Politicon.co

Rusiya-Qərb qarşıdurmasında yeni mərhələ

Rusiya-Qərb qarşıdurmasında yeni mərhələ

2014-cü ildən bəri davam edən Ukrayna münaqişəsi Rusiyanın sərhəd bölgəsinə və qonşu Belarusa 100 mindən artıq qoşun və hərbi texnika toplaması ilə yenidən gündəmə gəlib. Qərb ictimai rəyində Rusiyanın bu addımı Ukraynanı işğala cəhd kimi şərh olunur və belə bir şeyin baş tutacağı halda, Rusiya çox ağır sanksiyaların onu gözləyəcəyi ilə hədələnir. Başda ABŞ və B.Britaniya olmaqla bir çox NATO üzvü ölkə Ukraynaya TƏİR-lər, müdafiə xarakterli silahlar və maliyyə yardımı göndərərək ölkənin potensial işğala müqavimət gücünü nisbətən artırmağa səy göstərirlər. Lakin iqtisadi təhdidlərin və silah yardımlarının Rusiyanı işğaldan yayındırmaqda nə qədər effektiv olduğu bəzi suallar doğurur. Başlıca məqamları aşağıdakı kimi sıralamaq mümkündür.

2008-ci ildə Ukrayna və Gürcüstana NATO üzvlüyü vəd edilsə belə, üzərindən 14 ilə yaxın vaxt keçməsinə rəğmən bu vədlər hələ də reallaşmayıb. Buna əsasən, Alyans ölkələrinin NATO-ya üzv olmayan Ukraynada müharibə başlayacağı halda birbaşa müdaxilə etməyəcəklərini deyə bilərik. Bu fikri NATO baş katibi Yens Stoltenberq də “NATO üzvü ölkə ilə Ukrayna kimi güclü və dəyərli tərəfdaş arasında fərq olduğunu” bildirərək  təkrarlayıb. Bir neçə gün öncə isə Xorvatiya prezidenti gərginliyin artması halında Xorvatiyanın son əsgərə kimi öz qoşunlarını geri çəkəcəyini ifadə etmişdi. NATO-nun Şərqi Avropadakı qoşun sayını artırma istəyindən sonra isə Macarıstan müdafiə naziri ölkənin təhlükəsizliyini qorumaq üçün kifayət qədər əsgərə sahib olduqlarını və əlavə hərbçi yerləşdirilməsinə ehtiyac duymadıqlarını bildirib. Avropanın ən böyük iqtisadiyyatına sahib Almaniya isə Ukraynanın silah yardımı tələblərini israrla rədd edib, hətta B.Britaniyadan göndərilən sursat yüklü təyyarələrin hava sahəsindən keçməsinə, habelə Estoniyanın alman istehsalı artilleriya qurğularını Ukraynaya yollamasına icazə verməyib. Bu, NATO ölkələri arasında artıq ciddi siyasi çatların yarandığını, Rusiyanın qarşısında vahid və Ukraynanı müdafiə etməyə qadir bir Alyansın yer alma ehtimalının az olduğu faktını sərgiləyir.

Qərb dövlətləri Rusiyanı yayındırmaq üçün başlıca olaraq iqtisadi sanksiyalar kartından istifadə edir. Ukraynanın işğalı halında ABŞ istehsalı texnologiyaların Rusiyaya ixracına qadağa gətiriləcəyi və Rusiya banklarının beynəlxalq maliyyə transfer sistemi olan “SWIFT”-dən kənarlaşdırılacağı səsləndirilən əsas punktlardandır. Lakin Rusiya Mərkəzi Bankının 640 milyard dollar dəyərində ehtiyata sahib olması (bu göstəriciyə görə dünyada 4-cü pilləni tutur), bu ehtiyatların sadəcə 16%-nin ABŞ dolları olaraq saxlanılması, Rusiya iqtisadiyyatının xarici ticarətdən asılılığının az olması ölkənin sanksiyalara qarşı daha dayanıqlı çıxacağına işarədir. 2014-cü ildə Krımın ilhaqı zamanı ilk dəfə “SWIFT”-dən kənarlaşdırılma təhdidi ilə üzləşən Rusiya elə həmin il “SPFS” adlı alternativ sistem qurmağa başlayıb. 2020-ci ilin sonunda bu sistemə Rusiya ilə yanaşı Almaniya, Belarus, Ermənistan, İsveçrə, Qazaxıstan və Qırğızıstandan olan 23 bank qoşulub. “SPFS” hələ ki, sadəcə Rusiya daxilində fəaliyyət göstərsə də, Çinin “CIPS” adlı ekvivalent sisteminə adaptasiya ilə bağlı planlar var. Bu isə daha əvvəl “SWIFT”-dən kənarlaşdırılmış İran və Ş.Koreyaya nisbətdə Rusiyanın daha az iqtisadi zərərlə qarşılaşacağını deməyə əsas verir. Adı çəkilən digər iki ölkənin də xarici siyasəti bu sanksiya nəticəsində yumşalmamış, əksinə daha da kəskinləşmişdir.

2019-cu ildəki göstəricilərə əsasən, Avropa İttifaqının idxal etdiyi xam neftin 26,9%-i, bərk yanacağın 46,7%-i, təbii qazınsa 41,1%-i Rusiyanın payına düşür. Rusiyadan Baltik dənizi ilə birbaşa Almaniyaya uzanan və çəkilişi tamamlanmış “Nord Stream 2” təbii qaz kəmərinin isə bu asılılığı daha da artıracağı gözlənilir. ABŞ rəsmiləri hər hansı işğal cəhdi halında bu kəmərin də sanksiyalara məruz qalacağını bildirsə belə, Almaniya və Avstriya bu məsələdə daha ehtiyatlı mövqe sərgiləyir. Avstriya kansleri Nehammerin bənzər mövqeyinə dəstək verən Avstriya XİN Şallenberq “elektrik və istilik istəyiriksə, [Rusiyadan olan asılılığı] bir gecədə dəyişə bilmərik” deyə bildirib. Münaqişənin yenidən alovlanması ilə yanacaq qiymətlərinin kəskin artışı Rusiyanın dövlət gəlirlərini daha da artırıb. Avropanın qısa müddətdə, özü də qış aylarında bu asılılığı tam aradan qaldırmaq şansı azdır. Almaniyanın Ukraynaya yardım göndərilməsi məsələsində belə çəkingən davranması da sübut edir ki, Rusiya öz enerji ixracatını məharətlə siyasi silah kimi istifadə etməyi bacarır.

Xarici siyasət fokusunu Şərqi Asiyaya, xüsusən də Çinə yönəltmiş ABŞ-ın hazırki durumu kifayət qədər qəliz görünür. Avropa ölkələrinin vahid mövqe ortaya qoya bilməməsi və Rusiyadan olan yetərincə böyük, hətta getdikcə də artan asılılığı vəziyyəti daha da çıxılmazlaşdırır. Belə olan halda, şərtləri diktə edən tərəfin hələ ki, Putin olduğunu və Ukraynanın gələcək taleyinin önəmli ölçüdə ondan asılı olduğunu demək olar.


DİGƏR YAZILAR