Politicon.co

Erməni-azərbaycanlı münaqişəsinin tarixi: 1905-1906-cı il hadisələri (2-ci hissə)

Erməni-azərbaycanlı münaqişəsinin tarixi: 1905-1906-cı il hadisələri (2-ci hissə)

Məqalənin birinci hissəsini oxumaq üçün bu linkə keçid edin.

Münaqişənin səbəbləri

Erməni-azərbaycanlı münaqişəsinin səbəbləri özündə dini, iqtisadi və siyasi məsələləri ehtiva edirdi. Ermənilər və azərbaycanlılar arasındakı dini münaqişənin tarixi 1844-cü il hadisələri ilə bağlıdır. 1844-cü ildə Şuşanın Təbrizli məhəlləsində keçirilən Aşura mərasimi zamanı köçürülən ermənilərin müsəlmanları təhqir etməsi əhalinin narazılığına səbəb oldu. Bu hadisə ilə əlaqədar ermənilər və müsəlman arasında 3 gün davam edən münaqişə nəticəsində hər iki tərəfdən xeyli insan qətlə yetirildi (Kolonial'naya politika rossiyskogo tsarizma v Azerbaydzhane v 20-60-kh gg. XIX v, 1937: 26-27).

Erməni və azərbaycanlılar arasında digər səbəbi iqtisadi rəqabətlə bağlı idi. 1870-ci illərdə çar hökuməti tərəfindən hər cür hüquq və imtiyazla təmin olunan erməni burjuaziyası iqtisadi rəqabətdə azərbaycanlı burjuaziyanı üstələyirdi. Məsələn, 1872-ci ildə neftli torpaqların satışı üçün keçirilən auksiyonda azərbaycanlı investorlarının gəliri 5 faiz olduğu halda, erməni investorlarının payı 10 dəfə çox idi.  Ümumilikdə isə 167 neft müəssisəsindən 49-u azərbaycanlı burjuaziyanın, 55-i isə erməni burjuaziyanın əlində idi. Bununla yanaşı 1900-cü ildə Bakı quberniyasında fəaliyyət göstərən 115 sənaye şirkətindən 29-u ermənilərin, 18-i isə azərbaycanlıların əlində idi. Erməni burjuaziyanın iqtisadi sahədə əldə etdiyi bu üstünlük azərbaycanlı burjuaziyanın müflisləşməsinə gətirib çıxarırdı (Swietochowski, 1988: 67).  

Münaqişənin digər səbəbi siyasi səbəblərlə, xüsusilə ermənilərin Qafqazda azərbaycanlıların sayca çox olduğu ərazilər hesabına özlərinə ayrıca dövlət yaratmaq istəkləri ilə bağlı idi. Nəzərə almaq lazımdır ki, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan və erməni milli hərəkatlarının formalaşması prosesi gedirdi. Bu proseslərin gedişində erməni milli hərəkatının Cənubi Qafqazın azərbaycanlılar yaşayan əraziləri hesabına özlərinə ayrıca dövlət yaratmaq planları hər iki xalq arasındakı münaqişəni daha barışmaz şəklə salmışdı.

Münaqişənin səbəblərindən biri də azərbaycanlı əhalinin Məmməd Səid Ordubadinin haqlı olaraq qeyd etdiyi kimi elmsizliyi və siyasətdən məlumatsız olmaları ilə bağlı idi. Məhz müsəlman əhalinin elmsiz və hərbi baxımdan zəif olması münaqişənin daha da geniş hal almasına şərait yaratmışdı.

Münaqişənin sonuncu və əsas səbəblərindən biri də çar hökumətinin kolonizasiya və “parçala və hökmranlıq et” siyasəti ilə bağlı idi. 1881-ci ildə III Aleksandrın hakimiyyətə gəlməsinə qədər çar hökumətinin ermənilərə və azərbaycanlılara qarşı yeritdiyi ikili siyasət, III Aleksandrın ermənifob siyasəti bu hadisələrin ilkin qığılcımlarının formalaşmasına şərait yaradırdı. Xüsusilə 1896-cı ildə Qafqazın baş canişini təyin edilən knyaz Qolitsının müsəlmanların rəğbətini qazanmaq üçün erməniləri mülki xidmət sahələrindən uzaqlaşdıraraq yerinə müsəlmanları təyin etməsi, şəhər parlamentində müsəlman deputatların sayını artırması və azərbaycanlı ziyalıların Daşnaksütyunun çar hökumətinə qarşı ittifaq çağırışlarına cavab verməməsi Daşnaksütyunun əsas zərbə istiqamətlərinin çar hökumətindən azərbaycanlı əhaliyə qarşı yönəlməsinə şərait yaratdı. Daşnaklar azərbaycanlı deputatların çar hökumətini dəstəkləməyə davam edəcəyi təqdirdə azərbaycanlı əhalinin yaşadığı kvartallara hücum edəcəkləri ilə hədələyirdilər (Baberovski, 2021:62)


Münaqişənin başlanması

Erməni-azərbaycanlı toqquşmaların ilk qığılcımı elə Bakıdan başlandı. 1905-ci il fevralın 6-da nüfuzlu və varlı azərbaycanlı Ağarza Babayev erməni kilsəsi yaxınlığında bir qrup daşnak tərəfindən qətlə yetirildi (Qafqazda “erməni məsələsi”, 2010: 451). Elə həmin gün azərbaycanlı əhalinin erməni məhəllələrinə hücum etməsi ilə beş günlük qırğınlar başlandı. Fevralın 6-dan 11-nə qədər davam edən erməni-azərbaycanlı qırğınları nəticəsində Bakı quberniyasında Britaniyanın Bakıdakı konsulu Patrik Stivensin verdiyi məlumata görə, 900 erməni və 700 müsəlman həyatını itirdi (McCarthy, 1995: 123).  Lakin Polis İdarəsinin rəisi Lopuxinin sözlərinə görə 135 erməni öldürüldü, 100-dən çoxu isə yaralandı. Azərbaaycanlılardan 250 nəfər yaralandı. Ümumilikdə münaqişə zamanı hər iki tərəfdən 500-ə yaxın insan həyatını itirdi. Fevral qırğınları nəticəsində rus fəhlələrinin Bakıdan kütləvi köçü başlandı. 1905-ci ilin avqustunda Bakıda erməni və azərbaycanlı əhali arasında toqquşmalar yenidən alovlandı. Toqquşmalar zamanı texniki qurğu və neft-qazma qüllələrinin də çoxusu məhv edildi. Avqust hadisələrinin ardınca oktyabrın 17-dən başlayaraq 1906-cı ilə qədər davam edən toqquşmalar ciddi sayda insan itkiləri ilə müşahidə olunurdu.

1905-ci il fevralın 5-dən 11-nə qədər davam edən Bakı talanları baş verdikdən 10 gün sonra İrəvanda da ermənilər və azərbaycanlılar arasında etnik münaqişə başladı. Bakı hadisələrindən 10 gün sonra İrəvan şəhərində ilk əvvəl tək-tək, daha sonra, 20-21 fevral ümumi küçə iğtişaşlarına keçən hər iki tərəfin qətliamı ilə təzahür edən milli zəmində ədavət baş qaldırdı. Qırğınlar nəticəsində ermənilər 358 nəfər azərbaycanlını, azərbaycanlılar isə 290 nəfər ermənini qətlə yetirmişdilər (Qafqazda “erməni məsələsi”, 2010: 610). İrəvan quberniyasının tərkibində olan Naxçıvan uyezdində isə hər iki tərəfdən ölənlərin ümumi sayı 239 nəfər idi. Ümumilikdə 1905-1906-cı il erməni-azərbaycanlı toqquşmaları zamanı Şuşada 12, Cavanşir bölgəsində 15, Cəbrayılda 5, Zəngəzurda 43 olmaqla cəmi 75 müsəlman türk kəndi yandırılıb dağıdıldı (Zavaryan, 1907: 87).

Bakı şəhərində olduğu kimi Yelizavetpol (Gəncə) quberniyasında da hadisələr 1905-ci il noyabrın 18-də ermənilərin azərbaycanlılara hücumu ilə başlamışdı. Noyabrın 18-dən 23-nə qədər davam edən Yelizavetpol qırğınları zamanı 4 azərbaycanlı öldürülmüş, 5 azərbaycanlı, 1 rus və 1 gürcü də yaralanmışdı. Ümumilikdə 1905-ci ilin noyabrın 18-dən 1906-cı il yanvarına qədər davam edən Yelizavetpol qırğınları nəticəsində həm azərbaycanlı, həm də erməni əhali arasında xeyli sayda itki oldu və hər iki tərəfin yaşayış yerləri viran qaldı. Yelizavetpol dairə məhkəməsinin Tiflis Məhkəmə palatası prokroruna 1906-cı il yanvarın 5-də verdiyi raporta görə Yelizavetpol qırğınlarında əsas hücum edən tərəf ermənilər idi (Qafqazda “erməni məsələsi”, 2010: 480-507; 510-511). Bununla yanaşı Tiflis Məhkəmə palatasının Ədliyyə nazirliyinə 1906-cı il 29 sentyabr raportuna görə Yelizavetpol quberniyasının Zəngəzur uyezdi daşnak silahlı dəstələrinin nəzarətinə keçmişdi.

1905-ci ildə başlayan erməni-azərbaycanlı toqquşmalarının qaynar nöqtələrindən biri də Şuşa uyezdi idi. Toqquşmaların yayılma arealı əsasən Şuşa və Xankəndi bölgələrini əhatə edirdi. Həmin hadisələri Xankəndi ermənisi Ohannes Apresyan xatirələrində belə qeyd edirdi: “Şuşa şəhərinin sakinləri də mənim kəndim Xankəndi kimi yarı türk və ermənilərdən ibarət idi. Qarışıqlıq vaxtı məktəbə gedə bilməmişdim, evdə oturmuşdum. Türk qulluqçularımız qaçdıqları və ya sürgün olunduqları üçün fermamızda iş dayanmışdı. Asayiş bərpa olunanda Şuşaya baxmağa getdim. Şəhərin türk məhəlləsində dağıntı qalıqlarından başqa heç nə qalmamışdı. Bütün evlər dağıdılmış və insanlar öldürülmüşdü. Xankəndindəki türk məhəlləsi də bu vəziyyətdə idi” (Hartill, 1990:19). Yelizavetpol Dairə məhkəməsi prokurorunun Tiflis Məhkəmə palatası prokuroruna 1906-cı il 25 avqust təqdimatında Şuşa şəhərində 12-23 iyulda baş verən hadisələrin ermənilərin faktiki olaraq ordu hissələri formalaşdıraraq azərbaycanlıların yaşayış məntəqələrinə doğru hücuma keçdiyi qeyd olunurdu. Atışmalar ermənilər tərəfindən başladılmışdı: “Doğrudan da, iyulun 21-də yenidən ermənilər tərəfindən başlanan, bir də iyulun 23-də səngiyən aatışma baş vermişdir. Bu zaman zərər çəkən tərəf tatarlar olmuşdur. Onların 104 evi yandırılmış, 31 adam qətlə yetirilmiş və bir o qədər adam yaralanmışdır. Ermənilərdən 28 nəfər adam yaralanmış, öldürülənlərin sayı hələlik məlum deyil”. Britaniyalı yazıçı və jurnalist Luici Villari Şuşa qırğınları zamanı ölən və yaralananların sayının 300 nəfərə çatdığını qeyd edirdi.


Azərbaycan milli hərəkatının hadisələrə reaksiyası

Daşnak silahlı dəstələrinin zərbə istiqamətinin azərbaycanlı əhaliyə qarşı yönəlməsi azərbaycanlı müsəlman əhalinin birliyinin təmin olunmasında katalizator rolunu oynadı. Erməni-azərbaycanlı toqquşmaları ilk olaraq müsəlmanlar arasında mövcud bütün məzhəb, siyasi və yerli maneələri aradan qaldırdı. Bununla yanaşı Daşnaksütyun partiyasının güclü silahlı təşkilata çevrilməsi azərbaycanlı ictimai-siyasi xadimlər arasında siyasi təşkilatın yaradılmasını zəruri hala gətirmişdi. Belə təşkilatlardan biri də 1905-ci ilin payızında Gəncədə qurulan Difai təşkilatı idi. Təşkilat Şəfi bəy Rüstəmbəyov, Nəsib bəy Usubbəyov, İsmayıl xan Ziyadxanov, Həsən Ağazadə, Ələkbər və Xəlil Xasməmmədov tərəfindən qurulmuşdu. Əhməd bəy Ağayev isə Difai təşkilatına sonradan qoşulmuşdu (Swietochowski, 1988: 72).  Difainin qurulması ilə Gəncə Azərbaycan milli hərəkatının mərkəzinə çevrildi. Bununla belə Azərbaycan milli hərəkatı ilk vaxtlar milli amallar deyil, dini identiklik üzərində formalaşdığından təşkilatda müsəlman həmrəyliyi və birliyi ideyası üstünlük təşkil edirdi. Bunun səbəbi erməni milli hərəkatından fərqli olaraq Azərbaycan milli hərəkatının qeyri-mütəşəkkil vəziyyətdə olması ilə bağlı idi.

Rusiya tədqiqatçısı İsxakov müsəlman ziyalıların yaratdığı “Difai” təşkilatının liberal və demokratik təşkilat olduğunu və Difainin başlıca vəzifəsinin dinc azərbaycanlı əhalini daşnakların hücumlarından qorumaq olduğunu qeyd edir. Erməni-azərbaycanlı toqquşmalarına Azərbaycan milli hərəkatından ilk reakisya verən də elə Difai təşkilatı idi. Baş verən erməni-azərbaycanlı toqquşmaları və Daşnaksütyun partiyasının azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi kütləvi qətliam siyasəti ilə əlaqədar olaraq 1906-cı ilin payızında Difainin Bakı, Yelizavetpol (Gəncə) və Tiflis quberniyalarında Azərbaycan və rus dillərində ilk bəyannaməsi dərc edildi. 1912-ci il 16 mart tarixində Qafqaz canişinliyinin arxivindən tapılmış Difai Partiyasına məxsus Bəyannamədə deyilir:

"Mütəşəkkil hərbi qüvvəyə malik, eyni zamanda, yəni silahlarla, hətta toplarla təchiz edilmiş Daşnak Partiyası, bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökumətini özünə tabe ədib ən ümdə məqsədlərinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpaqlarını işğal etməkdir. Ermənilər məqsədlərinə nail olduqdan sonra fikirləri Qafqazda erməni xalqı üçün milli, müstəqil bir dövlət yaratmaqdır. Bizim Partiyamızın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Hərgah Daşnak Partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi proqramını aşkar söylərsə, əgər bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halinə düşər. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik."

Buna baxmayaraq Difai partiyasının üzvləri milli qırğınların qarşısını almaq üçün azərbaycanlı əhaliyə də müraciət ünvanlamışdılar. Təşkilatın üzvü Əhməd bəy Ağayev Gəncə məscidində etdiyi çıxışda müsəlman və ermənilərin ruslar Qafqaza gəlmədən yüz illərlə sülh içində yaşadıqlarını qeyd edirdi. Difainin qurucularından İsmayıl xan Ziyadxanov isə baş verən münaqişə ilə bağlı Dumanın iclasında etdiyi çıxışda erməni-azərbaycanlı münasibətlərini belə şərh edirdi: Biz müsəlmanlara dedilər ki, siz ermənilərin iqtisadi köləsi oldunuz, onlar silahlanır və öz dövlətlərini qurmağı planlayırlar, bir gün sizi də məhv edəcəklər. Ermənilərə isə deyirdilər ki, pan-islamizm müsəlman əhali arasında yayılıb və bir gün müsəlman sizi məhv edəcəklər. Bu provakasiya demək idi. Bakıda hadisələr başlayan zaman, çar hökuməti kifayət qədər əsgər olmadığını, münaqişənin baş verəcəyini düşünmədiklərini bildirərək müxtəlif bəhanələr gətirməyə çalışdı. Daha sonra münaqişənin milli düşmənçiliyə çevrildiyi bildirildi. Bunu qeyd etməliyəm ki, biz müsəlmanlarla ermənilər arasında heç bir düşmənçilik yoxdur. Yaxşı qonşular kimi yaşayır və bir-birimizi sevirdik. Keçmişdə heç bir silahlı münaqişə olmamışdı.

Sülhün tərəfdarı olduğunu bildirsə də milli qırğınlar davam etdi. Çünki Difai üzvləri Daşnak partiyasının törətdiyi qətliamların cavabsız qalmayacağını bildirmişdilər. Ancaq Difainin əsas hədəfi Daşnaksütyun partiyasından daha çox çar hakimiyyət orqanları idi. Difainin əsas hədəfinin çar hökumətinin müstəmləkəçilik siyasəti olmasının təsdiqləyən bir fakt partiyanın fərdi terrorunun əsasən erməni-müsəlman münaqişəsində qızışdırıcı mövqedə dayanan çar məmurlarına qarşı yönəlməsi idi. Belə ki, 1906-1907-ci illərdə Difainin hərbi dəstələri Şuşanın keçmiş general-qubernatoru Qoloşapovu və onun dəftərxana rəisi Kleşinskini, Naxçıvan uyezdinin rəisi, podpolkovnik Engeli, Şuşa hərbi məhkəməsinin prokuroru Lunyakini, Gəncə şəhər polisinin rəisi Bannikovu, jandarm Jukovu, Tərtər polisinin rəisi Felikinski və başqa çar məmurlarına qarşı terror törədərək onları qətlə yetirmişdilər.

Difainin əsas hədəfinin çar hökumətinin müstəmləkəçilik siyasəti olduğunu təsdiqləyən digər fakt isə çar hakimiyyətinə qarşı mübarizə aparmaq üçün Daşnak partiyasına birlik və əməkdaşlıq təklif etməsi idi.  Polyak tarixçisi Tadeuş Svetoxovski qeyd edir ki, “Difai” liderləri tərəfindən qızmış kütlənin başı üzərindən uzadılan əl sadəcə olaraq Azərbaycan aydınlarının aşırı humanizmi və ya çarizmin planlarına qarşı çevrilmiş hiyləgər gediş kimi qəbul edilməməlidir. “Difai”nin atdığı bu addım Cənubi Qafqaz xalqlarının birliyi düşüncəsinin yayılmağa başlamasının təzahürü idi. Təsadüfi deyil ki, Difainin üzvləri ilə Daşnak partiyasının üzvləri arasında əlaqələr olması və hər iki təşkilatın da Gənc Türklərin daha sonra Osmanlı Ədəm-i Mərkəziyyət Cəmiyyətini quran liberal qanadı ilə işbirliyində olduğu müəyyən edilmişdi. Hətta 1907-ci ildə Difai və Daşnak partiyaları arasında Cənubi Qafqazın gələcəyi ilə bağlı uzlaşma da olmuşdu. Hər iki təşkilatın ortaq planına görə Cənubi Qafqaz  federativ Rusiya Respublikasının tərkibində muxtar bölgə olacaq və demokratik yolla idarə olunan parlament tərəfindən idarə olunacaqdı. Cənubi Qafqaz kantonlara ayrılacaq və kantonların sərhədləri bölgə xalqların ərazidəki sayına görə müəyyən ediləcəkdi. Bununla yanaşı Cənubi Qafqazın ortaq konstitusiyası qəbul ediləcək, mədəni muxtariyyət veriləcək və yerli dillər rus dili ilə eyni səviyyədə olacaqdı (Swietochowski, 1988: 73-74).  Ancaq 1907-ci ildə çar hökuməti tərəfindən Difai təşkilatının dağıdılması ilə bu plan yarımçıq qaldı.


Erməni-azərbaycanlı münaqişəsində Çar Rusiyasının rolu

1905-1907-ci illər də baş verən milli qırğınların əsas səbəbkarının çar hökuməti olduğu danılmaz faktdır. Hadisələr çar hökumətinin “parçala və hökmranlıq et” siyasəti fonunda davam edirdi. Münaqişədən əvvəl çar hökumətinin şəhər parlamentində erməni deputatların sayını azaldaraq müsəlman deputatların sayını artırması bu münaqişədə bilavasitə çar hökumətinin əlinin olduğunu sübut edir. Bu arqumenti təsdiq edən faktlardan biri də hadisələrdən bir ay əvvəl Bakı qubernatoru knyaz Nakaşidzenin 1905-ci ilin yanvar ayında müsəlmanlara silah paylaması idi (Swietochowski, 1988: 69).  Hətta qırğınların ikinci günü knyaz Nakaşidzenin şəhərdə atlı kazakların müşayiəti ilə heç nə olmamış kimi ekipajda gəzməsi də müəyyən edilmişdi (Baberovski, 2021:63). Maraqlıdır ki, Cənubi Qafqazdakı rus icmasının nümayəndələrindən biri, qatı mütləqiyyət tərəfdarı və hadisələrin canlı şahidi 1895-ci ildən Bakıda yaşamış kadet Baykov 1905-1906-cı il erməni-azərbaycanlı qırğınlarına görə bir mənalı olaraq çar hakimiyyət orqanlarının məsuliyyət daşıdığını bildirirdi: “Tam əminliklə deyə bilərəm ki, bu hadisələr rus hakimiyyət orqanları tərəfindən təşkil edilmişdi. Hökumət, zahirən özünü biruzə verməsə də iki xalq arasında mövcud olan antaqonizmdən bəhrələndi. 1905-ci ildə, Birinci rus inqilabı dövründə Bakı və ətrafı ciddi siyasi mərkəzlərdən biri idi. Və rus hökuməti bu milli qırğını törətmək və əhalini vətəndaş müharibəsi kabusu ilə qorxutmaqla yüksəlməkdə olan siyasi hərəkatın qarşısını aldı” (Baykov, 1923: 116). 20-ci əsrin əvvəllərin azərbaycanlıların mövqeyini dəstəkləyən, çar hökuməti 1905-ci ildən etibarən açıq-aşkar erməni milli hərəkatını xüsusilə Daşnaksütyunu dəstəkləməsi ilə seçilirdi. Çar hökumətinin bu mövqeyində Varantsov Daşkovun 1905-ci ildə Qafqaz canişini təyin edilməsi mühüm rol oynayırdı (Baberovski, 2021:66).

 

Qafqaz sosial-demokrat hərəkatının erməni-azərbaycanlı münaqişəsinə reaksiyası

1905-ci il erməni-azərbaycanlı toqquşmasının qarşısını almaq istəyən qüvvələr arasında 20-ci əsrin əvvəllərində Qafqazda dirçəlməkdə olan sosial-demokrat/ marksist hərəkatının nümayəndələri xüsusi yer tuturdu. Qeyd etmək lazımdır ki, Qafqaz sosial-demokrat hərəkatı baş verən qırğınların qarşısını almaq üçün cəhd edirdilər. Baş verən qırğınlara bəhs edilən dövrdə Rusiya Sosial-Demokratik Fəhlə partiyasının qolları olan Məşədi Əzizbəyov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov  və Sultan Məcid Əfəndiyev kimi marksistlərin üzv olduğu Müsəlman Sosial-Demokrat Hümmət və Stepan Şaumyan, Suren Spandaryan, Məlik Məlikyan kimi marksistlərin üzv olduğu Erməni Sosial-Demokrat və Prokofi (Alyoşa) Caparidze və Filip Maxaradze kimi marksistlərin üzv olduğu Gürcü Sosial-Demokrat partiyaları qarşı çıxış etmişdilər. Həm Hümmət, həm də Erməni Sosial-Demokrat partiyaları baş verən qırğınların səbəbkarlarını millətçi partiyalarda görür və onları çar hökuməti əlində alət olmaqda Qafqazdakı inqilabi hərəkatı parçalamaqda ittiham edirdilər. Hadisələr zamanı erməni bolşevikləri Bakıdakı müsəlman proletariyatını öz tərəflərinə çəkmək üçün erməni və azərbaycanlı proletar sinfi arasında birlik rəmzi kimi Hümmət bolşevik təşkilatı ilə birlikdə iki dildə erməni və azərbaycan (türk) dillərində “Dəvət-Qoç” qəzetini nəşr etdirdilər (Minassiyan, 1992: 64). Marksist Hümmət partiyasının üzvlərindən Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov  və başqaları “Dəvət-Qoç” da qırğınlarla bağlı məqalələr yazararaq bu qırğınlara qarşı azərbaycanlı və erməni burjua sinfinə qarşı mübarizə aparmaq üçün  azərbaycanlı və erməni əməkçi siniflərini birləşməyə çağırır və onları baş verən hadisələrin qarşısını almaq üçün birgə fəaliyyət göstərməyə çağırış edirdilər. Məhəmməd Əmin Rəsulzadə 1906-cı ildə bolşevik qəzeti “Dəvət-Qoç”-da yazdığı “Mərəzimizin Çarəsi” adlı məqaləsində 1905-ci il erməni-azərbaycanlı qırğınlarının əsas səbəbkarının çar hökuməti və azərbaycanlı-erməni burjuaziyaları olduğunu qeyd edərək yazırdı: “Bürokratlar Rusiya inqilabi-kəbirindən rəhayab' olub, xilaslıq tapmaq üçün biçarə rəiyyəti bir neçə vaxtda təhti-təzyiq və təkdirdə saxlamaq üçün olmazın hiylələr edib, hər bir ərzəl işlərə tənəzzül etdilər. İki milləti bir-biri ilə vuruşdurub, nahaq qanlar içində inqilabı qərq etmək istədilər. Lakin bundan bixəbər ki: «xuni-ərbabi-həmiyyət qərq edər zalimləri, müştəməl əfkari-əhraranə sönməz xunilə»* -betəhqiqən cümlə poqromların, qırğınların ümdə səbəbi, inqilabiyyunlar heybətindən, füqərayi-kasibə qiyamından bağrı yarılmış, başın itirmiş bürokratiyadır. Lakin bürokratiya özünün bədəfkar şeytaniyyə, bu məqhur zalimanəsinə tərvic vermək üçün bir müsaid zəmin aradı ki, özünü də özü piş əz vəqt hazırlamışdır. Haman zəmin də müxtəlif millətlərin burjuaları arasında olan iqtisadi rəqabət idi.

Eyni zamanda 1906-cı ildə bolşevik qəzeti “Dəvət-Qoç”-da yazdığı “Bəlayi-Əzim” adlı məqaləsində Rəsulzadə həm azərbaycanlı, həm də erməni füqərayi-kasibəsini birləşərək bu qırğınlara etiraz etməyə çağırırdı: Ey iki millətin həqiqi sülhpərəsti olan füqərayi-kasibə, harada qalmısan ki. səsin çıxmıyor! Cümlə zalimləri heybətə salan sədayi-qəhrəmanəni ucaldıb, niyə Qoloşşapov və Qoloşşapovun həməfkarı olub, onun tutduğu şeytənətkarənə işlərinə təqviyət verən ünsürlərə ibrazi-təərrüz edib, protesto etmiyorsan?!!

Hümmət təşkilatının üzvlərindən biri olan Nəriman Nərimanov da 1906-cı ildə yazdığı “Müsəlman-erməni kasıb-fəqirlərinə bir neçə söz” adlı məqaləsində Nərimanov, Zaqafqaziyada milli münaqişələri qızışdıranların ikiüzlü siyasətini ifşa edərək, provakatorların məqsədlərinin xalqları bir-biriləri ilə düşmən etmək olduğunu açıq şəkildə qeyd edir və hər iki xalqın zəhmətkeş siniflərinin birləşərək öz burjuaziyalarına qarşı mübarizə aparmağa səsləyirdi: Allah eyləməmiş sabahı gün, yəni cümə günü bir erməni ilə bir müsəlman davası düşsə idi, o zaman provokatorların vasitəsi ilə şəhərə səs düşəcək idi: bir erməni müsəlmanı və ya bir müsəlman ermənini öldürdü. Provokatorlar bununla bəs etməyib özləri fürsət axtarıb hər iki tərəfdən öldürməyə çalışarlar. Xülasə bu sinif* adamlar iki milləti bir-biriylə vuruşdurmaq üçün əllərinə gələni edib və edəcəklər. Bəsdir millətin haqqında bu qədər zülm! Tamamdır nahaq yerə tökülən qanlar! Vaxtdır burjuyların torundan xilas olub ittifaq etmək, ümumi düşmənin müqabilinə çıxıb hərə öz hüququnu tələb etmək. Qoyunuz indi döşlərinə vurub millət yolunda minlər verənlər özləri meydana gəlsinlər. Yaxşı iş isə qoy onlar canlarından keçsinlər… Heç olmazsa onlardan sonra qalan yetimlər küçələrə düşməzlər, əllərini hər gedənə açmazlar…

Erməni və gürcü sosial-demokrat partiyaları da erməni-azərbaycanlı toqquşmaları qınıyaraq baş verən qırğınlara görə erməni millətçi Daşnaksütyun partiyasını ittiham edirdilər (Minassiyan, 1992: 64). Yelizavetpol (Gəncə) qırğınları ilə əlaqədar erməni əsilli marksist Stepan Şaumyan 1905-ci ildə “Qafqaz işçi vərəqi” adlı qəzetdə yazdığı “Yelizavetpol hadisələri haqqında” adlı məqaləsində erməni-azərbaycanlı münaqişəsinin əsas səbəbkarını çar hökuməti olduğunu qeyd edərək onu millətlər arasında nifaq toxumu səpməkdə və erməni və Azərbaycan milli hərəkatlarını qırğınlara şərait yaratmaqda ittiham edirdi. Xüsusilə 1906-cı ildə Şaumyan “İskra” qəzetində “Daşnaksütyun-“Proletariatın lideri” adlı məqaləsində erməni millətçi partiyası Daşnaksütyuna qarşı çıxış edərək daşnakların millətçi despotlar olduğunu qeyd edirdi. Digər erməni marksisti Baqrat Boryan da baş verən erməni-azərbaycanlı münaqişəsinin əsas səbəbkarının çar hökuməti və Daşnaksütyun partiyası olduğunu qeyd edirdi (Perinçek, 2014: 49).

 

Sülh danışıqları və erməni-azərbaycanlı münaqişəsinin yekunlaşması

Erməni-azərbaycanlı münaqişəsinin yekunlaşması üçün 1906-cı il fevralın 20-də Tiflisdə azərbaycanlı, erməni və çar hökumətinin nümayəndələri arasında sülh danışıqları başladı. Sülh danışıqlarına Qafqazın baş canişini Vorontsov-Daşkov rəhbərlik edirdi. Fevralın 28-nə qədər davam edən sülh danışıqlarında Qafqaz canişinin müavini general Malamanın təklifi ilə terrorların dayandırılması və silahlı partiyaların dağıdılması səs çoxluğu ilə qəbul edildi. Sülh danışıqlarına baxmayaraq qətliamlar davam etdi. Çar hökuməti münaqişənin qarşısını bu dəfə hərbi yolla almaq üçün təşəbbüsü öz əlinə aldı. General Əlixanovun rəhbərlik etdiyi hərbi dəstələr Bakı və Yelizavetpol quberniyasına göndərildi. Çar hökuməti bütün Cənubi Qafqazda hərbi vəziyyət elan edərək Bakı və Yelizavetpolda səhra məhkəmələri tətbiq etdi. Asayiş qüvvələrini etibarlığını gücləndirmək üçün polis rəisi müsəlman və erməni polisləri istefaya getməyə məcbur etmiş və onları başqa millətlərin nümayəndləri ilə əvəz etmişdi. Həm ermənilərə, həm də azərbaycanlı tərəfində millətçi partiyaların fəaliyyəti qadağan edildi. Əhməd bəy Ağaoğlunun üzv olduğu Difai partiyası dağıdıldı və Həyat qəzeti bağlandı. Əhməd bəy Ağaoğlu isə Osmanlı imperiyasına mühacirət etdi (Baberovski, 2021:62). 1912-ci ildə Daşnaksütyun partiyasının 500 üzvünə qarşı məhkəmə prosesi başladıldı (Suny, 2015: 68). Buna baxmayaraq Vorontosov-Daşkovun çar II Nikolaya məktub yazmasından 50 nəfər daşnak istisna olmaqla qalanları bəraət aldı.


Nəticə

1905-ci ilin fevralında çar hökumətinin qızışdırıcı siyasətinə görə başlayan erməni-azərbaycanlı münaqişəsi 1906-cı ilin ikinci yarısında elə çar hökumətinin müdaxiləsi nəticəsində də yekunlaşdı. Əslində etnik münaqişələr heç də birdən-birə yaranmır. Yalnız əvvəllər mövcud olan xırda ədavət böyük imperial gücə malik dövlətlərin siyasətinə uyğun qızışdırıla bilər. 1905-ci ildə başlayan erməni-azərbaycanlı münaqişəsi də bu qəbildən olan hadisələrdən biri idi. Çar hökuməti hələ hər iki xalq arasında mövcud olan dini antaqonizm və iqtisadi rəqabətdən məharətlə istifadə edərək hər iki xalqı inqilabi proseslərdən yayındırmaq, daha doğrusu erməni və Azərbaycan xalqlarının çar hökumətinə qarşı birləşmələrinin qarşısını aldı. Nəticədə Daşnaksütyunun öz hərbi dəstələrinin əsas zərbə gücünün azərbaycanlı əhaliyə qarşı yönəltməsi bölgədə 100 ildən çox davam edən etnik münaqişənin başlanğıcını qoydu. Xüsusilə Çar Rusiyasının vaxtı ilə Cənubi Qafqazda formalaşdırdığı inzibati ərazi vahidləri 1918-ci ildə Cənubi Qafqaz respublikaları-Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarının yaranması etnik münaqişəyə ərazi münaqişəsinin də əlavə olunmasına rəvac verdi. Yalnız Sovet hakimiyyətinin qurulması ilə dövlətin “beynəlmiləlçilik” siyasətinə görə hər iki xalq sülh içərisində yaşasa da Sovet İttifaqının dağıldığı ərəfədə sovet respublikalarında baş qaldıran milli hərəkatlar azərbaycanlılar və ermənilər arasındakı münaqişənin yenidən alovlanmasına da təsir etdi. Son olaraq qeyd etməliyik ki, hazırda azərbaycanlılar və ermənilər rus çarizminin Cənubi Qafqazda öz hakimiyyətini qorumaq məqsədilə qurulduğu “tarixi tələ” dən hələ də xilas ola bilməmişlər.


İstifadə olunan ədəbiyyatlar

Azərbaycan dilində

Baberovski, Y. (2021). Düşmən hər yerdədir. Stalinizm Qafqazda.

Qafqazda “erməni məsələsi”. Rusiya arxiv sənədləri və nəşrləri üzrə. İkinci cild, 1905-1906. Bakı-“Elm”-2010.

Nərimanov, N. (1906). Müsəlman-erməni kasıb-fəqirlərinə bir neçə söz.

Nəriman Nərimanov – Müsəlman-erməni kasıb-fəqirlərinə bir neçə söz – Praksis☭ (wordpress.com)

Ordubadi, M. S. Qanlı illər: 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi. Bakı-2007.

Qanlı illər: 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi (Ordubadi Məmməd Səid) :: Президентская Библиотека (ebooks.az)

Rəsulzadə, M. Əsərləri I cild, (1903-1909). Bakı-2014.

Eserleri_I_cild_1903-1909 (1).pdf

Türk dilində

Baykara, H. (1975). Azerbaycan İstiklal Mücadelesi Tarihi.

Huseyn_Bakkara_-_Azerbaycan_Istiklal_Mucadelesi_Tarihi.pdf (lib.az)

Hartill, L. R. (1990). Bir Ermeninin anılarında Azerbaycan olayları:(1918-1922). Kastaş AŞ Yayınları.

Mehmetzade, M. B. (1991). Milli Azerbaycan haraketi.

Minassian, A. (1992). Ermeni devrimci hareketinde milliyetçilik ve sosyalizm, 1887-1912.

Perinçek, M. (2014). Ermeni devlet adamı B.A.Boryanın gözüyle türk-ermeni çatışması.

Suny, R G. (2015). Ararat’a bakmak. Modern tarihte Ermenistan. Aras Yayıncılık.

Swietochowski, T. (1988). Müslüman cemaatten ulusal kimliğe Rus Azerbaycanı, 1905-1920 (Vol. 14). Bağlam yayıncılık.

Rus dilində

 Б.Л. Байков. (1923). Воспоминания о революции в Закавказье (1918-1920 гг.). Опубл. в сб.: «Архив русской революции», т. IX.

Заварян С. (1907). Экономические условия Карабага и голод 1906–1907 г. 

Исхаков С.М. (2007). Первая русская революция и мусульмане Российской империи.

35219335.pdf

Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. XIX в. (1937). Ч. 2 : Феодальные отношения и колониальный режим, 1843-1868 гг.

Шаумян, С. (1978), Избранные произведения, том 1.

Шаумян. Избранные произведения. Том 1а.pdf (vk.com)

İngilis dilində

McCarthy, J. Death and Exile: The Ethnic Cleansing of Ottoman Muslims 1821-1922. — Princeton, New Jersey: The Darwin Press, 1995.

Villari, L. (2001). Fire and sword in the Caucasus.

Fire and Sword in the Caucasus : Luigi Villari : Free Download, Borrow, and Streaming : Internet Archive


DİGƏR YAZILAR