Politicon.co
30 illlik Azərbaycan-Ermənistan müharibəsindən sonra Qarabağda bərpa prosesi
Bu gün Dağlıq Qarabağdakı dağıntılar qafqazlı qonşular Azərbaycanla Ermənistan arasında 30 il davam etmiş və keçən il nəhayət Azərbaycan ordusunun qələbəsi ilə başa çatmış müharibənin dəhşətlərini bütün gerçəkliyi ilə gün işığına çıxarır.
Dağlıq Qarabağ beynəlxalq icma tərəfindən Azərbaycanın bir hissəsi kimi tanınır, lakin ötən ilki müharibəyə qədər bu bölgənin əhalisinin əksəriyyətini etnik ermənilər təşkil edirdi. SSRİ dövründə ittifaqın lideri İosif Stalin Dağlıq Qarabağa Azərbaycan SSR daxilində muxtar vilayət statusu vermişdi.
SSRİ-nin süqutunun başlanğıcında 1988-ci ildə Muxtar Vilayətin Azərbaycandan ayrılmaq və Ermənistana birləşmək qərarına gəlməsi ilə başlayan ilk qarşıdurma bu iki qonşu arasında böyük nifrətə səbəb oldu.
Ermənistan, regionu, o cümlədən ona bitişik digər əraziləri işğal etdi və 1994-cü ildə burada “Artsax Respublikası” elan etdilər. Təxminən otuz il sonra Azərbaycan bunun əvəzini çıxdı və keçən ilki müharibədə birinci müharibə zamanı itirdiyi demək olar ki, bütün əraziləri geri qaytardı.
Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması ilə bağlı ötən ilin noyabrında razılaşma imzaladı və rus sülhməramlıları paytaxt Xankəndi də daxil olmaqla Qarabağın digər bölgələrində yerləşdirildi.
Hadisələrin bu yöndə inkişafına və nəticədə itirilmiş ərazilərin Azərbaycan tərəfindən geri qaytarılmasına bir neçə amil kömək etdi. Bunlardan mühüm olanlar arasında ordunun modernləşdirilməsi və Türkiyə ilə İsraildən müharibədə vacib rol oynayan pilotsuz uçuş aparatları kimi bahalı hərbi texnikanın alınmasıdır. Azərbaycan ilk növbədə böyük neft ehtiyatlarına və bu sənayenin ölkədə inkişaf etməsinə görə Ermənistandan daha güclü iqtisadiyyata malikdir.
Bu cür silahların köməyi ilə Azərbaycan ordusu cəmi 44 gündə Ermənistan ordusunu məğlub edərək təslim olmağa məcbur etdi.
Bakının ortasında, son hərbi toqquşmalar zamanı erməni tərəfinin istifadə etdiyi tankların, topların və digər silah və texnikanın, o cümlədən dəbilqələrin nümayiş edildiyi qənimətlər parkı da qurulub.
Bu gün Azərbaycan hakimiyyəti dağıdılmış infrastrukturun bərpasına diqqət yetirir, yavaş-yavaş bölgənin bərpası və 1990-cı illərdə evlərindən qovulmuş əhalinin geri qaytarılması prosesinə başlayır.
Dağlıq Qarabağın bugünkü görünüşü tərk edilmiş şəhərlər, dağıntılar və saysız-hesabsız mina sahələrindən ibarətdir.
Bəzi hesablamalara görə, on illərdir davam edən münaqişə nəticəsində 35 mindən çox insan həlak olmuş və bir milyon insan məcburi köçkünə çevrilmişdir. Onların əksəriyyəti artıq ölkənin başqa yerlərində yeni həyat şəraiti qursa da, bəziləri köhnə evlərinə qayıtmağa hazırdır.
Bakıda yaşayan 26 yaşlı tur bələdçisi Eldar Həmzənin ailəsi də onlardan biridir. Eldarın valideynləri ilk münaqişədən əvvəl Dağlıq Qarabağ yaxınlığındakı 17 mindən çox əhalisi olan Füzuli şəhərində yaşayıb. Bu gün Füzuli praktiki olaraq yalnız dağıntılar və minalardan ibarət bir kabus şəhəridir.
Azərbaycanın paytaxtı Bakıda anadan olan Eldar deyir ki, son on ildə ailəsi Füzulidəki evlərinə qayıtmaq ümidini demək olar ki, itirmişdi.
Onun sözlərinə görə, “1993-cü ildə ailə üzvlərim məcburi köçkün kimi Bakıya yerləşdi. Uşaqlıqda Füzuliyə bu il, gələn il, gələn yay, növbəti tətil və s. qayıdacağımızdan danışırdılar, lakin təxminən 2000-ci illərdə bunun heç vaxt baş verə bilməyəcəyi ehtimalı ilə barışdılar. Füzulidən olan bəzi qonşularımız Bakıda yataqxanalarda yaşayırdılar, onlar sadəcə bütün vəziyyəti müvəqqəti hesab edirdilər və Bakıda yeni ev almaq istəmirdilər”.
“Anam 2019-cu ildə vəfat etdi və vəfatından əvvəl nəşinin atasının dəfn olunduğu Füzuliyə aparılmasını istədi” – deyən Eldar bu il və ya gələn il nəhayət anasının son arzusunu yerinə yetirə biləcəyini söylədi.
Azərbaycan hakimiyyəti üçün əhalinin Dağlıq Qarabağa və Füzuli kimi digər ərazilərə qayıtması olduqca çətin olacaq, çünki görüləsi ilk iş bölgənin minalardan təmizlənməsi və əsas infrastrukturun qurulmasıdır.
Məsələn, Füzulidə hava limanının tikintisi artıq başa çatıb. Onlar şəhəri və onun ətrafındakı bütün mina sahələrini təmizləmək üçün gecə-gündüz çalışırlar.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, Dağlıq Qarabağ dünyanın ən çox minalanmış bölgələrindən biridir.
“Qarabağ ən çox minalanmış bölgələrdən biridir, çünki bu minalama prosesi həm 1990-cı illərdə, həm də keçən il həyata keçirilib,” ANAMA-nın əməkdaşı Natiq Əsədov bildirib. “Mina təmizləyicilərimizin bütün səylərinə baxmayaraq, bu il mina partlayışları nəticəsində ən az 20 azərbaycanlı həyatını itirib”.
Ağdam şəhəri isə bəlkə də kabus şəhərlərdən ən böyüyüdür. Birinci müharibədən əvvəl oranın 30 minə yaxın əhalisi vardı. İndi isə erməni ordusu tərəfindən dağıdılmamış və daha çox hərbi oriyentir kimi istifadə edilən məscid istisna olmaqla, şəhər tamamilə məhv edilmişdir.
Ağdamın yenidən qurulması Azərbaycan hakimiyyətinin artıq gənc əhalini cəlb edəcək və gələcəkdə ölkə iqtisadiyyatının sütunlarından birinə çevriləcək bir bölgə olaraq Dağlıq Qarabağla bağlı planlarının simvoluna çevrilir.
Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyir ki: “Tək Ağdamda deyil, bütün Qarabağ bölgəsində yanaşmamız budur ki, rekonstruksiya işləri çox yaxşı planlaşdırılmış şəkildə həyata keçirilməlidir. Gördüyünüz kimi, burada heç bir şəhər qalmayıb, ona görə də biz onu dağıntılar içindən bərpa edəcəyik. Qarabağı cənnətə çevirmək istəyirik ki, 28 il əvvəl evlərini tərk etmək məcburiyyətində qalan vətəndaşlarımız indi bura qayıda bilsinlər.”
“Hazırda ən vacib və əsas olan infrastruktur qurulduqdan sonra tezliklə şəhərin inşasına başlanacaq. Planlarımıza görə, Ağdam Azərbaycanın dördüncü böyük şəhəri olacaq və orada 100 min nəfər yaşayacaq.”
Buna baxmayaraq, geri dönən azərbaycanlılarla Qarabağın bəzi bölgələrində yaşayan ermənilər arasında gələcək münasibətlərin necə olacağı hələ də sual altındadır. Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanan atəşkəsə əsasən, bölgədəki rus sülhməramlılarının mandatı 5 il davam edəcək və münaqişənin bütün tərəfləri tərəfindən razılaşdırılarsa, bu müddət uzadıla bilər.
Bakıda yerləşən Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynovun sözlərinə görə, Azərbaycanda çoxları qanlı Dağlıq Qarabağ münaqişəsinin sona çatdığına və indi Azərbaycanın və Ermənistanın münasibətləri normallaşdıracaqlarına inanmaq istəyir.
“İnanıram ki, bir neçə ildən sonra Rusiyanın himayəsində olan ərazi və orada yaşayan erməni icması Azərbaycana yenidən inteqrasiya olunacaq. Həm 1990-cı illərdə, həm də keçən il əksəriyyəti gənclər olmaqla bir çox insan, bəzən də mülki şəxslər həyatını itirdi. Hər iki tərəfdə itkilər var və mən hesab edirəm ki, indi hamımız münaqişənin əbədi bitdiyinə inanmalıyıq”, - Hüseynov bildirib.
Onun sözlərinə görə, indi hər iki tərəf sülh içində birgə yaşamağı və bölgənin iqtisadi inkişafını düşünməlidir. “Qarabağ, Ağdam və digər bölgələr bütün icmaların – azərbaycanlıların və ermənilərin sülh və dostluq şəraitində yaşadığı ərazi olmalıdır”.
Boyan Stoykovski
Məqalənin orijinalı 23 sentyabr 2021-ci ildə Şimali Makedoniyanın MKD.mk səhifəsində dərc olunub.
Topçubaşov Mərkəzinin əməkdaşı Gülxanım Məmmədova tərəfindən tərcümə və Rusif Hüseynov tərəfindən redaktə edilmişdir.
- ETİKETLƏR :
- Azərbaycan
- Ermənistan
- Müharibə
- Qarabağ
- sülh
- MÖVZULAR :
- Münaqişə və barışıq
- BÖLGƏLƏR :
- Rusiya və MDB