POLITICON.COM

Andreas Umland: Niyə Bakı və İrəvan arasında danışıqlar yeganə yoldur?

Andreas Umland: Niyə Bakı və İrəvan arasında danışıqlar yeganə yoldur?

Göründüyü qədərilə Dağlıq Qarabağ ətrafında münaqişə yenidən dondurulmuş formata keçib və hələ də həll olunmamış qalır. Demək olar ki, regionda mövcud durum 2020-ci ildə Ermənistan və Azərbaycan arasında müharibədən əvvəl olduğu kimi hələ də hər an partlamağa hazır bomba vəziyyətindədir. Ümumi postsovet geosiyasəti, beynəlxalq münasibətlər və hüquq baxımından münaqişənin həlli üçün iki məsələ həlledici önəm daşıyır.

İlk olaraq, beynəlxalq arenada Dağlıq Qarabağ haqqında erməni narrativinin mövcud olmaması və ya tamamlanmaması Ermənistan, Qarabağ, Qafqaz və postsovet regionundakı vəziyyət ilə çox da əlaqəli deyil. Ermənilərin uğursuz ərazi iddiası tarixi və ya demoqrafik əsaslandırmanın olmaması ilə bağlı deyil. Əksinə, onların Qarabağ tarixinin bəzi dövrlərində qismən möhkəm təməlinin olması və narrativlərinin Ermənistanın hüdudlarından kənarda yalnız məhdud şəkildə qəbul edilməsi paradoksal haldır. 

Erməni araşdırmaçıların Qarabağın müstəqilliyi və ya Ermənistana ilhaq edilməsi üçün spesifik tarixi faktları seçərək təbliğ etməsi dünyanın fərqli bölgələrində digər millətçilər tərəfindən tətbiq olunan strategiyaya bənzəyir. Bir çox millətçilərə görə, bütün dünyada Qarabağ kimi onların tarixi və ya demoqrafiyası baxımından siyasi cəhətdən “yerində olmayan” bir sıra ərazilər var. Odur ki, erməni tərəfinin Azərbaycanın parçalanmasına və hətta Ermənistanın ərazisini genişlənməsinə bəraətin beynəlxalq səviyyədə qəbul edilməsi Pandora qutusunu aça bilər. Bu səbəbdən, Dağlıq Qarabağın "azad edilməsi" uğrunda ermənilərin səylərinin geniş ictimaiyyət tərəfindən qəbul edilməsi real görünmür. Bunun əvəzinə, Ermənistan hökuməti, xalqı və diasporu Azərbaycanla birbaşa danışıqlar yolu ilə bu dilemmanın həllini tapmağa çalışmalıdır.

Azərbaycan üçün isə hazırda Qarabağdakı qələbəyə görə sevinc və qürur vaxtıdır. Lakin unutmaq olmaz ki, Cənubi Qafqaz ətrafında mövcud geosiyasi çarx hər zaman dəyişə bilər. Əsas regional aktorlar - Rusiya, Türkiyə və İran rejim dəyişikliyinə meyilli avtoritar hökumətlərə sahibdirlər. Bu da o deməkdir ki, gələcəkdə Moskva, Ankara və Tehranın xarici siyasət prioritetlərində köklü dəyişikliklər baş verə bilər.

Məsələn, gələcəkdə Rusiyada daha fundamentalist bir prezident Qarabağ tarixinin xristian-pravoslav aspektinə görə məsələyə Vladimir Putindən fərqli yanaşma göstərə bilər. Yaxud gələcəkdə hakimiyyətə gələcək Avropa tərəfdarı Türkiyə lideri ölkəsinin Azərbaycana dəstəyini azalda bilər. Bütün bölgə geosiyasi cəhətdən qeyri-müəyyən, təşkilati cəhətdən inkişafdan geri qalan, potensial olaraq isə qeyri-sabitdir.

Rəsmi Bakı 2020-ci ildə özünəməxsus geosiyasi vəziyyətdən istifadə edərək uğurlu hərbi kampaniya apardığı kimi İrəvan da gələcəkdə Ankara, Moskva və Tehranda öz xeyrinə dəyişikliklər gördüyü halda bu şansdan yararlanıb ərazi iddialarını reallaşdırmağa cəhd göstərə bilər. Buna görə də Azərbaycan güclü xarici aktorlara güvənməklə Ermənistanın səhvini təkrarlamamalıdır. Münaqişənin həlli daxili səfərbərliyi, hərbi potensialı və geosiyasi ittifaqları gücləndirməkdən yox, Bakı ilə İrəvan arasında birbaşa danışıqlardan asılıdır. Ermənistan və Azərbaycan üçün Avropa Şurası və ya Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi qurumların əvəzinə münaqişələrin həlli üçün daha təsirli platformalar təmin edəcək köhnə və yeni çoxtərəfli beynəlxalq, eləcə də regional təşkilatlarla daha sıx əlaqədə olmaq daha məqbul variant olardı.

 

Mətnin orijinalı ilk dəfə burada dərc olunmuşdur.

 


DİGƏR YAZILAR