Politicon.co

Çindəki qazaxlar: Nifaq toxumu, yoxsa dostluq körpüsü?

Çindəki qazaxlar: Nifaq toxumu, yoxsa dostluq körpüsü?

Sayragül Sauytbay məhkəmə işi Qərbi Çindəki qazaxların vəziyyəti ilə bağlı bəzi sualları yenidən gündəmə gətirdi və son hadisələr fonunda böyüyən Çin-Qazaxıstan iqtisadi tərəfdaşlığı baxımından qiymətləndirdi. Qazaxıstanlı siyasi ekspert Aydar Amrebayev bu mövzuda fikirlərini Rusif Hüseynov ilə bölüşür.

 

Hüseynov: Çin və Qazaxıstan möhkəm və dinamik iqtisadi münasibətlərə malikdir. Qazaxıstan “Bir Kəmər, Bir Yol” təşəbbüsünün vacib nöqtələrindən biridir. Ölkənin Yeni İpək Yolu layihəsindəki əhəmiyyətini nəzərə alsaq, ekstradisiya məsələsi ilə bağlı Qazaxıstan necə hərəkət etməlidir? 

Amrebayev: Həqiqətən də iki ölkənin iqtisadi əlaqələri dinamizm və yüksək səmərəlilik ilə xarakterizə olunur. Qazaxıstan İpək Yolunun kontinental dəhlizinin qərb istiqamətində Çin üçün əsas tərəfdaşdır. Bu sentyabr Si Tsinpin tərəfindən Qazaxıstanın Astana şəhərində “Kəmər və Yol” adlanan təşəbbüsün tarixi elanın beşinci ildönümüdür. 

Bu təşəbbüs Çin və tərəfdaşları üçün qlobal, regional və milli səviyyədə müxtəlif mənalara malikdir. İlk baxışda, “Bir Kəmər, Bir Yol” qloballaşmanın Çin modelinin təzahürü, Səma İmperiyasının dünya iqtisadiyyatının aparıcı qüvvəsi kimi bərqərar olması, “bəşəriyyətin vahid taleyə malik icması”nın yaradılmasıdır. Regional miqyasda “Bir Kəmər, Bir Yol” Asiyada regional infrastrukturun modernləşdirilməsi, nəqliyyat dəhlizlərinin yenilənməsi və yenilərinin inşa edilməsi, köhnə və yeni bazarların bir-biri ilə əlaqələndirilməsi planıdır. Milli perspektivdən baxdıqda isə, bu layihə Çinin qərb ərazilərinin müasirləşdirilməsi, daxili iqtisadiyyatın inkişafı və inkişaf etməmiş regionların əsas inkişaf etmiş bölgələrə inteqrasiya edilməsini nəzərdə tutur. 

Qazaxıstan üçün Çin, demək olar ki, əsas iqtisadi tərəfdaşdır və xüsusən də Qərbin sanksiyaları və Rusiya iqtisadiyyatının çətin vəziyyəti fonunda modernləşmə və inkişaf mühərrikidir. Çinin cəlb dici və spesifik investisiya, sənaye və ticarət planları və əməkdaşlıq proqramları mövcuddur.

Bu baxımdan düşünürəm ki, Çen Süanqonun (milli azlıqlara münasibətdə istifadə etdiyi repressiya üsullarına görə Dəmir Çen olaraq tanınan, Kommunist Partiyasının Tibetdəki keçmiş rəhbəri)  2016-cı ildə partiyanın Sincan üzrə yeni lideri kimi bölgəyə gəlişindən sonra Çindəki qazax icması ilə bağlı yaranan narahatlıq belə ölkələr arasında dinamik iqtisadi əlaqələrin inkişafına mane ola bilməz.

Buna baxmayaraq, münasibətlərin humanitar aspekti böhran olmasa da, ciddi sınaq keçirir. Sincanda Komunist Partiyasının 19-cu Konqresinin keçirilməsi ərəfəsində regiondakı müsəlman əhali, xüsusilə uyğurlara qarşı indiyə qədər görülməmiş təhlükəsizlik tədbirləri görüldü. Uyğurların hakimiyyətə şiddətli müqaviməti, terror aktları ilə bağlı əvvəlki hadisələr yerli hakimiyyətin bölgə əhalisinin bu hissəsinin mərkəzi hökumətə olan sədaqətini sorğulamağa sövq etdi. Sincan-Uyğur Muxtar Vilayətinin rəhbərliyinin təşəbbüsü ilə hakimiyyətə sədaqətsizlikdə şübhəli bilinən insanların saxlanması üçün  xüsusi yenidən təhsil düşərgələri quruldu. Bu tədbirlər Sincanda yaşayan qazax əhaliyə də təsir etdi. Bundan başqa, bəzi insanların ikili vətəndaşlığı ilə bağlı insidentlər də baş verdi. Çindən gələn bir neçə yüz etnik qazax Qazaxıstan vətəndaşlığı alsa da, Çin vətəndaşlığından imtina etmədi. Bu isə onlara qarşı iddia qaldırmaq və ailələrinin qalan üzvlərinin xaricə getmələrinin qarşısını almaq üçün əsas oldu. 

Çin Xalq Respublikasının vətəndaşı olan Sayragül Sauytbayın vəziyyəti də bu seriyadandır. Ailəsinə qovuşmaq məqsədi ilə qeyri-qanuni olaraq sərhədi keçərək Qazaxıstana pənah gətirmiş Sayragül burada 6 ay müddətinə həbsə məhkum edilmişdir. Çin tərəfi isə Çin vətəndaşı olan Sayragul Sauytbayın  Qazaxıstandan ekstradisiyasında təkid edir. Sauytbay məsələsi və bununla bağlı Çində baş verən hadisələr (onun yaxınlarının tutularaq yenidən təhsil düşərgələrinə sürgün edilməsi) Qazaxıstanda yeni sinofobiya dalğasına səbəb oldu. Qazaxıstan məhkəməsinin Sayragül Sauytbayla bağlı verdiyi “yumşaq hökm” qazaxlar tərəfindən Sincanın qazax əhalisinin hüquqlarının qorunması baxımından qələbə kimi qiymətləndirilmişdi. 

Qazaxıstan məhkəməsinin qərarı isə sadəcə problemin bir hissəsidir. İndi növbə Çin tərəfinindir. Çinlilər Sayragül Sauytbayı ÇXR sərhədini qanunsuz keçməkdə, Çin dövlət sirlərini yaymaqda ittiham edə və müvafiq beynəlxalq müqavilələr əsasında onun təhvil verilməsini tələb edə bilərlər. 

Vəziyyətin həssas olduğunu və Çin üçün əhəmiyyətli bir ölkədə sinofobiyanın böyüməsinin dağıdıcı təsirini nəzərə alaraq, Çin tərəfi, Qazaxıstan kimi, vəziyyətin tez bir zamanda həllində maraqlıdır. Sincandakı qazax əhalisi arasında vətəndaşlıq dəyişikliyinin həll olunmamış qalması buradakı mövcud olan çətin vəziyyəti daha da qəlizləşdirə bilər; “Bir Kəmər, Bir Yol” layihəsi kimi iddialı layihənin tətbiqi ilə məşğul olan Çin liderliyi isə bunda maraqlı deyil.

Artıq hər iki tərəf problemlərin həlli üçün bütün səylərini göstərir. İki ölkənin xarici işlər nazirlikləri bu işlə məşğuldur. Müvafiq komissiya yaradılmış, rəsmi nümayəndə heyətləri mübadiləsi aparılmış, mütəxəssislər cəlb edilmiş, problemin kompromis həlli axtarılır. İnanıram ki, asan olmasa da, qarşılıqlı qəbul edilən həll yolu tapılacaq...

Çində azlıqların, xüsusən də uyğurların vəziyyətinə dair bir çox xəbər yayılır. Sincanda sayı təqribən 1,5 milyon nəfər olan böyük qazax icması da mövcuddur. Biz onların durumu barəsində nə bilirik? Uyğurlara olduğu kimi qazaxlara qarşı da sistemli təzyiqlər və insan haqları pozuntuları varmı? 

Yuxarıda qeyd etdiyim kimi, Sincan olduqca mürəkkəb regiondur və burada yaşayan müxtəlif etnik qruplar arasındakı münasibətlərin uyğunlaşdırılması üçün siyasi qərarlarda xüsusi bir alqoritm tələb olunur. Milli azlıqların vahid Çin millətinə inteqrasiya olunması çox çətin və ağrılı bir prosesdir; burada ehtiyatlı fəaliyyətə və etnik azlıqların kimliklərinə və maraqlarına hörmət edilməsinə ehtiyac var. Ayrı-ayrı faktlara görə, həddindən artıq və əsassız inzibati təzyiqlər var. Yerli məmurlar islam radikalizmi və uyğur separatizm spekulyasiyası əsasında rəğbət görməyən tədbirlərə tez-tez əl atırlar. Bu vəziyyət Sincan əhalisində narazılığa və müqavimətə səbəb olur və regionda qeyri-sabitliyə yol açır.

Daha geniş nəzər yetirdikdə, bu vəziyyətin  əhali və siyasi elita arasında Çinə qarşı dərin bir inamsızlığı ortaya çıxardığını düşünürsünüz? Qazaxların Rusiya və Qərblə müqayisədə şərq qonşuşuna qarşı ümumi baxışları necədir?

Qazaxıstanda sinofobiyadan danışırıqsa, bunun bir sıra tarixi kökləri olduğunu söyləməliyik. Əslində, qonşuların hər zaman mübahisə edəcəyi məsələlər olur.. Sovet dövründə özəlliklə Sovet-Çin münasibətlərinin pozulduğu dövrə Çin təhlükəsi mifi əsəs ideologiyalardan biri idi. Hal-hazırda ölkələrimiz arasında güclənən iqtisadi təmaslar şəraitində, xüsusilə də biznes layihələrində yüksək korrupsiyası ilə əlaqədar olaraq müxtəlif iqtisadi mübahisələr, fikir ayrılıqları və bəzən pozuntular yaranır. Çin əhalisinin sayı və Çində yaşayış üçün ərazinin çatışmaması ilə bağlı bir sıra stereotiplər də mövcuddur. Fikrimcə, sinofobiya qismən xarici güclər, məsələn Çinin Orta Asyada iqtisadi genişlənməsinin qarşısını almağa çalışan Rusiya tərəfindən təşviq olunur. 

Qazaxıstanda rusofobiya isə fərqli xarakterdədir. Bu, ölkənin keçmiş metropoliya ilə bağlı keçmişi və tam suverenlik arzulayan kolonial ölkə statusu qorxusundan qaynaqlanır. Rusiyanın inteqrasiya və iqtisadi layihələrinin səmərəsizliyi, oradakı böyük rus şovinizminin böyüməsi Qazaxıstanda rusofob əhval-ruhiyyəsini daha da artırır. 

Qərbə gəldikdə, bu cür düşüncə daha azdır. Qərb 1990-cı illərdən etibarən həmişə əhali arasında hüquq, mədəniyyət və inkişaf ilə assosiyasiya olunur. Bununla belə, son zamanlar ABŞ-ın dünyanın müxtəlif bölgələrində qeyri-adekvat və aqressiv davranışı ilə bağlı bəzi anti-amerikan ünsürlər də yaranmış ola bilər. Siyasi elita ABŞ-ın da dəstəklədiyi rəngli inqilabların idxalı ilə üzləşməkdən qorxmuş ola bilər...

Sauytbay işinə bir daha geri qayıdaq. Çin onun deportasiyasını tələb edir, Qazaxıstan isə ona siyasi qaçqın statusu almaq üçün beynəlxalq yardıma ümid edir. Bu ziddiyyət hansı nəticələrə səbəb ola bilər? 

Bu vəziyyətdə Qazaxıstan rəhbərliyi üçün ölkədə sabitliyi və əhali arasında Prezidentin imicini qorumaq son dərəcə vacibdir. Çin ilə münasibətlər mövzusu kütləvi şüurda çox həssass olduğundan müəyyən qeyri-sabitliyə yola aça bilər. Bu vəziyyət torpaqların əcnəbilərə icarəyə verilməsi əleyhinə mitinqlərdə də nümayiş etdirildi. Bununla əlaqədar olaraq düşünürəm ki, Qazaxıstan məhkəməsinin Sauytbay işini Qazaxıstan ərazisində davam etdirilməsi və ekstradisiya təklifinin rədd edilməsi ilə bağlı qərarı Çin tərəfinin istəklərinə baxmayaraq ölkədə yaranan siyasi reallığa kifayət qədər uyğundur. 

Xanım Sauytbaya qaçqın statusu və sonra Qazaxıstan vətəndaşlığını verilməsinə gəlincə, bu prosesin hansı yolla inkişaf edəcəyini gələcək göstərəcəkdir...

Çin hakimiyyətinin təkcə bu işlə əlaqədar deyil, həm də ÇXR-dəki qazax icmasının ümumi vəziyyəti ilə bağlı mövqeyi ikitərəfli əlaqələrin inkişafı üçün vacib olacaq... Sincan regionundakı qazax əhalinin ölkələr arasındakı münasibətlərdə nifaq toxumu, yoxsa qızıl körpü olacağını isə zaman göstərəcəkdir. 

Ölkələrimiz bir çox bağlara malikdir, bunların əsasında isə iqtisadi maraqlar dayanır...


DİGƏR YAZILAR