POLITICON.COM

Uğursuzluğa uğramış imperiya: Stalindən Qorbaçova qədər Soyuq Müharibə dövründə Sovet İttifaqı

Uğursuzluğa uğramış imperiya: Stalindən Qorbaçova qədər Soyuq Müharibə dövründə Sovet İttifaqı

İki dünya müharibəsini yaşamış şiddətli birinci yarısına baxmayaraq, 20-ci əsrin ikinci hissəsi III Dünya Müharibəsinin qurbanına çevrilmədi. Qlobal konfliktin olmamasına baxmayaraq, iki fövqəlgüc – ABŞ və Sovet İttifaqı arasında ciddi düşmənçilik dövrü yaşandı. İsti hərbi əməliyyatların baş vermədiyi bu dövr tarixə Soyuq Müharibə kimi keçdi. 

İkinci Dünya müharibəsinin bitməsindən Sovet İttifaqının çökməsinə qədər ki 40 illik dövrdə Şərqlə Qərb arasındakı gərginlik dövlətlər, iqtisadiyyatlar, mədəniyyətlər və xalqlar arasında münasibətləri formalaşdırdı. Əslində, bu münaqişə ənənəvi qarşıdurmadan daha çox, dəyərlər sistemləri uğrunda rəqabət idi. Başqa sözlə, bu, hərbi və maliyyə qaynaqları deyil, həm də dəyərlər və idealları də əhatə edən ideoloji bir qarşıdurma idi. Bunu yəqin ki, ən yaxşı şəkildə elə İosif Stalin özü təsvir etmişdi: “Bu müharibə əvvəlki müharibələr kimi deyil; ərazi işğal edən oraya öz sosial sistemini də tətbiq edir. Hər kəs öz sistemini ordusunun çata biləcəyi yerə qədər tətbiq edir.” (Nye and Welch, 2013) 

İllər boyu tarixçilər Soyuq Müharibənin səbəbləri, epizodları və nəticələri barədə intensiv şəkildə yazmış və şərhlər vermişlər. Buna baxmayaraq, son vaxtlara qədər, mənim bildiyimə görə, Soyuq Müharibəni Sovet nöqteyi-nəzərindən araşdıranlar çox az idi. Buna görə də Sovet nöqteyi-nəzərindən Soyuq Müharibə ilə bağlı araşdırmalara artan ehtiyac vardı. Bu isə, 1990-cı illərin əvvəllərində İmperiyanın arxivlərinin açılmasına qədər çox çətindi. Şəraitin yaratdığı fürsətdən istifadə edən Vladislav Zubok mövzuya Kremlin fərqli rəhbərlər altında baxış bucaqlarını təsvir etdiyi “Uğursuzluğa uğramış imperiya: Stalindən Qorbaçova qədər Soyuq Müharibə dövründə Sovet İttifaqı” adlı kitabını nəşr etdirdi. 

Kitab on fəsildən ibarət olub, hər fəsildə bir Sovet lideri və Soyuq Müharibədəki vacib mərhələlər müzakirə edilir. Kitabdakı yenilik bundan ibarətdir ki, müəllif Soyuq Müharibənin diplomatiya və ya böhran tarixi kimi çox öyrənilmiş tərəflərini bir kənara qoyub, əvəzində diqqətini Sovet İttifaqının davranışlarına yönəldib. Zubokun fikrincə, Sovet imperiyasını, rejimin mahiyyətini və Sovet cəmiyyətində baş verən dərin dəyişiklikləri dərk etmədən Sovet İttifaqının davranışlarını araşdırmaq mümkün deyil. Sovet cəmiyyətindəki dəyişiklikləri müzakirə edən müəllifin iddiasına görə, 1945-ci ildə müharibədən tükənmiş bir cəmiyyət mövcuddu. Eyni zamanda, bu, dünyada Sovet İttifaqının mərkəziliyi ideyası ilə fəxr edən elitaların olduğu cəmiyyətdi. Müharibəni qazandıqdan sonra Sovet elitaları üçün imperializmin yeni növü - sosial imperializm meydana gəldi. Bu düşüncə düşmənin heç vaxt Sovet İttifaqını işğal etməyəcəyini və beləliklə yüz faiz güvəndə olacağı üzərində qurulmuşdu. Üstəlik, üçüncü dünyada sosializmin yayılması fikri, 1950-1960-cı illərdə bütöv bir nəsil üçün mərkəzi fikrə çevrilmişdi. 

Müəllif Qərblə qarşı-qarşıya qalmaq üçün meydana çıxan əsas motivlərin ətraflı izahatını verir. Kommunist liderlərin düşüncə tərzini, buna görə SSRİ-nin hərəkətlərini, Sovet siyasətinin dəyişkən mahiyyətini başa düşmək üçün “inqilabi-imperial paradiqma” adlı ikili yanaşmadan istifadə edir. Sovet davranışı ənənəvi imperiya motivləri ilə kommunizmin inqilabi idealları arasında qarşılıqlı əlaqə ilə izah olunur. Çar Rusiyasından gələn ənənəvi imperial motiv Sovet təhlükəsizliyini artırmaq üçündü. Digər motiv isə, 1917-ci il bolşevik inqilabından sonra Leninin dünyada kommunist ideallarını yaymaq istəyi ilə bağlı idi. Müəllifə görə, imperialist məqsədlər və hisslər Soyuq Müharibə dövründə inqilabi ideallar və düşüncələrlə bir araya gəldi. Məsələn, Stalin üçün genişlənmə və güc münasibətləri inqilabi ideallardan daha vacibdi. Müəllif Sovet təbiətini izah etmək üçün, xüsusilə, həmin dövrdə Sovet İttifaqında mövcud olan yüksək mərkəzləşdirilmiş rejimlə birlikdə nəzərə alındıqda, liderlik amilinin, həyati əhəmiyyətə malik olduğunu qeyd edir.

Kitab, Soyuq Müharibə üçün əsl təməl fiqur olan Stalinin rəhbərliyi altında Soyuq Müharibənin mənşəyi barəsində ətraflı məlumat çatdırır. Bir çox revizionist ABŞ-ın Sovet regional planlarına qarşı çıxaraq Soyuq Müharibəni başladığını iddia etsə də, müəllif, böyük ölçüdə Stalinin qərarları və proqramlarının Soyuq Müharibənin on illərlə davam etməsini müəyyənləşdirdiyini iddia edir. Sovet liderinin kosmik proqramları SSRİ-nin ilk peyki kosmosa buraxmasını, atom proqramları isə SSRİ-nin 20 il sonra ABŞ ilə praktiki olaraq nüvə paritetinə çatmasını təmin etdi. Buna görə, Stalinin dünyanı qəbul etməsi imperiyaya daha çox vurğu olması şərti ilə, Zubokun imperiya-inqilabi paradiqma tərifinə uyğun gəlir. 

Kitab Stalinin fərqli ərazilərə nəzarət etməklə təhlükəsizlik bufer zonaları yaratmaq arzusu və bu məqsədlə Sovet insanlarını səfərbər etmək üçün ideoloji ritorikası ilə davam edir. Kreml rəhbərlərinin fikrincə, Sovet İttifaqının təhlükəsizliyi nəzarət etdikləri ərazilərdən asılı idi. Çar Rusiyası üçün eyni olduğu kimi, Sovet İttifaqı üçün də bu məsələdə ən vacib məqsəd Şərqi Avropa və Balkanları nəzarət altına almaqdı, özü də təkcə ərazi baxımından deyil, həmçinin kommunist ideallarını təşviq etmək yolu ilə. Bundan əlavə, müəllifin iddiasına görə, Stalin Gürcüstan və Azərbaycan kimi Sovet ölkələrinin millətçiliyindən İran və Türkiyə kimi ölkələrə qarşı ərazi iddiaları irəli sürmək üçün istifadə edirdi. 

Ancaq təəccüblü deyil ki, Stalinin əsas məqsədləri ABŞ-ın məqsədləri ilə uyğun gəlmədi. Onun ABŞ ilə münaqişəyə girmədən bir imperiya qurma cəhdi uğursuz oldu. Zubokun sözlərinə görə, Soyuq Müharibənin başlamasına böyük təsir edən amil Türkiyə və İran kimi ölkələrə müdaxilə edən Sovet siyasəti idi. Yalta və Potsdamda razılaşdırılmış əməkdaşlıq sahələrindən kənara çıxmış Sovet davranışları ABŞ-ı saxlama (containment) strategiyasına sövq etdi. 

Nikita Xruşşovun 1953-cü ildən başlayaraq Soyuq Müharibənin böyük mənzərəsindəki əhəmiyyəti, onun Qərblə münasibətlərdə yeni bir pəncərə açmağa çalışan xarici siyasəti fəaliyyəti ilə bağlıdır. O, öz siyasətinin Soyuq Müharibənin daha da hərbiləşdirilməsinin qarşısını alacağını və nəticədə Moskvanın beynəlxalq səhnədə manevr qabiliyyətinin artacağını hesablamışdı. Zubokun sözlərinə görə, yeni bir siyasətinə baxmayaraq, Xruşşov yenə də “imperiya-inqilabi paradiqma”sına qucaq açdı və üçüncü dünyada kommunizmin yayılmasını davam etdirdi. Müəllif beynəlxalq səviyyədə Sovet İttifaqının dinc yaşama (Xruşşovun iddia etdiyi kimi) əzmindən daha çox inqilabi və imperialist məqsədlərə sadiq olduğunu bildirir. Qeyd etmək lazımdır ki, Kuba raket böhranı (çox vaxt Soyuq Müharibənin ən təhlükəli dövrü hesab olunan bu epizod nüvə fəlakəti ilə nəticələnə bilərdi) məhz Xruşşovun rəhbərliyi dövründə baş vermişdi. Şübhəsiz, Kremlin üçüncü dünya sosialistlərinə verdiyi artan dəstək və Berlinlə bağlı ziddiyyətlər Moskva ilə Vaşinqton arasında narahatlığı daha da artırdı.

Zubok tərəfindən araşdırılan növbəti Sovet lideri 1964-cü ildən 1982-ci ilə qədər hakimiyətdə olan Leonid Brejnevdir. Müəllif Brejnevin Soyuq Müharibədəki rolundan heyranlıqla danışaraq, Brejnevin iki supergüc arasındakı düşmən münasibətləri azaltmaq və danışıqlara başlamaq cəhdlərini təhlil edir. Bu dövr yumşalma (détente) kimi tanınır. Zubokına izahına görə, Brejnev müharibənin nəticələrindən əziyyət çəkən nəslin üzvü kimi müharibənin qarşısını almaq və sülhü qorumaq üçün yumşalmada maraqlı idi. Zubok, Brejnevin əsas məqsədinin Xruşşov və onun avantürist siyasətinin (brinkmanship) vurduğu ziyanı düzəltmək olduğunu qeyd edirdi. Bununla belə, onun müharibədən qaçma və sülhü qorumaq istəyi Sovet İttifaqının inqilabi-imperiya məqsədlərindən imtina etməsi demək deyildi. Zubokun fikrincə, Brejnev sovet təhlükəsizliyinin Sovet İttifaqı ilə ABŞ arasında sabitliyin olduğu təqdirdə ən yaxşı şəkildə əldə edilə biləcəyinə inanan liderdi. Məhz onun rəhbərliyi altında Moskva, böyük ölçüdə güc tətbiq etməkdən çəkinərək əvəzində Qərblə münasibətləri inkişaf etdirmək üçün səylər göstərdi. Eyni zamanda Kreml hərbi quruculuğunu və üçüncü dünyaya doğru genişlənməsini davam etdirdi. Fəslin sonunda müəllif ABŞ və SSRİ arasındakı münasibətlərin xeyli dərəcədə Brejnevin sayəsində normallaşdığı təəssüratını yaradır. 

Kitabda sonuncu Sovet lideri Mixail Qorbaçovun (1985-ci ildən Sovet İttifaqının süqutuna qədər) dövrünə də yer ayrılıb. Sonda uğursuzluğa düçar olmasına rəğmən hətta bu gün də bir çoxları üçün Qorbaçov islahatçı kimi qəbul edilir. Zubok qeyd edir ki, Qorbaçov ənənəvi sovet liderlərindən tamamilə fərqli ideallara malik “60-cı illər nəsli”nə aiddi. Qorbaçov yeni lider kimi fəaliyyətə başladığı vaxtdan etibarən Sovet İttifaqının təcridinə son qoya biləcəyinə, köhnə sovet ideologiyasını məhv edəcəyinə və bununla da onsuz da durğun Birliyi yenidən dirçəldəcəyinə ümid edərək xarici siyasətdə dəyişikliklərə imza atdı. Lakin işlər planlaşdırdığı kimi getmədi və uğursuzluqla nəticələndi. Əvəzində, onun siyasəti SSRİ-ni qeyri-sabitliyə düçar etdi və böyük güclərin yarışında rəqabət qabiliyyətini tükətdi. Buna baxmayaraq, Soyuq Müharibənin bitməsini qiymətləndirən Zubok on illərlə davam etmiş münaqişəni sona çatdırdığı üçün Qorbaçovu təqdir edir. Müəllif həmçinin Sovet İttifaqının dağılması ilə əlaqədar Amerikanın bu məsələdəki rolunun kifayət qədər məhdud olduğuna dair geniş yayılmış fikirləri bildirir, SSRİ-nin süqutunun nə saxlama strategiyası, nə də Reyqanın “Ulduz müharibələri” ilə əlaqədar olmadığını qeyd edir. Zuboka görə, ABŞ-ın aqressiv siyasəti yalnız Soyuq Müharibənin uzanmasına xidmət etmişdi. Məhz bu məqamda şəxsən mən Zubokun fikirlərini bölüşmürəm. Çünki Sovet İttifaqının dağılması həm də Qorbaçovu islahatların vacibliyinə inandıran iqtisadi problemlərin nəticəsi idi. Bu da öz növbəsində inqilabi-imperial paradiqmanın gücünü və Sovet İttifaqının qüdrətini sarsıtdı.

Zubokun “Uğursuzluğa uğramış imperiya”sı Sovet təbiətinin tənqidi və fakt əsaslı təhlilinə görə özünəməxsus kitabdır. Kitabda əsas diqqət Sovet liderlərinə (və Sovet elitasına) yönəlmişdir və bu baxımdan, Soyuq Müharibənin bütün dövrlərini Sovet elitalarındakı mühüm nəsil və cəmiyyət dəyişiklikləri vasitəsilə araşdırır. Əvvəl də izah edildiyi kimi, bu dəyişikliklər zaman-zaman Sovet liderlərinin müharibə və sülhə baxışı, fikir və dəyərlərinə əsaslanan ideoloji dəyişiklikləri özündə cəmləşdirmişdi. Kitabın büyük hissəsi Stalin rəhbərliyi altında böyümüş və Xruşşovun dövründə hakimiyyətə gəlmiş nəsildən bəhs edir. Lakin burada fərqli nəslin nümayəndəsi olan Qorbaçovun Soyuq Müharibənin sona çatmasındakı mühüm rolunu da vurğulanır. Yekunda kitabın düşündürücü olduğunu, yazı tərzinin isə mülahizələri oxuculara asanlıqla çatdırdığını qeyd etmək lazımdır. Ümumiyyətlə, hesab edirəm ki, Soyuq Müharibənin Sovet liderlərinin və Sovet xalqının nəzərindən öyrənilməsi baxımından bu kitab ədəbiyyata mühüm töhfə vermişdir.

 

Biblioqrafiya: 

1. Nye, Jr. S. J. & Welch, A.D. (2013). Understanding Global Conflict and Cooperation: an introduction to theory and history. New Jersey: Pearson

2. Zubok, Vladislav. (2007). A Failed Empire: The Soviet Union in the Cold War from Stalin to Gorbachev. US, North Carolina: University of North Carolina Press

 

Müəllif haqqında:

Kamran İsmayılov İtaliyanın Trento şəhərində yaşayan araşdırmaçıdır. İstanbulun Bəykent Universitetindən bakalavr və Trento Universitetindən Avropa və Beynəlxalq Araşdırmalar üzrə magistr dərəcəsinə sahibdir. Tədqiqat sahələri Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti ilə əlaqəli məsələlərini, eləcə də Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinin xarici və daxili siyasətini əhatə edir.


Digər yazılar