezidin nəsli davam etməmişdir. 


Nəticə

Daha çox yalnız dini hadisə olaraq görünsə də, Kərbəla hadisəsi həm siyasi, həm tarixi, həm də insanlıq cəhətdən önəmli bir olaydır. Həzrət Hüseyn, qarşılığında hər nə olursa olsun, hər zaman doğrunun və haqqın yanında durmaq barədə insanlığa önəmli bir mesaj çatdırmışdır. Təsadüfi deyil ki, müasir Hindistanın qurucusu Mahatma Qandi və Afrikanın unudulmaz liderlərindən olan Nelson Mandela daxil olmaqla tarix boyunca bir çox insan Həzrət Hüseynin ədalətsizliyə qarşı duruşunu özlərinə nümunə götürmüşdür. Məsələn, Mahatma Qandi belə demişdir. “Mən, Hüseyndən məzlum olduğu halda necə qalib gəlməyi öyrəndim”.

Kərbəla olayının Azərbaycan ədəbiyyatına da böyük təsiri vardır. Xaqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətayi, Xurşidbanu Natəvan, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə və Hüseyn Cavid daxil olmaqla bir çox Azərbaycan şairi bu hadisəyə dair bir neçə şeirlər həsr etmişlər. Hətta, Azərbaycan türklərinin ən önəmli yazılı əsərlərindən olan Kitabi-Dədə Qorqudda da Kərbəla hadisəsi haqqında yazılıb. 

Lakin Kərbəla sadəcə üzərində ağlanılanacaq və yalnız qəmginliklə qeyd ediləcək bir mövzu deyil. Əsas odur ki, insanlığa da dərs olan Kərbəla məsələsinin ana fikri dərk edilsin. Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri olan, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə, 14 Noyabr 1914-cü ildə "İqbal" qəzetində çap olunmuş məqaləsində bu barədə çox doğru bir şəkildə qeyd edir.

“Vaqieyi-Kərbəlanı çox eşitmişik. Əhli-beytin oradakı məzlumiyyətlərini, min dürlü şəkil və növdə dinləmişik. Aşura gününün məzaliminə hər sənə göz yaşı və baş qanı tökərək gəlmişik. Gözlərimizlə bədənimizi zorlayaraq bu xüsusda əcirlər gözətləmişik. Yalnız bu, qiyamətə qədər böyük bir tufani-müsibət qoparan vaqeə haqqında ən az işlətdiyimiz və ən az zəhmət verdiyimiz bir şey vardır: əql!

Halbuki, bu kimi ictimai və siyasi vəqeələrdən istifadə edə bilmək və onun künhünə və hikmətinə lüzumunca aşina ola bilmək üçün hissiyyati bihudə yerə sərf edən göz yaşlarından ziyadə bundan faydalı nəticələr istehsal edə biləcək əqllə göz yaşlarını siləcək və millətlərə təskinlik bəxş edəcək bu böyük qüvvətə müraciət etməli və Aşura vaqeəsi üzərində düşünməlidir.
Hüseyni məzlum bilib də halına ağladığımız halda hər qisim bəla və müsibətləri ancaq ağlamaq və yalnız ağlamaq təriqi ilə istiqbal etmək məzlumiyyətinə öyrənən bizlər, imamın bu böyük ruhu ilə aşina olub ona imtisal etmək xəyalında heç olmuyoruz. Bəlkə də bu hal, Kərbəla şəhidini qəbrində də rahatsız etməkdədir”.   

Rəsulzadə çox gözəl vurğulamışdır ki, qəmginliklə hadisəni yad etməkdən daha önəmli məsələ, Kərbəlanın nə olduğunu anlamağımızdır. 

Son olaraq, artıq məqalədən anlaşıldığı kimi, Kərbəla hadisəsindən dərs götürüləcək əsas bir fikir var: hər nə olursa olsun, sonuna qədər doğrunun yanında olmaq. Ancaq, bunu etmək olduqca çətindir. 

 

Mənbələr:

1)    https://books.google.az/books?id=VvXSAAAAMAAJ&pg=PA218&redir_esc=y#v=onepage&q&f=false
2)    https://www.al-islam.org/imam-hasan-and-caliphate-qurrat-ul-ain-abidiy/terms-peace-treaty
3)    https://www.gandhiheritageportal.org/cwmg_volume_thumbview/Nw==#page/154/mode/2up
4)    https://www.aa.com.tr/tr/analiz-haber/islam-tarihinin-siyasi-kirilma-noktasi-kerbela/1258861
5)    http://www.cumhuriyet.edu.tr/userfiles/Kerbela1.cilt.pdf
6)    https://arqument.az/az/mehemmed-emin-resulzadenin-asura-meqalesi/

 

Müəllif haqqında: 

Hüseyn Əlili Bakıdan olan gənc tədqiqatçıdır.    


DİGƏR YAZILAR