POLITICON.COM

Ortamüddətli dövrdə Azərbaycan iqtisadiyyatı

Ortamüddətli dövrdə Azərbaycan iqtisadiyyatı

Qlobal iqtisadiyyat
2020-ci ildə COVİD-19 virusunun sürətlə yayılması və bu virusun qarşısının alınması üçün tətbiq edilən məhdudiyyətlər nəticəsində dünyanın demək olar ki, bütün ölkələrində iqtisadi artım tempi ya yavaşladı, ya da iqtisadiyyatlarında kiçilmə baş verdi. Koronavirus əleyhinə 10-a yaxın vaksinin tapılması və onların erkən tətbiqinə başlanılmasına baxmayaraq, epidemioloji vəziyyətə tam nəzarət növbəti təqvim ilinə qədər mümkün olmayacaq. Ancaq bir çox ölkə iqtisadi çətinlikləri nəzərə alıb karantin rejimlərində daha erkən yumşalmaya gedəcək, nəticədə qlobal iqtisadiyyat bu ildən dirçəlməyə başlayacaq. Bir sıra məhdudiyyətlərin hələ bu il də qalacağı və virusa məhdudiyyətlərin aradan qalxmasından sonra belə krizis müddəti bazardan çıxmış istehsalçıların hesabına iqtisadiyyatların potensial istehsal səviyyələrinə çatmağı bir çox halda iki ilə qədər çəkəcək. Tədricən bərpa olunan dünya iqtisadiyyatı əmtəə mallarının qiymətlərinin artmasına və eləcə də neftin bir barelinin 65  dollardan yuxarı çıxmasına qədər gətirib çıxaracaq. 

Azərbaycan iqtisadiyyatı - Real Sektor
2020-ci ildə Azərbaycan iqtisadiyyatı həm neft sektoru, həm də qeyri-neft sektorunda istehsalın kəskin azalması nəticəsində ilkin hesablamalara əsasən 4.3 faiz gerilədi.
Koronavirus əleyhinə tətbiq edilən məhdudiyyətlər ölkədə istehsal müəssilərinin fəaliyyətinin ləngiməsinə gətirib çıxardı. Bir sıra müssəssisələr onlayn rejimdə fəaliyyətə davam edə bilsə də, turizm, ticarət və nəqliyyat sektorları başda olmaqla qeyri-neft sektoru bu məhdudiyyətlər nəticəsində bir əvvəlki ilə nisbətdə təqribən 2.6 faiz gerilədi. 2020-ci ildə təbii qaz istehsalının 6 faiz artmasına baxmayaraq, OPEC razılaşmasından sonra azalan neft hasilatı nəticəsində neft və qaz sektoru 6 faizə qədər gerilədi. 2015-ci il neft qiymətinin kəskin azalması ilə müqayisədə dövlətin fiskal siyasətdə konsolidasiyaya getməməsi və manatın dəyərinin sabit saxlanılması iqtisadi geriləməni nisbətən məhdudlaşdırdı. Buna baxmayaraq dünya ölkələrinin və Azərbaycanın pandemiyaya qarşı hazırlıqsız (eləcə də əlacsız) olması və virusa qarşı ilkin cavab olaraq kütləvi karantin rejimləri tətbiq etməsi ölkə iqtisadiyyatında son 20 ildə ən böyük geriləməni gətirib çıxardı. 

Neft qiymətinin azalmasına baxmayaraq dövlət xərclərinin yuxarı səviyyədə saxlanılması, dövlət investisiyaları və karantin rejiminin yumşaldılması nəticəsində 2021-ci ildə 2% iqtisadi artım müşahidə olunacaq. 

Qeyri-neft sektorunda karantin rejimi çərçivəsində hələ də bir sıra müəssisələrin fəaliyyətində məhdudiyyətlərin qalması səbəbilə mövcud istehsal potensialının tam bərpa olması gələn ilə qədər yubanacaq. Ancaq işğaldan azad edilmiş Qarabağ torpaqlarında aparılacaq şəhərsalma və tikinti işləri qeyri-neft sektorunda artıma əlavə təkan verəcək.  2021-ci ilin büdcəsini hazırlayarkən neft qiymətlərinin hələ də aşağı olması səbəbilə Qarabağa bu il ediləcək investisiyalar üçün maliyyə vəsaiti daha çox digər əsaslı xərclərdən qənaət etməklə təmin edilib. Əgər neft qiymətləri gözləntilərdən daha sürətlə artarsa, il ərzində büdcənin dürütləşdirilməsinin aparılmasını, nəticədə dövlət investisiyalarının artırılmasını və buna müqabil iqtisadi artım tempinin də sürətlənməsini gözləmək olar. Digər tərəfdən, virusun yayılma hallarının çoxalmasına cavab olaraq xüsusi karantin rejiminin təkrar tətbiqi iqtisadi dirçəlişin əhəmiyyətli dərəcədə yavaşlamasına gətirib çıxardacaq. 

OPEC+ razılaşması əsasında keçən ilin son rübü üçün neft hasilatında nəzərdə tutulan məhdudiyyətlər böyük qismdə bu il də davam edəcək. Son razılaşmaya əsasən, Azərbaycan hazırki hasilat səviyyəsini aprel ayında da davam etdirəcək. Qlobal iqtisadi fəaliyyətin bərpasında ciddi bir yavaşlama müşahidə olunmasa, neftə bərpa olunan tələb razılaşmanın tərəfdaşı olan ölkələrə istehsalı daha da artırmağa imkan verəcək .  Hal-hazırda günlük 590 min barel xam neft istehsal limiti öhdəliyini üzərinə götürən Azərbaycan bu ssenari əsasında istehsalı ilin sonuna qədər günlük 610-620 min barelə qədər qaldıracaq. Ancaq bununla belə, Azərbaycanda illik neft istehsalı təxminən keçən ilki istehsala bərabər olacaq və hazırki müqaviləyə əsasən yalnız 2022-ci ilin ortalarından sonra təbii istehsal səviyyəsinə qayıdacaq. 

Şahdəniz qaz yatağında tikinti işlərinin tədricən yekunlaşması nəticəsində növbəti illərdə qaz istehsalında əhəmiyyətli artım baş verəcək. Abşeron qaz yatağı ilk istehsala bu ilin sonlarında başlayıb, növbəti illərdə  illik 4 milyard kub metrə çatdıracaq.  "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nə əsasən 2021-ci ildə qaz istehsalı 9 faiz, 2024-cü ilə qədər isə 35 faiz artaraq illik 50 milyon kub metrə qədər artacaq. 


 
Beləliklə ümumi artım tempi 2021-ci ildə ölkə iqtisadiyyatında təqribən 2 faiz olmaqla bərabər  bir sonrakı illərdə 3 faizin üzərinə qalxacaq. 

Fiskal siyasət
2020-ci ildə iqtisadi böhrana baxmayaraq kölgə iqtisadiyyatının rəsmiləşdirilməsinin sürətlənməsi hesabına qeyri-neft sektoru üzrə gəlirlər gözləntiləri üstələdi. Bir sıra bölmələr (əsasən sosial və səhiyyə) üzrə xərclər artsa da, Neft Fondundan transferin artması və cəmi xərclərin plandan az icra olunması ilə bərabər, ilin sonuna büdcə kəsiri gözləniləndən daha az – ÜDM-nin 2.4 faizinə - 1.7 milyard manata bərabər oldu. 

Karantin qaydaları çərçivəsində tətbiq edilən rəsmi icazə sistemindən yararlanmaq üçün bir sıra müəssisələr işçilərini və bizneslərini dövlət qeydiyyatına almağa başladı. Keçən ilin ilk yarımilliyində dövlət qeydiyyatına məşğul əhalinin sayı 15 faiz artmış və bu artımın 80 faizi karantin rejiminin tətbiq edildiyi ilk aylarda baş vermişdir. Nəticədə iqtisadi fəaliyyətin yavaşlamasına baxmayaraq vergi gəlirləri gözləniləndən 2,5 faiz daha çox olmuşdur. 

Koronavirus ilə əlaqədar dövlətin sosial və səhiyyə xərclərinin artmasını irəli sürülərək Maliyyə Nazirliyinin təşəbbüsü ilə dövlət büdcəsinin dürüstləşdirilməsi aparıldı. Dürüstləşdirilmiş büdcə proqnozlaşdırılan kəsirdə (2,7 milyard manat, ÜDM-də 3,8 faiz) təqribən ÜDM-nin 1 faizi qədər artım nəzərdə tutmuş və kəsirdə bu artımın qarşısının alınması üçün Neft Fondundan 850 milyon manat əlavə transfer nəzərdə tutmuşdu. Ancaq yekunda büdcə kəsiri Neft Fondundan əlavə transferi nəzərə alınmadan 2,6 milyard manata, bu transfer ilə birlikdə isə 1,7 milyard manat və ya ÜDM-nin 2,4 faizinə bərabər olmuşdur. Ehtimal ki, Nazirliyin bu addımı büdcə kəsiri ilə bağlı qeyri-müəyyənliklərə qarşı qabaqlayıcı addım atmaqla yanaşı, Mərkəzi Bank üçün ilin sonuna kimi bazarda tələbi qarşılamaq üçün dollar vəsaiti ilə təmin etmək məqsədi daşımışdır. Belə ki, transfer üçün nəzərdə tutulan dollar aktivləri manatın dəyərini saxlamaq üçün ilin əvvəlində vaxtından əvvəl satılmışdı. Nəticədə geridə qalan transfer miqdarı bazarda il sonuna kimi tələbi qarşılamaq üçün kifayət etməyə bilərdi. Əks halda dövlətin vahid xəzinə hesabında qalığı kəsiri qarşılamaq üçün kifayət etməli idi və büdcə dürüstləşmə olmadan da icra oluna bilərdi.  

2021-ci ilin dövlət büdcəsi xərclərin keçən ilin icra rəqəmləri ilə müqayisədə daha çox olmağı hesabına 3,1 milyard manat büdcə kəsiri nəzərdə tutur. Büdcənin nisbətən pessimist ssenariyə uyğun hazırlanması və iqtisadiyyatda və neft gəlirlərində artım hesabına kəsir gözləniləndən daha az olacaq və büdcənin maliyyələşdirilməsində hər hansı çətinlik yaşanmayacaq.   Xərclərin keçən ilə müqayisədə artması vaxtı çatmış borcların geri ödənilməsi və müharibə sonrası hərbi xərclərin artması ilə bağlıdır. Bu iki xərc kateqoriyası üzrə ödənişlər böyük əksəriyyət etibarilə xarici valyutada aparıldığı üçün xarici valyutaya tələbi artıraraq manat üzərində təzyiqi artıracaq.  Həmçinin, bu tipli xərclər iqtisadi artıma təsir etmədiyindən xərclərdəki artım 2021-ci il iqtisadiyyatı üçün əlavə stimul kimi şərh edilməməlidir. Digər tərəfdən, büdcəni hazırlayarkən istifadə olunan baza ssenarisində neftin bir barelinin qiymətinin 40 dollar nəzərdə tutulmasına baxmayaraq, digər kateqoriyalar üzrə xərclərdə  demək olar ki, olduğu kimi saxlanıldı və bazarda xarici valyuta ehtiyatı üçün əsas təminat mənbəyi olan SOFAZ-dan büdcəyə transferin həcmi azaldılmadı. Bunlar isə öz növbəsində cari ildə uzunmüddətli sərt karantin rejiminin təkrarən tətbiq edilmədiyi müddətcə iqtisadiyyatın bərpa olunmasına töhfə verəcək.   

Qarabağın bərpası və digər əsaslı xərclər növbəti illərdə dövlət xərclərinin yuxarı həddə qalmasına və Neft Fondundan transferin tədricən artmasına gətirib çıxaracaq. 2021-ci ilin dövlət büdcəsində Qarabağda şəhərsalma və tikinti xərcləri üçün 2,2 milyard manat vəsait ayırmışdır. Bu xərclər üçün vəsaitin təqribən 0,8 milyard mantı 2021-ci il üçün nəzərdə tutulmuş ilkin xərclərin azaldılması, geridə qalan hissəsi isə əksərən digər əsaslı xərclərdən (təmir xərcləri başda olmaqla) qənaət edərək ayrılmışdır. Növbəti illər üçün isə Maliyyə Nazirliyinin hələlik orta-müddətli xərclərlə bağlı proqnozlarında heç bir xərcin daxil etmədiyini ehtimal etmək olar. Ancaq Qarabağın bərpası üçün tələb onun böyük məbləğlər hesabına və neft gəlirlərinin artımı ilə bərabər qənaət edilən xərclərin də tədricən büdcədə öz yerini tapması nəticəsində dövlət xərcləri növbəti 5 il ərzində əhəmiyyətli dərəcədə artacaq. Artan xərclər ilə bərabər, idxala və xarici valyutaya olan tələb çoxalacaq və manatın dəyərinin hazırki səviyyədə saxlanılması daha məsrəfli olacaq. 

 

Dövlət vergi gəlirlərinin proqnozu üstələməsi və xərclərin praktikaya əsasən proqnoz ilə müqayisədə nisbətən az icra olunması nəticəsində ilin sonu təklif olunan 3,1 milyardlıq kəsirdən daha kiçik bir büdcə kəsiri ilə yekunlaşacaq. 



Hazırkı ildə iqtisadı artımın gözlənilməsinə baxmayaraq, Maliyyə Nazirliyi 2020-ci il dövlət büdcəsinin icra olunan vergi gəlirlərindən daha az gəlir nəzərdə tutmuşdur. Vergi gəlirləri 2020-ci ildə kölgə iqtisadiyyatının rəsmiləşdirilməsinin sürətlənməsi nəticəsində böhrana baxmayaraq gözləntiləri üstələmiş və cari ildən isə iqtisadi artımla bərabər daha da çoxalacaqdır. Əvvəlki illərin təsdiq olunan büdcəsi ilə ilin sonunda icra olunan büdcəni müqayisə etsək, büdcə kəsirinin gözləniləndən hər zaman daha müsbət nəticələndiyini də görə bilərik.
 
Monetar siyasət və xarici sektor
Koronavirus dövründə beynəlxalq ticarətin axınına yaranan məhdudiyyətlər və qlobal iqtisadi böhran şəraitində əmtəə məhsullarına olan tələbin kəskin azalması nəticəsində həm neft, həm də qeyri-neft sektoru üzrə ixrac gerilədi.  Regiondakı dövlətlərin bir çoxunun valyutası əhəmiyyətli dəyər itirməsinə baxmayaraq, böhran ilə bağlı olaraq ölkədə idxalın da azalması və Mərkəzi Bankın müdaxilələri nəticəsində manatın dəyəri sabit saxlanıldı. 

2020-ci ildə neft qiymətlərinin kəskin enməsi və ikinci rübün sonlarından OPEC razılaşması ilə bağlı olaraq neft istehsalının azaldılması nəticəsində ixrac təqribən 30 faiz gerilədi. Keçən il 16 faiz daha çox qaz ixracı neft sektoru üzrə illik itkini qarşılamağa kifayət etmədi. Neft qiymətlərinin ilin sonuna doğru artması OPEC razılaşmasının hələ də qüvvədə qalması səbəbindən ixracda ciddi bir artıma səbəb olmadı.  Koronavirus şəraitində beynəlxalq ticarətdə ortaya çıxan fiziki əngəllər və əhalinin gəlirlərinin azalması nəticəsində təqribən 22 faiz daha az məhsul idxal olundu. İdxaldakı bu azalma manat üzərində təzyiqləri azaldaraq məzənnənin sabit saxlanılmasını nisbətən asanlaşdırdı. 


 
2020-ci ilin mart-aprel aylarında neft qiymətində kəskin azalmadan sonra manat üzərində yaranmış təzyiqlərə cavab olaraq Mərkəzi Bank xarici valyutanın satışını artırmaq və manatın dollara qarşı dəyərini sabit saxlamaqla de-fakto sabit valyuta rejiminə qayıtmış olduğunu bir daha təsdiq etdi. Növbəti illər ərzində devalyasiyanın qısa-müddətdə mənfi təsirlərini nəzərə alaraq Mərkəzi Bank manatın dəyərini sabit saxlamaqda davam edəcək, ancaq bu isə öz növbəsində qeyri-neft sektorunun (xüsusilə də turizm) xarici bazarda rəqabitliliyinə mənfi təsir etməklə bərabər gələcəkdə daha kəskin bir devalvasiyaya şərait yaradacaq.  

2020-ci ilin mart ayında neft qiymətlərinin kəskin azalmasından sonra devalvasiya gözləntilərinə görə manata tələb artmış, Mərkəzi Bank isə cavabında Neft Fondundan dövlət büdcəsinə transfer üçün ayrılan dollar vəsaitlərinin nəzərdə tutulan qrafikdən daha tez satışını təşkil etmişdir. Belə ki, sadəcə mart ayında 1,9 milyard, 2020-ci ilin ilk yarımilliyində isə 4 milyard dollar satışa çıxarılmışdır ki, bu bütün il üçün planlaşdırılan miqdarın 60 faizinə bərabər olmuşdur. Bazara bu müdaxilənin arxasında neft qiymətlərinin azalmasının çox davam etməyəcəyi və tədricən artan neft qiymətləri ilə bərabər bazarda spekulyativ təzyiqlərin də azalacağı istiqamətində gözləntilər dayanmışdır. Həm bu gözləntilərin qismən yerinə yetməsi, həm də koronavirus şəraitində idxalın azalması və həmçinin büdcənin dürüstləşdirilməsi nəticəsində Neft Fondundan transferin 800 milyon manat artırılması hesabına manatın dəyərini böhran müddətində saxlamaq mümkün olmuşdur. Artan transferin büdcənin maliyyələşdirilməsindən daha çox bazarda dollara tələbi qarşılamaq üçün olduğunu hesab etsək belə, bazara müdaxilənin çox ciddi bir əlavə xərc hesabına baş vermədiyini deyə bilərik. 

Manatın dəyərinin saxlanılması əhali arasında sabit məzənnə rejimi istiqamətində gözləntiləri gücləndirdi və gələcəkdə manatın bazarda dəyişikliklərə cavab olaraq tənzimlənməsini çətinləşdirdi.  

Növbəti illərdə artacaq dövlət xərcləri və əhali gəlirləri hesabına idxala olan tələb daha da güclənəcək və dövlət daha çox valyuta satışının təşkili üçün transferin miqdarını artıracaq. Dövlət büdcəsinin maliyyələşdirilməsində xarici borclanmanın ümumi borclanmada tədricən payının azaldılması manatın dəyərinin sabit saxlanılması üçün transferlərin əhəmiyyətini daha da gücləndirəcək. Buna görə də vergi sahəsində aparılan islahatlar nəticəsində qeyri-neft sektorundan büdcəyə daxilolmaların artırılmasına baxmayaraq,  devalvasiyaya aparmadan Neft Fondundan transferi azaltmaq mümkün olmayacaq. 

2021-ci ildə OPEC+ razılaşmasının davam etməsi səbəbilə neft qiymətərinin əhəmiyyətli artmasına baxmayaraq neft ixracı böhrandan əvvəlki səviyyəyə gələn ilin ortalarına qədər çatmayacaq.  Növbəti 5 il ərzində isə neft və qaz məhsullarının ixracından gələn gəlirlər büdcənin maliyyələşməsi və həmçinin manatın dəyərinin saxlanılması üçün tələb olunan xarici valyuta ehtiyatlarını təmin edəcək. 

OPEC və tərəfdaş ölkələrin razılaşmasına əsasən neft istehsalı üzrə məhdudiyyətlər 2022-ci ilin ortalarına qədər nəzərdə tutulub, ancaq qlobal iqtisadiyyatın bərpa tempindən asılı olaraq bu müddət uzadıla da bilər. Ancaq koronavirus ilə bağlı məhdudiyyətlərin bu ilin sonlarına kimi əhəmiyyətli dərəcədə aradan qalxması ilə bərabər, 2022-ci il ərzində Azərbaycanda neft istehsalı təbii səviyyəsinə yaxınlaşacaq. Yuxarı qiymətlər və təbii istehsal səviyyəsində xam neft növbəti 5 il ərzində mühüm xarici valyuta mənbəyi olmaqda davam edəcək.

Trans Adriatik Qaz kəmərinin tikintisinin başa çatması və ölkədə təbii qaz istehsalının artması ilə bərabər təbii qaz ixracında təqribən 15-20 faiz artım baş verəcək. Kəmərin illik 10 milyard kub metrlik nəqliyyat potensialına çatmaq üçün hasilat daxili bazardan xaricə yönəldilərsə, ixrac daha da artırıla bilər . Ancaq Şahdəniz yatağının investisiya xərclərinin repatriasiyası bitənə qədər bu ixracda Azərbaycana çatan gəlir aşağı səviyyədə qalacaq. Hasilatın pay bölgüsü üzrə razılaşmaya əsasən mənfəətin 50 faizi əsaslı xərclərin repatriasiyasına istifadə edilir və yerdə qalan hissəsi – bölüşdürülə bilən mənfəət xüsusi formula əsasında tərəflər arasında bölünür. Çəkilən xərclərin çoxluğu səbəbilə növbəti 5 il ərzində investisiya xərclərinin tam repatriasiyası mümkün olmayacaq və Azərbaycana düşən pay bölüşdürülən mənfəətin 45-55 faizi ətrafında dəyişəcək.  Müqayisə üçün qeyd edim ki, 2020-ci ildə 2,2 milyard ABŞ dollarına çatan qaz ixracından Azərbaycana (SOFAZ-a) düşən pay effektiv olaraq təqribən 10 faizə və ya  223 milyon dollara bərabər olmuşdur. 

Yekun
Ümumilikdə, Azərbaycanı növbəti 5 il ərzində sabit və müsbət iqtisadi mühit gözləyir. 

İqtisadiyyatın neft və qaz sektorundan və istehlakçıların idxal məhsullarından asılılığı davam edəcək. Ancaq neft və qaz gəlirləri iqtisadi dayanıqlılığın təminatına yetəcək səviyyədə qalacaq. Uzunmüddətli dövrdə isə iqtisadiyyat şaxələndirilməli və nefdən asılılıq tədricən aradan qaldırılmalıdır. 

  • Dövlətin hazırkı yanaşması onu deməyə imkan verir ki, manatın dəyəri bu dövrdə sabit saxlanılacaq. Sözügedən amil istehlakçıların gəlir səviyyəsini qaldırmağa kömək etsə də, qeyri-neft sektorunun xarici bazarda rəqabətliliyinə mənfi təsir edəcək. 
  • Manatın alıcılıq qabiliyyəti sabit məzənnə şəraitində artacaq və idxal əhalinin artan gəlirləri ilə bərabər çoxalacaq. Artan idxal manatın dəyəri üzərində təzyiqləri çoxaldacaq və manatın dəyərinin saxlanılması daha çox xarici valyuta ehtiyatlarının satışı hesabına başa gələcək. 
  • Koronavirus sonrası iqtisadi aktivliyi bərpa etmək, Qarabağda tikinti və şəhərsalma işlərini həyata keçirmək və ölkənin müdafiə potensialını gücləndirmək məqsədilə dövlət xərcləri artacaq.
  • Neft Fondundan transfer həm dövlət büdcəsinin əsas gəlir mənbəyi, həm də sabit məzənnə siyasətinin təminatçısı olmaqda davam edəcək. Artan dövlət xərcləri transferin miqdarının tədricən artmasına gətirib çıxaracaq.
  • Uzunmüddətli dövrdə (5-10 il) neft gəlirləri azaldığı zaman isə valyuta ehtiyatlarının azalmasının qarşısını almaq üçün dövlət kəskin devalvasiya etmək məcburiyyətində qalacaq. 

 


Digər yazılar