Politicon.co
Kalininqrad: Qalxan və qılıncların kölgəsində qalan şəhər

Giriş
Dünya tarix boyu müxtəlif etnoslara, millətlərə və dövlətlərə ev sahibliyi etmiş, dəyişən dövrlərin mərkəzində isə daim mübarizə dayanmışdır. Mübarizə ifadəsi biz insanların keçmişindən gələcəyini formalaşdıran hadisələrdə, gündəlik həyatımızdan rəsmi iş həyatımıza qədər, kiçik bir fəaliyyətdən böyük layihələrə qədər demək olar ki, həyatın hər bir parçasında qarşılaşılan anlayışdır. Bu ifadə sadə görünüb, bir o qədərdə dərin olan ifadədir ki, onun mənasına olan baxışlar müxtəlif cür olsa da, yeganə gerçəklik heç bir zaman dəyişməmişdir. Mübarizə tarix boyunca hər zaman olmuş və bundan sonrakı zamanlarda da olacaqdır. İnsanlar qəbilə–tayfa icmalarından erkən dövlətçiliyə qədər daim qarşıdurmalar içərisində yaşamış və məqsədlərinə nail olmaq üçün müxtəlif vasitələrdən istifadə etmişdir. Bu gündə müasir beynəlxalq münasibətlər sistemində də bu reallıq dəyişməmişdir: mübarizə bu dəfə dövlətlərin geosiyasi mövqeyi, iqtisadi maraqları və regional üstünlükləri üzərində davam edir. Bu kontekstdə Baltik dənizi hövzəsinin ən mühüm strateji mərkəzlərindən biri sayılan Kalininqrad xüsusi əhəmiyyət kəsb edir. Kalininqradın tarixi dövrlərdən bəri formalaşan geosiyasi əhəmiyyətini nəzərə alaraq, bu tədqiqatın məqsədi bölgənin strateji rolunu daha dərindən təhlil etmək, gələcəkdə yarana biləcək gərginliklərin səbəb-nəticə əlaqələrini daha yaxşı anlamaq və regionda mövcud olan vəziyyəti daha dolğun şəkildə təsvir etməkdir. Bu yazıda sizlər ümumi olaraq, Kalininqraddın tarixi, Rusiya və Avropa İttifaqı arasındakı münasibətlərdə strateji əhəmiyyəti, Suwałki dəhlizinin önəmi və Kalininqraddın gələcək taleyi ilə bağlı fikirlər haqqında məlumatlanacaq, eyni zamanda bölgənin geosiyası əhəmiyyəti barədə daha geniş düşünəcəksiniz.
Kalininqraddın tarixi
Kalininqrad, keçmiş adı ilə Koniqsberq, Baltik dənizi sahilində yerləşən, Polşa və Litva ilə sərhəddə qərarlaşan rus eksklavıdır.(6) Müəlliflər Kalininqradı həm “eksklav”, həm də “anklav” elementlərini özündə birləşdirən “ikili sərhəd bölgəsi” (double borderland) adlandırırlar. Onların fikrincə, vilayət coğrafi baxımdan Rusiyanın eksklavıdır, eyni zamanda Avropa Birliyinin əhatəsində yerləşdiyi üçün müəyyən anklav xüsusiyyətləri daşıyır. Bu status regionu sadəcə coğrafi deyil, həm də siyasi, iqtisadi və təhlükəsizlik baxımından mürəkkəb bir aktora çevirir.(1) Təxmini olaraq Kalininqrad Rusiyanın ən yaxın quru sərhədinə 365 km uzaqlıqdadır.(5) Bura özünə məxsus tarixi olan qədim şəhərlərdən biridir ki, tarixin müxtəlif periodlarında ciddi çətinliklərlə üz-üzə gəlmiş və bir neçə dəfə dağıntılara məruz qalmışdır. Bu şəhər İmmanuel Kant kimi böyük filosofun, Simon Dach və Agnes Miegal kimi şairlərin bir dövrlər yaşadığı gözəl bir tarixi məkandır.(10)
Koniqsberq 1255-ci ildə Bohemiya kralı II Přemysl Otakarın məsləhəti ilə qədim german qəbiləsi olan Tevtonlar tərəfindən tikilmişdir. Müəyyən müddət bu şəhər öz əhatəsində böyümüş və inkişaf etmişdir. Əslində onun ilk yeri balıqçı şəhəri olan Steindamm yaxınlığında idi. Lakin 1263-cü ildə bura prusiyyalılar tərəfindən hücuma məruz qalmış və nəticədə böyük zərər görmüş, dağıntılar arasında qalmışdır. Bu ciddi dağıntıdan sonra şəhər indiki mövcud olduğu ərazidə yenidən qurulmuşdur. Koniqsberq onu limana çıxaran kanallarda yerdəyişmələrin olması və burda lillənmənin baş verməsi səbəbindən bəzi dövrlərdə çətinliklər yaşayan şəhərlərdən olmuşdur ki, yuxarıda da qeyd etdiyimiz kimi bir neçə dəfə dağıntılara məruz qalmış olan bu şəhər prusiyyalıların törətdiyi dağıntıdan sonra ciddi bir şəkildə zərər gördüyü müharibə məhz 1-ci Şimal Müharibəsi(1655-1660) olmuşdur. Bu müharibədə Koniqsberq şəhəri və əhalisi ciddi bir talan və dağıntılara məruz qalmış, böyük itkilərlə üzləşmişdir. Demək olar şəhər XVII əsrin sonunda isə əvvəlki formasına geri qaytarılmışdır. (2)
XIX əsrdə Avropada yeni nəqliyyat növu olan dəmir yolu sisteminin inkişaf etdirilməsi bu şəhər üçün çox uğurlu oldu. Çünki bu dövrdə Şərqi Prussiya və Rusiyada dəmir yolları açılmışdı və bu yollar vasitəsi ilə taxıl, çətənə kimi rus məhsulları üçün bazarlara çıxışın əsas nöqtələrdən biri olan Kalininqrada böyük maliyyə axını baş vermişdir. Buraya Prussiya və daha sonra Almaniya imperiyasının bu qədər önəm vermə səbəblərinin içərisində yalnız ticarət və iqtisadi fayda məsələləri ilə məhdudlaşmırdı. Eyni zamanda bura Kieldən sonra Baltik dənizində əsas dəniz bazası olan şəhər idi və buranı əldə saxlamaq Şərq sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi üçün vacib sayılırdı. (2)
1945-ci ildə SSRİ qoşunları bura hücum edən zaman şəhəri ələ keçirmişdir. Potsdam konfransının qərarları əsasında isə bu şəhər SSRİ tabeliyinə daxil olmuş və Stalin buranı məşhur sovet dövlət xadimi olmuş Mixail Kalinin şərəfinə Kalininqrad olaraq adlandırmışdır. (10) Həmçinin, bu şəhər Soyuq Müharibə (1946-1991) illərində SSRİ-in Qərbi Avropada əsas qalalarından biri kimi qiymətləndirilmişdir. Kalininqraddın stratejik önəmi, Avropa İttifaqı və NATO-nun şərqə doğru genişlənmə siyasəti ilə daha da artmışdır. (5)
Kalininqrad hal-hazırda Rusiya Federasiyasının qərb hissəsində yerləşən bir vilayətidir.
Kalininqraddın Avropa xəritəsi üzərindəki yerləşdiyi yer
Rusiya ilə Avropa İttifaqı arasındakı münasibətlərində strateji əhəmiyyəti XXI əsrdə Aİ və Rusiya arasında müəyyən dövrlərdə əməkdaşlıq istiqamətində yaxınlaşma müşahidə olunsa da, tərəflər hər zaman qarşılıqlı münasibətlərdə öz maraqlarını açıq bir formada müdafiə etmişdirlər. Son illər diplomatik münasibətlər bir kənara, tərəflər arasında demək olar əməkdaşlığa dair heç bir ünsür görünməməkdə davam edir. Sovet dövründə Kalininqrad vilayəti əsasən ağır sənaye və hərbi istehsal üzərində qurulmuşdur ki, burada hərbi texnikalar, gəmilər və sənaye məhsulları istehsal edilirdi. Lakin 1991-ci ildə Sovet İttifaqının çökməsindən sonra vilayətin iqtisadiyyatı dərin böhranla üzləşdi. Sovet dövründə mövcud olan “planlı iqtisadiyyat” sisteminin dağılması isə bu böhranın fəsadlarının daha da artmasına gətirib çıxartdı. “Planlı iqtisadiyyat” sistemi necə ki, digər post-sovet ölkələrinin müstəqilliyi qazanmasından sonra sənayesində lazımı dəstək olmadığından bir çox müəssisələrinin bağlanmasına səbəb oldu, eynisi də burada baş verdi. Rusiya vəziyyəti sabitləşdirmək üçün 1990-cı illərdə bura “xüsusi iqtisadi zona” statusu verdi. Lakin bir sıra problemlərə görə bu iqtisadi siyasət gözlənilən nəticəni vermədi6. 2000-ci illərdə Avropa İttifaqının genişlənmə siyasəti ilə vəziyyət daha da mürəkkəbləşdi. SSRİ-dən ayrılan Baltikyanı ölkələr Rusiyadan uzaqlaşaraq Avropa İttifaqı və NATO-ya üzvlük istiqamətində danışıqlar apardı və nəticədə 2004-cü ildə Latviya və Litva həm NATO-ya (11), həm də Avropa İttifaqına qəbul olunmuşdur (13). Kalininqrad vilayəti yalnız iqtisadi deyil, həm də təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır. Kalininqrad məsələsində Rusiya iki fərqli təhlükəsizlik çağırışlarıyla üz-üzədir:
- Ənənəvi çağırışlar – haqqında uzun danışacağımız hərbi təhlükəsizlik məsələləridir ki, NATO-nun genişlənmə siyasəti, Ukrayna müharibəsi ilə buranın mümkün təhlükə olaraq qalması və NATO ilə onun üz-üzə gələ biləcəyi meydanlardan biri olmasıdır.
- Qeyr-ənənəvi çağırışlar – Qeyri-qanuni malların tranzitinin mövcud olması, iqtisadi çətinliklər səbəbindən əhalinin bir hissəsinin bölgəni tərk etməsi, ictimai sağlamlıq baxımından təhlükələrin mövcud olması isə bu çağırışlara aid edilir. (6) İctimai sağlamlıqla bağlı çağırışlarda qeyd edilir ki, burada narkotik istifadəsi mövcuddur, HİV/AIDS yayılma səviyyəsi Rusiyanın digər şəhərlərindən daha yuxarı səviyyədədir. (4)
Bölgədəki dayanıqsız təhlükəsizlik vəziyyəti bəzi hallarda 1962-ci ildə Kubada SSRİ nüvə silahlarının yerləşdirilməsi nəticəsində yaranan böhranın bir növ təkrarı kimi qiymətləndirilir. Rusiya hesab edir ki, Avropa İttifaqı, xüsusilə NATO, artıq kifayət qədər genişlənmə siyasəti həyata keçirib və bu, regiondakı vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib. Yeni geosiyasi reallıqlar Kalininqradın müdafiəsini ciddi şəkildə çətinləşdirir ki, əgər Moskva, Prezident Kennedinin Sovet raketlərinə Kubada göstərdiyi qətiyyətlə Kalininqradın NATO tərəfindən əhatələnməsinə cavab verərsə, bunun nəticələri yumşaq formada, yəni Aİ/NATO–Rusiya münasibətlərində gərginliyin artması, həm də daha dramatik halda silahlı münaqişənin yaranmasına səbəb ola bilər. (4) Avropa İttifaqı və Rusiya arasındakı strateji əhəmiyyətli nöqtələrdən biri həmçinin Suwałki dəhlizidir. Bu dəhliz, Aİ-nin Baltikyanı ölkələri ilə əsas əlaqə yolu olduğundan, hər hansısa müdaxilə ilə Avropa İttifaqının bu ölkələrlə əlaqəsi kəsilərsə, bu birbaşa ciddi hərbi gərginliyə və potensial böyük müharibəyə səbəb ola bilər.
Rusiya bölgədə baş verə biləcək hər hansısa təhlükəyə qarşı Zapad döyüş oyunlarından, bir növ bu simulyasiya ilə müxtəlif hərbi təlimlər həyata keçirmişdilər. Təlimlər Suwałki dəhlizinə qarşı ola biləcək hər hansısa NATO təhlükəsinə qarşı daha adekvativ tədbirlər görmək məqsədi ilə keçirilən hərbi simulyasiyadır ki, yalnız bu koridoru qorumaq məqsəd deyil, eyni zamanda NATO-ya nələr edə biləcəyini göstərməkdir. (4) 1999, 2003, 2009, 2013-cü illərdə və digər dövrlərdə eyni hərbi simulyasiyaları həyata keçirən Rusiya, 2014-cü ildə Krımı ilhaq etməklə gücünü nümayiş etdirmiş və bundan sonra bu tip simulyasiyalara qarşı olan fikirlər əvvəlki dövrdən daha ciddi qəbul edilməyə başlanmışdır. Xüsusilə, 2014-cü ildə Sergey Lavrovun Moldova və Baltikyanı ölkələrə xəbərdarlıq edərək “Ukraynadakı hadisələri diqqətlə analiz edib nəticə çıxarmalı olduqlarını” deməsi (8), Avropa İttifaqı və Rusiya arasında gələcəkdə baş tutacaq daha böyük proseslərin başlanğıc hissələrindən biri kimi qiymətləndirmək olar. 2017-ci ildə Rusiyanın Belarusla bir yerdə həyata keçirdiyi daha bir Zapad döyüş oyunu ilə bağlı Latviyanın o zamankı prezidenti Raimonds Veyonis belə qeyd etmişdi: “biz hədə-qorxuya tab gətirməməliyik, bu cəhdlərin məqsədi Baltikyanı ölkərini daha güvənsiz hiss etdirməkdir” deyə bildirmişdi. (12) Zapad-2021 təlimləri boyunca da eyni zamanda ruslar yenə müxtəlif hərbi simulyasiyalar icra edərək, baş verə biləcək hər hansısa real təhlükəyə qarşı nələr edə biləcəklərini nümayiş etdirdilər. (5) Bir il sonra isə Rusiya, Avropa İttifaqı ilə birbaşa olmasa da, ciddi qarşıdurmaya səbəb olacaq Ukrayna müharibəsinə başlayaraq, üç ildən çox davam edəcək və onu həm strateji bataqlığa sürükləyən, həm də yüzlərlə sanksiya ilə qarşı-qarşıya qoyacaq olan bir dövrə qədəm qoydu. Bu müharibənin başlaması ilə Kalininqrad daha da arada sıxışıb qalmış, Rusiya ilə Avropa arasında gələcək eskalasiya riskinin ola biləcəyi bölgəyə çevrilmişdir.
Suwałki dəhlizi NATO-nun zəif nöqtəsidir?
Suwałki dəhlizi Polşa-Litva sərhədi boyunca uzanan 110 kmlik dar bir dəhlizdir ki, Avropanın strateji cəhətdən ən həssas bölgələrindən biri kimi qiymətləndirilir. Bu mühüm dəhliz Kalininqradı Belarusla birləşdirir. Belə hesab edilir ki, əgər bu dəhlizdə tam nəzarət Rusiyanın əlinə keçərsə, Baltikyanı ölkələr üçün gözləmədikləri nəticələr yarada bilər. Ən əsas və Avropa üçün qəbuledilməz olan bir nəticə o ola bilər ki, buranın NATO ilə olan quru əlaqəsi kəsilə bilər və bu, Avropa təhlükəsizliyi üçün böyük risk yaradar. (15) Bu termin ilk dəfə Estoniyanın sabiq prezidenti Toomas Hendrik llves tərəfindən 2015-ci ilin aprel ayında Kadriorgda Almaniyanın müdafiə naziri ilə görüş zamanı Baltikyanı ölkələrin hərbi zəifliyini təsvir etmək üçün “Suwalki boşluğu” ifadəsini istifadə etmişdir. (16) Bu məsələyə rasional yanaşsaq, NATO üçün bura nə qədər önəmlidirsə, bir o qədər Rusiya üçün önəmlidir. Çünki, Rusiya Belarus üzərindən bu dəhliz vasitəsiylə Kalininqradla olan quru əlaqələrini qoruyub saxlayır və buraya qarşı hər hansısa müdaxilə birbaşa olaraq Rusiyanın sərt cavabı ilə nəticələnə bilər. Baxmayaraq ki, bu vilayət Rusiya ilə quru əlaqəsi yoxdur və 15 min kvadratlık bir əraziyə malikdir, Rusiya dövləti heç bir formada, heç bir əsasla bu əraziyə qarşı təhlükəyə səssiz qalmaz. Buna görə də, tərəflər bu dəhlizin öz fəaliyyətini davam etdirməsinə çalışırlar. Lakin gələcəkdəburanın potensial təhlükə olaraq qalması isə Avropa ölkələrini narahat edə bilməz.
Suwałki dəhlizi
Onlar NATO fəaliyyəti əsasında gələcəkdə baş verə biləcək hər hansısa ssenariyə hazırlığlarını davam etdirirlər.
NATO-nun və NATO ölkələrinin atdığı addımlar isə belədir: Əvvəla, NATO bu dəhlizlə sərhədi olan üzv ölkələrinə, yəni Polşa və Litvaya əlavə qüvvələr yerləşdirib, Almaniya ordusunda yeni islahatlar aparır, Polşa isə Saab 340 Erieye AEW&C sistemi kimi qabaqcıl həllər ilə hava hücumundan müdafiə sistemini təkmilləşdirib. NATO üçün infrastrukturu və logistikanı təkmilləşdirərək dəmir yolları və hava nəqliyyatı vasitəsilə öz qoşunlarının sürətlə gücləndirilməsi əsas prioritet olaraq qalır. İnfrastrukturun təkmilləşdirilməsi isə Rusiyanın sürətli yerləşdirmə imkanlarına qarşı çıxmaq üçün gərəkli cavabın vaxtında verilməsinin zəruri olduğu bildirilir. Çox mübahisəli olsa da, bəzi ekspertlər Kalininqradda olan hərbi infrastrukturlara zərbələr endirməyi təklif ediblər. Amma bu təklif özü- özlüyündə tam miqyaslı eskalasiya riski yarada bilər. (15)
Bura hələ də Avropa gündəmində təhlükəli olaraq qalmaqda davam edir və bu təhlükənin nəticəsi kimi bir gün geniş miqyaslı gərginliyə səbəb ola biləcəyi gözlənilir. Ukrayna ilə müharibədə artıq 3 ildən çoxdur ki, ciddi itkilərə məruz qalan Rusiya Federasiyası böyük ehtimalla bu cür itkilərdən sonra Avropanı, xüsusilə NATO-nu qarşısına almaq istəməz.
Kalininqraddın gələcək taleyi necə olacaq?
Bir çox şəxs buranı Rusiyanın zəif nöqtəsi hesab etsə də, Kalininqradın Rusiya üçün Baltiklərdə əsas geosiyası nöqtə olduğu reallığı da qəbul edilməkdədir. Buranın gələcək taleyi barədə müxtəlif fikirlər mövcuddur, lakin əsas fikir olaraq bir çox müəlliflər buranın taleyinin Moskvada olduğunu və Moskvanın ya keçmişdəki kimi hərbiləşdirmə siyasətinə uyğun davranıb burdakı vəziyyəti öz xeyirinə sabit saxlayacağına, ya da Avropa ilə əməkdaşlıq edərək burada inteqrasiyanı daha da gücləndirəcəyinə inanır. Əslində, eksklav bölgə olaraq Kalininqrad Ukrayna-Rusiya müharibəsindən xeyli əziyyət çəkir. Xüsusilə, Rusiyaya qarşı olan sanksiyalar, Rusiya ilə hər hansısa quru sərhədinin olmaması və adı çəkilməyən digər problemlər hələ də Rusiya üçün bura “problemli region” olaraq qalmaqdadır. Gələcək ssenarilər baxımından 3 məsələ üzərində dayanılır: 1) Avropa ilə əməkdaşlıq ssenarisidir ki, Rusiya Avropa ilə əməkdaşlığı yenidən bərpa edir, burada iqtisadi inteqrasiya artır və bölgə daha açıq bir beynəlxalq mərkəzə çevrilir. Kaliningrad bir növ əvvəllər üzərində düşünülmüş “Baltik dənizinin Honk-Konqu” modelinə çevrilir. Honk- Konq modeli: Kalininqrad bölgəsində bir növ “Baltik Dənizindəki Honk-Konq” modeli qurmaq aspiriyası, yəni yüksək iqtisadi sərbəstlik və regional inteqrasiya kimi təşəbbüslər səsləndirilsə də, reallıqda bu ideya uğurla həyata keçmədi və gözlənilən nəticəni vermədi. (3)
- Militarizasiya və izolasiya ssenarisində isə Moskova burada daha da hərbiləşdirmə siyasəti aparır və izolasiya olan, regiondan kənarda qalan bu vilayəti daha da izolasiyaya məruz qoyur.
- Hibrid ssenaridə isə həm hərbi siyasət, həm də iqtisadi əməkdaşlıq bir yerdə mövcud olub, qarşılıqlı formada davam edəcəkdir. (7)
Ukrayna müharibəsi səbəbi ilə Rusiyanın Litva üzərindən Kalininqradda daşınma həyata keçirilməsinə qarşı əngəllər olduğundan Rusiyanın beynəlxalq sulardan istifadə edərək daşınma həyata keçirildiyi bildirilir. İsveç və Finlandiyanın NATO-a qoşulması müqabilində Kalininqradda nüvə silahlarını yerləşdirəcəyini bildirən rusların, burada nüvə başlıqla silahlarla test atışlarının həyata keçirtdiyi bildirilirdi. Bu məsələ ilə bağlı 2024-cü ildə Polşa prezidentinin əraziyə nüvə silahının yerləşdirilməsi ilə bağlı bir iddiası olmuşdu, lakin Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa isə bu iddiaların əsassız olduğunu qeyd etmişdi. (17) 1 il sonra isə “The Kyiv Indepented” bu məsələ ilə əlaqəli bu cür qeyd etmişdir: Kalininqradda şübhəli nüvə anbarı əhəmiyyətli dərəcədə yenidən qurulur. 2025-ci ilin may ayında çəkilmiş peyk şəkillərində üç qatlı hasarın, yeni binaların və qabaqcıl kommunikasiya avadanlıqlarının əlavə edildiyini göstərir. Bununla bağlı Polşanın xarici işlər naziri Radoslav Sikorski də daha əvvəl bildirmişdi ki, ərazidə 100-ə qədər taktiki nüvə başlığı saxlanıla bilər. (14) Beləliklə, gedişat onu göstərir ki, yuxarıda qeyd edilən ikinci və ya üçüncü ssenarilər gələcək inkişaf perspektivləri baxımından daha real və praktik görünür, nəinki birinci ssenari, çünki mövcud geosiyasi tendensiyalar və regional münasibətlər bu ehtimalları daha güclü şəkildə dəstəkləyir.
Nəticə
Yuxarıda sadalanan faktorlar əsasında bu tədqiqatda belə qənaətə gəlmək olar ki, Kalininqradın geosiyasi əhəmiyyəti xüsusilə İkinci Dünya Müharibəsindən sonra, 1946-cı ildə başlayan Soyuq Müharibə dövründən etibarən nəzərəçarpacaq dərəcədə artmışdır. Bu mərhələdə SSRİ bölgədə hərbiləşdirmə siyasətini gücləndirmiş, silahlı qüvvələrin sayını artırmış və strateji əhəmiyyətli güclü hərbi infrastruktur formalaşdırmışdı. Qərbi Avropa ilə SSRİ arasındakı qarşıdurmanın ön cəbhələrindən birinə çevrilən Kalininqrad, bu səbəbdən Moskvanın Baltikdəki ən mühüm dayaq nöqtəsinə çevrildi. SSRİ-nin süqutundan sonra yeni müstəqil dövlətlərin Avropa İttifaqı və NATO ilə yaxınlaşması, xüsusilə Polşa və Litvanın bu qurumlara üzv olması nəticəsində Kalininqrad Rusiya Federasiyası üçün əhatələnmiş və təcrid olunmuş bir eksklav statusu qazandı. Bu vəziyyət bölgənin həm geosiyasi, həm də hərbi-strateji əhəmiyyətini daha da artırdı.
Nəticə etibarilə, Polşa və Litvanın arasında sıxışmış bu ərazi təkcə Rusiya üçün Qərbə açılan yeganə pəncərə deyil, həm də Avropa İttifaqı üçün Baltik dənizi regionunda sabitlik və təhlükəsizlik baxımından həssas bir mərkəz rolunu oynayan bölgədir. Şimala doğru Latviya və Estoniya ilə Avropa İttifaqı arasındakı əlaqələrin təhlükəsizlik baxımından qorunmasında Kalininqradın mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Ukrayna ilə Rusiya arasında başlanan müharibə isə bu bölgənin rolunu daha da aktuallaşdıraraq beynəlxalq gündəmdə müzakirələrin intensivləşməsinə səbəb olmuşdur. 2024-cü ildə Finlandiya və İsveçin NATO üzvlüyünə qəbul edilməsi ilə Rusiyanın bu regionda geopolitik nüfuzunu itirəcəyi haqqında narahatlıqları daha da artmışdır. Beləliklə, Kalininqrad həm Rusiya üçün strateji “qalxan”, həm də Avropa üçün isə təhlükəsizlik baxımından potensial “risk nöqtəsi” kimi qlobal siyasətdə mühüm geosiyasi açar statusunu qoruyub saxlayır.
Mənbələr
- Alexander Diener, Joshua Hagen. Geopolitics of the Kaliningrad Exclave and Enclave: Russian and EU Perspectives, Eurasian Geography and Economics, 52:4, 567-592
- https://www.britannica.com/place/Kaliningrad
- Chełminiak, M. “The Significance of the Kaliningrad Region in the International Politics in the Baltic Sea Region After 1989”.
- Collins, A. (2001). “Kaliningrad and Baltic Security” (MSc Thesis)
- Elterishan Elçibey. “Rusiya Federasyonu’nun Ulusal Güvenliğinde Kaliningrad Meselesi”- Avrasya İncelemeleri Dergisi.
- Horris, J. “Kaliningrad and Its Effect on EU-Russian Relations”.
- Laurinavičius, Č. (2002). “The Euro-Atlantic Integration and the Future of Kaliningrad Oblast”.
- James Sheer. “The Baltic States In Russian Military Strategy” - The Riga Conference Papers (2017). 158-168
- https://www.cpreview.org/articles/2019/12/kaliningrads-role-in-the-balance-of- european-power
- https://www.theguardian.com/world/2022/jun/21/why-is-kaliningrad-row- russia-lithuania
- https://www.nato.int/cps/en/natohq/topics_52044.htm
- https://www.bbc.com/news/world-europe-41265414
- https://european-union.europa.eu/principles-countries-history/eu- countries_en
- https://kyivindependent.com/satellite-images-show-expansion-at-5- russian-nuclear-sites-near-europe/
- https://www.grosswald.org/the-suwalki-gap-and-kaliningrad-natos- breaking-point/
- https://diplomaatia.ee/ilvese-sonaus-ja-suwalki-avaus/
- https://iz.ru/1686385/2024-04-23/v-gd-nazvali-lozhiu-slova-dudy-o- razmeshchenii-rf-iadernogo-oruzhiia-pod-kaliningradom
Qeyd: Bu məqalə Politicon yazı müsabiqəsi çərçivəsində hazırlanmışdır.
- ETİKETLƏR :