POLITICON.COM

Poroşenko: ikinci dəfə prezident seçilmək istəyən oliqarx

Poroşenko: ikinci dəfə prezident seçilmək istəyən oliqarx

Petro Poroşenko ikinci dəfə Ukrayna prezidenti vəzifəsinə seçilmək üçün çalışır. 1991-ci ildə Ukraynanın müstəqillik qazanmasından bəri 4 prezidentdən yalnız biri – Leonid Kuçma iki dəfə seçilə bilmişdi (1994-2004). Bəs Poroşenko ikinci prezidentlik müddətinə layiqdirmi? Onun bu məqsədə çatmaq şansı varmı?

Zəngin siyasi təcrübəyə malik Poroşenko ilk dəfə 1998-ci ildə Rusiya prezidenti Vladimir Putinə yaxın olan Viktor Medvedçukun idarəçiliyi altındakı Vahid Sosial Demokrat Partiyasının üzvü olaraq Parlamentə daxil olmuşdu. Poroşenko, həmçinin, 2013-2014-cü il Avro-maydan etirazlarına görə hakimiyyətdən salınmış Viktor Yanukoviçin prezidentliyi ilə iqtidara gəlmiş Regionlar partiyasının qurucularından biri idi. 2004-cü il Narıncı inqilabın tərəfdarı və maliyyə dayağı olmuş Poroşenko inqilabdan sonra Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsində çalışmışdır. Viktor Yuşşenkonun dövründə xarici işlər naziri, Yanukoviçin zamanında isə ticarət və iqtisadi inkişaf naziri vəzifəsində xidmət etmişdir.

Müttəfiq dəyişdirmə xasiyyətinə görə (Taras Kuzio) onu “siyasi buqələmun” belə adlandırıblar (Taras Kuzio). Poroşenko “Roşen” şokolad fabrikinin və ona əhəmiyyətli dərəcədə siyasi nüfuz qazandıran “Kanal-5” televiziya şəbəkəsinin sahibi kimi məşhur və varlı oliqarx kimi tanınırdı. O, 2014-cü ilin yayında Kiyevdə baş verən kütləvi və faciəli etirazlardan sonra, seçkilərin ikinci turunda əzəli rəqibi Yuliya Timoşenkoya qalib gələrək prezident seçilmişdir.

Hakimiyyətə gələrkən, əsas məqsədləri Ukraynanı yenidən dirçəltmək, Rusiya ilə Donbas və ilhaq edilmiş Krımda dalana dirənmiş konflikti həll etmək, ölkəni daha sabit bir hala gətirmək və onu sələfi tərəfindən rədd edilən Assosiativ sazişi imzalayaraq qəti şəkildə Avropa Birliyinə doğru aparmaq idi. O,  həmçinin ağır silahların və qüvvələrin döyüş bölgəsindən çıxarılmasını, Donetsk və Luqansk bölgələrinə daha çox muxtariyyət vermək üçün Ukrayna Konstitusiyasına düzəlişlər edilməsini nəzərdə tutan Minsk razılaşmasını (2015-ci ilin fevralında imzalanmışdı) dəstəkləyirdi.

Amma beş ildən sonra Ukrayna əhalisi onun prezidentliyindən yorulub. Sorğular göstərir ki, respondentlərin 70%-i ona etimad göstərmir; bu, 2019-cu il prezident seçkilərindəki namizədlər arasında ən yüksək göstəricidir. Onun müsbət reytinqi təxminən 13% təşkil edir. Bu göstərici onun ikinci yer uğrunda Timoşenko ilə mübarizəyə girdiyini göstərir. Seçkilərə üç həftədən az bir vaxt qaldığı dövrdə birinci yeri isə 20%-dən çox reytinqə sahib olan siyasi neofit və televiziya ulduzu Vladimir Zelenski tutur.

Poroşenko “Ya mən, ya da Putin”seçki şüarından istifadə edir ki, bu, yalnız onun Putinə qarşı durmaq iqtidarında olduğunu vurğuladığı üçün rəqiblərinin təhqiri kimi qəbul olunur. “Namizədlər çoxdur, lakin prezident birdir” isə Putinin 2012-ci ildəki prezident seçkilərində istifadə etdiyi şüarın eynisidir. 

Ukraynanın əsas şəhərlərində yapışdırılan “Ordu! Dil! İman!” tipli əvvəlki şüarlar isə Poroşenkonun kampaniyanın üç sahəsini izah edirdi: ordunu yenidən qurulması, Ukrayn dilinin önə çəkilməsi və Ukrayna pravoslav kilsəsini Rusiyanın idarəçiliyindən çıxarılması.

Lakin reallıq budur ki, Ukrayna üçün qətiyyəli döyüşçü obrazını yaratmaq üçün artıq gecdir. Kim bilir, bəlkə də Poroşenko bunu bacara bilər, lakin onun prezidentliyi gözləntiləri qarşılamaqda uğursuz oldu.

Bu gün Ukrayna, hətta Moldovanı geridə qoyaraq Avropanın ən kasıb dövlətinə çevrilib. Bu tənəzzül bir tərəfdən Rusiyanın dəstəklədiyi separatçılarla münaqişə nəticəsində iqtisadi əhəmiyyəti olan ərazilərin itirilməsi ilə izah oluna bilər. Krım iqtisadi baxımdan elə də böyük itki olmasa da, Rusiyanın Kerç boğazı üzərində Krım körpüsünü inşa etməsi və Azov dənizində hərbi-dəniz qüvvələrini gücləndirməsi Odessa, Berdyansk və Donetsk bölgəsindəki Mariupol limanları arasındakı dəniz ticarətinə ciddi bir zərbə vurmuşdur.

Digər tərəfdən isə, kasıblığın səbəbi kimi Ukraynada rüşvətxorluğa və oliqarxlar tərəfindən idarəçiliyə qarşı mübarizənin uğursuzluğa düçar olması göstərilir. Firtaş və Kolomoyski kimi bəzi oliqarxlar zəifləyərkən,  Gennadi Boqolyubov, Yuri Kosik, Kostyantin Jevaqo və əlbəttə ki Poroşenko kimilər daha da güclənmişdir.  Rinat Əhmədov və sabiq prezident Kuçmanın kürəkəni Viktor Pinçuk da daxil olmaqla digər oliqarxlar isə konflikt vaxtı verdikləri itkilərə baxmayaraq öz  bizneslərini dirçəldə bildi. Yuxarıda adlarını çəkdiklərimizin hamısı əhalinin son beş ildəki taleyi ilə təzad yaradan milyarderlərdir. 

Ordu Poroşenkonun hakimiyyəti altında gücləndiyi vaxtda, hökumətlə zəif əlaqələri olan silahlı yarımhərbi qruplaşmalar da inkişaf etmişdir. Məşhur “Azov” briqadası və C14 qrupundan formalaşmış Milli Korpu kütləvi yürüşlər, həmçinin qaraçı düşərgələrinə, LGBT tədbirlərinə hücumlar təşkil edirdi. Prezident isə bunlara qarşı heç bir etiraz əlaməti göstərmirdi. Bu qruplar hökumətdən Xarkovun keçmiş qubernatoru və indiki daxili işlər naziri Arsen Avakovla müəyyən bağlara malikdir. Poroşenko isə bu cür hücumları qınamaq əvəzinə səssizliyi ilə seçilir. Hazırda bu silahlı dəstələr sərbəst və heç bir cəza almadan fəaliyyət göstərir.

2015-ci ilin “Yaddaş Qanunları” KQB-nin əvvəllər qadağan edilmiş arxivlərinin açılması, kommunist heykəllərinin, gerblərinin, şəhər və küçə adlarının silinməsi ilə nəticələndi. Bununla yanaşı, onlar İkinci Dünya Müharibəsi dövrünə aid millətçiləri qəhrəmanlaşdıran narrativi davam etdi və dərinləşdirdi. Buna cavab isə  Ukraynanın AB-dəki ən yaxın müttəfiqi Polşadan gəldi: 2016-cı ilin iyulunda Varşava 1943-cü ildə Ukrayna Millətçiləri Təşkilatı tərəfindən Volında etnik polyaklara qarşı törədilmiş qətliamı soyqırım elan etdi. Bu cür tədbirlər 2014-2015-ci il hadisələri ilə onsuz da sarsılmış ölkəni birləşdirmək əvəzinə bölünməsinə şərait yaradır.

Poroşenkonun beş illik hakimiyyət dövrü nüfuzlu xarici əsilli nazirlərin istefaları ilə diqqət çəkdi: Ticarət və İqtisadiyyat naziri Aivaras Abromavacius (Aivaras Abromavičius) (Litva) (2014-2016), Səhiyyə naziri Aleksandr Kvitaşvili (Gürcüstan) (2016-2018), Maliyyə naziri Natali Yaresko (Natalie Jaresko) (ABŞ) (2014-2016), habelə, BVF-in korrupsiyanın azaldılmasında irəliləyiş əldə edilməyəcəyi təqdirdə kreditləri azaltmaqda hədələdiyi üçün “real dəyişikliklər” tətbiq edilməməsinə görə prezidenti tənqid edən Baş nazir Arseni Yatsenyuk (2014-2016).

Poroşenko Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini 2015-ci ilin mayında Odessa vilayətinin qubernatoru təyin etdi və korrupsiyaya qarşı mübarizə tapşırığı ilə ona Ukrayna vətəndaşlığı verdi. On səkkiz ay sonra Saakaşvili işdən çıxarıldı və o, Poroşenkonu, vəzifəsini icra etməyə mane olmaqda günahlandırdı. 2017-ci ilin iyulunda Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etdi. İlkin təyinat prezidentin əsas səhvi ola bilərdi, amma sonrakı davranışı ona etimadı bir qədər də azaltdı.

Yəqin ki, hər şeydən əvvəl, ukraynalılar dəyişikliklərin azlığına görə qəzəblidir: korrupsioner oliqarxlara qarşı onlarla məhkəmə işi ilə bağlı heç vaxt hökm oxunmayıb. 2014-cü ilin fevral ayında Kiyev Meydanında “Səmavi Yüzlüy”ün ölümü də oxşar sonluqla nəticələnib. Hələ də günahkarların heç biri məsuliyyətə cəlb edilməyib.

Ali Ədliyyə Şurasının dörd üzvü korrupsiyada ittiham olunur. Eyni şəkildə, “Kiyev Post”un jurnalisti Oleq Suxovun yazdığına görə (21 dekabr 2018), əsas Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi 2018-ci ilin iyul ayında Avakovun oğlu Aleksandrın da aid olduğu mənimsəmə faktı da daxil olmaqla bir sıra müxtəlif cinayətlərin məhkəmə işini dayandırıb. Suxov onu da qeyd edirdi ki, hökumət Yanukoviçin oğlu Aleksandr tərəfindən idarə olunan Ukrayna İnkişaf Bankının dondurulmuş vəsaitlərini azad etdikdə bu vəsaitin 2 milyard dolları Poroşenkonun Beynəlxalq İnvestisiya Bankına köçürülmüşdür.

Bu, bugünkü Ukraynadır və demək olar ki, Yanukoviçin Ukraynasından əhəmiyyətli ölçüdə və ya maddi olaraq fərqlənmir. Onun təqdimatı sadəcə daha fərqlidir. Poroşenkonun yenidən prezidentliyə iddia etmək üçün vəsaiti və gücü var, amma bir çox ukraynalı dəyişiklik axtarışındadır və bu heç də  təəccüblü deyil. Ukrayna üzrə təcrübəli analitik Timoti Eşin (Timothy Ash) də qeyd etdiyi kimi, “Poroşenko bir çox ukraynalının sadəcə nifrət etdiyi Ukrayna oliqarxik isteblişmentinin arxetipik nümayəndəsidir”. Lakin onlar daha beş il də eyni əziyyəti çəkə bilərlər.

 

Müəllif haqqında: 

Devid Marplz (David R. Marples) kanadalı tarixçi və Alberta Universitetinin Tarix və Klassika fakültəsinin professorudur. O, Belarus, Rusiya və Ukraynanın tarixi və müasir siyasəti üzrə ixtisaslaşmışdır. O, Belarus, Rusiya və Ukraynanın tarixi və hazırkı siyasi vəziyyəti ilə bağlı bir sıra kitab və məqalələrin müəllifidir.


Digər yazılar