POLITICON.COM

Amerikanı Cənubi Qafqaza necə gətirməli?

Amerikanı Cənubi Qafqaza necə gətirməli?

Keçən ilin payızında Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ regionu uğrunda gərginlik müharibə fazasına keçid edərkən ABŞ döyüşlərin qarşısını almaq üçün diplomatik səy göstərmədi.

Bayden seçki kampaniyası vasitəsilə Tramp administrasiyasını münaqişənin şiddətini azaltmaq üçün Avropadakı tərəfdaşları ilə əməkdaşlıq etməyə çağırdı. Bu məsələ həm də Amerika və Avropa passivliyinin Moskvaya bölgədə sərbəst diplomatik gedişlər üçün əsas verməsilə bağlı narahatlığa yol açdı. Avropa və Amerikanın iştirakı yalnız sözdə qaldı və Dağlıq Qarabağdakı müharibə Rusiyanın vasitəçiliyi ilə atəşkəslə sona çatdı. Münaqişədə başqa bir mühüm xarici aktyor da Azərbaycanın müttəfiqi Türkiyə idi, lakin o, münaqişə tərəfləri arasında gərginliyi bitirmək üçün Moskva ilə əməkdaşlıq etdi.

Keçmiş prezident Donald Trampın 4 illik hakimiyyəti müddətində ABŞ qlobal proseslərdə iştirakını azaltdı, lakin fevralda baş tutan Münhen Təhlükəsizlik Konfrasında prezident Co Bayden qəti şəkildə Amerikanın geri döndüyünü bildirdi. Əgər Amerika nə vaxtsa Cənubi Qafqaza qayıdacaqdısa, o vaxt indidir: həm sözdə, həm də əməldə. Moskva Türkiyə ilə yanaşı Dağlıq Qarabağda hərbi sülhməramlı fəaliyyətin mərkəzində ola bilər, lakin ermənilər və azərbaycanlıların da etimad göstərdiyi bir aktyor kimi ABŞ da bu səyləri uğurla nəticələndirə biləcək diqqətəlayiq imkanlara sahibdir və sülhqurma işlərinə qatılmaq üçün əlverişli bir mövqedədir.

Çox vaxt Amerikanın xüsusilə post-Sovet regionunda daha aktiv olması ilə bağlı edilən çağırışlar digər dövlətlərlə kəskin mübarizə kontekstində edilir. Biz bu yanaşmanı qəbul etmirik. Amerikanın Cənubi Qafqazda mövcudluğu digər güc mərkəzləri ilə yarışma şəklində olmamalıdır. Bölgədənin digər önəmli aktorları Rusiya və Türkiyə ilə rəqabət Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olmasına zərər verə bilər. Yalnız ABŞ Rusiya və Türkiyə ilə birlikdə hərəkət edərək Dağlıq Qarabağ münaqişəsinin daha da genişlənməsinin qarşısını ala və atəşkəsi hər iki tərəfə fayda gətirəcək iqtisadi və infrastruktur layihələrə - qarşılıqlı asılılığı asanlaşdıracaq və dağılmış icmalararası əlaqələri bərpa edəcək layihələrə çevirə bilər.

Hazırda ABŞ-Rusiya münasibətləri ziddiyyətli ola bilər, lakin bu, hər iki ölkə üçün strateji əhəmiyyətə malik digər sahələrdə əməkdaşlığı istisna etmir. İnanırıq ki, Ermənistan və Azərbaycan arasında sülh də məhz bu sahələrdən biridir. Həm Ermənistanın, həm də Azərbaycanın siyasi rəhbərliyi bilməlidir ki, sərt siyasət yürütməklə heç bir böyük güclə tarazlaşdırılmış siyasətə apara bilməyəcəklər, çünki bu cür davranışlar bölgədəki bütün xarici aktorların, o cümlədən ABŞ-ın narazılığı ilə qarşılanacaqdır. Bu cür koordinasiya yalnız ABŞ-ın Cənubi Qafqazdakı kooperativ iştirakı ilə əldə edilə bilər.

Bölgədəki siyasi əlaqələrdən əlavə ABŞ ciddi humanitar yardım göstərməli və Dağlıq Qarabağda böyük ölçüdə zədələnmiş infrastrukturun yenidən qurulmasına kömək etməlidir. ABŞ innovasiya və iqtisadi imkanlar gətirəcək Amerika şirkətlərini bu regiona investisiya yatırmaq üçün təşviq etməli, Ermənistan və Azərbaycan şirkətlərinin birgə iştirakı tələb olunan layihələr üçün vəsait ayırmalıdır. ABŞ həm ermənilər, həm də azərbaycanlılar arasında əks tərəfə qarşı yönəlmiş “təhdid yayan tərəf” anlayışının qarşısını almağa yönələn layihələrə dəstək verməlidir. Tarixi siyasət alətinə çevirən intellektualların qarşısını almaq üçün ABŞ bölgə tarixi, o cümlədən ermənilərlə azərbaycanlılar arasında birgə yaşayış və əməkdaşlıq tarixi ilə bağlı ciddi, elmi araşdırmalar üçün qrantlar verməlidir.

Amerika Konqresinin bəzi üzvləri özlərinə belə bir sadə sual verməlidirlər: qarşılarına çıxan hər imkanda Azərbaycana qarşı cəza tədbirlərinin görülməsinə çağırış etməklə onlar həqiqətənmi Ermənistana kömək etdiklərini və Azərbaycan və Ermənistan arasında sülhün yaranmasına səbəb olduqlarını düşünürlər? Waşinqtonda nisbətən az üzdə olan amma gördüyü işlərlə heç də rəqiblərindən geri qalmayan Azərbaycan tərəfdarları da özlərinə oxşar sual verməlidirlər: Ermənistanı Amerika ilə zidd maraqları olan bir ölkə kimi göstərməyə nail olmaqla onlar regionda sülhün və stabilliyin bərqərar olmasına kömək etmiş olacaqlarmı?

Cənubi Qafqaz tarixi yol ayrıcındadır. Atəşkəs davamlı sülh üçün zəruridir, lakin yetərli şərt deyildir. Ermənistan və Azərbaycanın sülhü bərpa etmək üçün köməyə ehtiyacı olacaq. ABŞ misilsiz imkanlara sahibdir və hər iki cəmiyyətdə qazandığı etimadı nəzərə alsaq, sülh quruculuğu prosesinə təsir mexanizmlərində xüsusi mövqe tutur. Yeni tarix göstərir ki, Cənubi Qafqazdakı davamlı qeyri-sabitlik nə ABŞ-ın nüfuzunu, nə də bölgədəki təsirini artırır. Bayden rəhbərliyi Amerikanı Cənubi Qafqaza qaytarmaq məsuliyyətini öz üzərinə götürməlidir. Bu cür addım ABŞ-ın bölgədəki maraqlarını daha da artıracaq ali bir vəzifə ola bilər.

 

Müəlliflər: Arman Grigoryan, Emin Milli

Məqalə NewsWeek saytından götürülərək Ziya Kazımzadə tərəfindən tərcümə olunmuşdur. 

 

 

 

 


Digər yazılar