Politicon.co

Qərbi Səhra məsələsi: dünəni və bu günü

Qərbi Səhra məsələsi: dünəni və bu günü

 

Qərbi Səhra məsələsi: Dünəni və bu günü

Afrika materiki əsrlər boyu öz zəngin resursları, geostrateji mövqeyi, ticarət yollarına nəzarət imkanlarına görə Avropa dövlətlərinin diqqətini cəlb etmiş və Fransa, Niderland, Belçika, İngiltərə kimi ölkələrin koloniyalaşdırma siyasətinə məruz qalmışdır. Burada Şimali Afrika regionunu onun Avropa qitəsinə yaxınlığı, Aralıq dənizinə çıxışı və Cəbəllütariq boğazına nəzarət etmə imkanına görə xüsusilə fərqləndirə bilərik.

XX əsrdə qlobal siyasətdə tektonik dəyişiklərin baş verməsi ilə bir sıra köhnə imperiyalar da əvvəlkini gücünü itirməyə, öz yerini koloniyaların ərazisində yeni yaranmış dövlətlərə buraxmağa məcbur oldu. Lakin dekolonizasiya dönəmi etnik konfliktlərdən tutmuş ərazi mübahisələrinə qədər fərqlənən yeni münaqişələrin də təməlini atmış oldu. Bu cür siyasi vakuumun yarandığı regionlardan biri də uzun illər ispan hakimiyyəti altında öz mövcudluğunu davam etdirmiş Mərakeş Səhrasıdır (beynəlxalq mətbuatda Qərbi Səhra kimi də tanınır).

Tarixə baxış

Mərakeş krallığı 3 tərəfdən - mərkəzdən fransızlar, şimal və cənubdan ispanlar, Tanjer şəhərində isə 12 ölkənin iştirak etdiyi birgə beynəlxalq administrasiya tərəfindən kolonizasiya edilmişdi. 1956-cı ildə öz müstəqilliyini elan etməsinə baxmayaraq hələ də ərazisinin bir hissəsi işğal altında olan Mərakeş ərazi bütövlüyünün bərpası üçün beynəlxalq hüququ əsas gətirərək BMT-yə müraciət etdi. Bundan əvvəl Sintra və Fez müqavilələrinə uyğun olaraq Taftay şəhəri 1958-ci ildə, Sidi İfni şəhəri isə 1969-cu ildə Mərakeşə geri qaytarılmışdı. Qərbi səhra və Sidi İfni ərazisi müzakirə olunan ziddiyyətli paketin bir hissəsi idi. BMT-nin 1965-ci il tarixli 2072 saylı qətnaməsinə uyğun olaraq, ispan hökuməti Sidi İfni və Qərbi Səhra regionlarını azad etməli idi. İspaniya ilkin mərhələdə Sidi İfni şəhərini tərk etməyə razı oldu, lakin bunun əvəzinə Seqiet-el-Xamra (Cəbəllütariq) və Ued Ed-Daxab (Səhranın cənub hissəsi) regionlarından çıxışını təxirə saldı.

1971-ci ildə Mərakeş universitetlərində təhsil alan bir qrup Səhraəsilli gənc Seqiet-el-Xamra və Rio de Oronun Qurtuluşu üçün İlkin Hərəkat kimi tanınan üsyanın təməllərini atdı. Mərakeş üsyançıların Səhranı azad etmək üçün İspaniyaya qarşı hərbi əməliyyatlar başlatması üçün yardım istəyini rədd etdi. Əlcəzair və Liviya isə gələcəkdə Mərakeşə baş qaldıracaqları və müstəqillik istəyəcəkləri şərti ilə tələbələrə yardım etməyə qərar verdi. Beləliklə hərəkat silahlı bir üsyan başlatmaq üçün İspaniyanın nəzarətindəki Qərbi Səhraya köçdü, lakin Mərakeş və Mavritaniyaya qarşı hücumlarını 1975-ci ildən etibarən həyata keçirməyə başladı.

1973-cü ildə İspan müstəmləkəçiliyinə hərbi yolla son qoymaq üçün Mavritaniyanın Euerat şəhərində Polisario Cəbhəsi formalaşdı. 1975-ci ildə Simeon Akenin rəhbərlik etdiyi Birləşmiş Millətlər Təşkilatının ispan Səhrasına səfər missiyası səhravilərin Polisario Cəbhəsi ölkədəki ən güclü siyasi qüvvə olduğunu təsbit etdi.[1]

1975-ci ildə İspaniyanın bu əraziləri tərk etməsi və region üzərində inzibati nəzarətin Mərakeş və Mavritaniyaya verilməsi ilə münaqişənin ilk toxumları səpilmiş oldu. Eyni ildə Elə həmin il Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Mərakeş və Mavritaniyanın ərazi ilə tarixi əlaqələrini tanımasına baxmayaraq, bunun Mərakeşin bu ərazilər üzərində suverenlik haqqına sahib olduğu mənasına gəlmədiyi barədə tövsiyyə rəyi verdi.[2] BƏM tərəfindən verilən bu qərar Rabatda ciddi narazılıqla qarşılandı. Əlcəzair və Liviya tərəfindən dəstəklənən Polisario Cəbhəsi regionda müstəqil bir səhravi dövləti qurmağı arzulayaraq digər qüvvələri bölgədən çıxartmaq üçün həm Mavritaniya, həm də Mərakeş ilə bir-birinin ardınca müharibələr apardı. 1979-cu ildə Mavritaniya mübahisəli ərazidən qüvvələrini çıxardı və BMT-nin mediatorluğu ilə 1991-ci ildə atəşkəs elan olundu. Səhravi qaçqınları münaqişə nəticəsində doğma yurdlarından didərgin düşdü; hazırda, əksəriyyəti hələ də Əlcəzairin Tinduf vilayətindəki qaçqın düşərgələrində yaşayır. Qeyd etmək lazımdır ki, onların əksəriyyəti Əlcəzair və Liviya tərəfindən zorla saxlanılmışdı.

Referendum və danışıqlar prosesi

1992-ci ildə keçirilməsi planlaşdırılan referendum Qərbi Səhranın yerli əhalisinə müstəqillik və ya Mərakeşə inteqrasiyanı təsdiqləmək arasında seçim etmək məqsədi daşıyırdı, lakin tez bir zamanda bu barədə danışıqlar dayandırıldı. Mübahisənin mərkəzində potensial seçicilərin müəyyən olunması durur. Polisario, yalnız 1974 İspan siyahıyaalma siyahısında qeydə alınanların səs razı olacağını bildirdi. Mərakeş isə siyahıyaalmanın köç səbəbi ilə səhv olduğunu və ispan istilasından şimala qaçan səhravi qəbilələrinin də seçici siyahısına daxil edilməsini tələb etdi.[3] Mərakeş tərəfi qeyd edir ki, BMT-nin müəyyən etdiyi 64 haldan yalnız üçündə müstəqillik və ya muxtariyyət tələb edən tərəf referendum vasitəsilə öz məqsədinə çatmışdır və adı çəkilən təşkilatın rəsmi sənədlərində referendum mexanizmləri müəyyən edilməyib. Nəticə olaraq, separatist Polisario Cəbhəsi referendumun baş tutmamasında Mərakeşi günahlandırır və yaxın gələcəkdə bu məsələ ilə bağlı hər hansı müsbət dəyişikliyin baş tutacağını demək bir qədər çətindir.

2006-cı ildə Mərakeş Krallığı Səhravi Məsələləri üzrə Məsləhət Şurası (CORCAS) Qərbi Səhranın muxtariyyətini özündə ehtiva edən plan təklif etdi və təşəbbüslərini izah etmək, eyni zamanda dəstək toplamaq üçün bir sıra ölkələrə səfərlər gerçəkləşdirdi. Plan 2007-ci ildə BMT Təhlükəsizlik Şurasına təqdim edildi və bütün Təhlükəsizlik Şurası üzvləri tərəfindən “ciddi və etibarlı” sənəd kimi hesab edildi. 2007-ci ildən BMT Təhlükəsizlik Şurası referenduma çağırışlara son qoydu və Əlcəzair daxil bütün tərəfləri “davamlı, qarşılıqlı güzəştə əsaslanan həll” üçün səy göstərməyə çağırdı. Bu qətnamənin qəbul edilməsində iştirak edən tərəflər bir daha mübahisəni həll etmək üçün Nyu-Yorkda və Cenevrədə bir araya gəldilər, lakin danışıqlar heç bir nəticə vermədi.

Mövcud vəziyyət

2020-ci ilin oktyabr ayının ortalarında Mərakeş və Polisario Cəbhəsi arasındakı gərginlik Polisario separatçılarının Mərakeşi Mavritaniya ilə birləşdirən yolu bağlaması ilə (Mərakeşin Əlcəzair ilə sərhədi qapalıdır) yenidən alovlandı. Polisario separatçıları hər il BMT-yə təsir etmək üçün Mərakeşi Mavritaniya ilə birləşdirən yolu bloklayırlar. Etirazçılar BMT-nin bufer zolağından keçən kiçik Qarqarat kəndi yaxınlığında (Mərakeşi Mavritaniya ilə birləşdirən yol buradan keçir) düşərgə qurdular. 13 Noyabrda Mərakeş insanların sərbəst hərəkətini bərpa etmək üçün Mərakeş Səhrasının silahsızlaşdırılmış tampon zolağına əməliyyat başlatdı. Polisario Cəbhəsi Mərakeş hərbi əməliyyatının 1990-cı ildəki atəşkəs razılaşmasını pozduğunu qeyd edərək Birləşmiş Millətlər Təşkilatını müdaxilə etməyə çağırdı və əlavə olaraq Mərakeş təhlükəsizlik qüvvələrini bufer zolağında silahsız mülki insanlara atəş etməkdə günahlandırdı. Buna baxmayaraq, BMT dəfələrlə Polisario Cəbhəsinin bu kimi addımlarını davamlı olaraq qınadı. Mərakeş isə BMT-nin yoldakı bariyerləri aradan qaldırması üçün gözləmə mövqeyində qaldı. Qondarma Səhravi Ərəb Demokratik Respublikası (SƏDR) ertəsi gün Mərakeşə müharibə elan etdi. Hal hazırda separatçı SƏDR Mərakeş Səhrası ərazisinin təxmini 20-25%-ni işğal altında saxlayır.                

2020-ci ilin dekabrında ABŞ Mərakeşin İsraillə münasibətlərini normallaşdırması fonunda Rabatın Mərakeş Səhrası üzərindəki hakimiyyətini tanıdığını elan etdi.[4] Azərbaycan,[5] Türkiyə, Səudiyyə Ərəbistanı, Türkiyə və bir sıra Afrika ölkəsi Mərakeş hökumətini dəstəklədiyini və onun ərazi bütövlüyünə hörmət etdiyini bildirdi. Cənubi Afrika, Əlcəzair, Kuba, Venezuela kimi ölkələr isə qondarma SƏDR hökumətinə öz dəstəyini ifadə etdilər. 2019-cu ildən bəri 23 ölkə Mərakeşin bu ərazilərdə hakimiyyətini tanıyaraq Layun və Daxla şəhərlərində öz konsulluqlarını açıb.

Qərbi Səhra niyə önəmlidir?

Qeyd etmək yerinə düşər ki, Afrikanın ən böyük və ən yaxşı təchiz edilmiş iki ordusu - Mərakeş və Əlcəzair arasında birbaşa hərbi toqquşma potensialı (ehtimal olsa da) var. Üstəlik, Qərbi Səhranın Atlantik sahili və təbii ehtiyatları üzərindəki strateji mövqeyini nəzərə alsaq, bir çox digər regional və qlobal aktyorlar bu regionda iqtisadi və siyasi maraqlara sahibdirlər.

Qərbi Səhradakı çıxılmaz vəziyyətin əsas səbəblərindən biri də regionun fosfat[6] və şist qazı[7] da daxil olmaqla böyük təbii sərvətlərə sahib olmasıdır. Fosfatlar sintetik gübrə üçün əsas maddə və qlobal qida istehsalında ən önəmli qaynaqdır.

Mərakeş krallığının Qərbi Səhranın sahil şəhəri Daxlada 1 milyard dollar dəyərində liman tikintisi planları var.[8] 2020-ci ilin yanvar ayında Mərakeş parlamenti ölkənin ərazi sularını delimitasiya etmək və mübahisəli Qərbi Səhra (Mərakeş Səhrası) boyunca suları da əhatə edən müstəsna iqtisadi zona yaratmaq üçün iki qanun layihəsi qəbul etdi[9] və bu, qonşu Kanar adaları ətrafındakı sulara nəzarət edən İspaniyanı, həmçinin Qərbi Səhra sahillərinin Mərakeş tərəfindən istismarını qəbul etməyən üsyançı Polisario Cəbhəsini qəzəbləndirdi. Lakin etirazlara baxmayaraq, Mərakeş bu planları həyata keçirməkdə israrlıdır.

Bundan əlavə, iddia olunur ki, münaqişədə Mərakeşi dəstəkləyən BƏƏ-nin "Dubai Port World" kimi qrupları Daxla limanında əhəmiyyətli investisiya imkanları ilə yanaşı, Mərakeşin infrastruktur layihələri nəticəsində Avropa və Afrika bazarları ilə daha sıx əlaqə qurmasında maraqlıdırlar.[10] [11]

Son illərdə kəskin yüksəlişi ilə dünyanın diqqətini özünə cəlb edən Çin bu regionda da öz varlığını planlamağa başlayıb. Mərakeş kralı VI Məhəmməd Tanjer ağıllı şəhərin tikilməsi üçün Çinin "Haite" qrupundan 1 milyard dollarlıq maliyyə almağa hazırlaşır[12] və bu şəhər 200-dən çox Çinli müəssisəyə ev sahibliyi edəcək. Çin şirkətləri Avropa, Yaponiya və Amerika şirkətləri ilə birlikdə Mərakeşin inkişaf edən avtomobil istehsal sənayesi ilə də yaxından maraqlanırlar.

Nəticə

Son olaraq, Mərakeş Səhrası regionu gələcək illərdə müxtəlif qlobal ölkələr üçün yeni imkanlar diyarı ola bilər. Regionun fosfat və şist qazı da daxil olmaqla böyük təbii sərvətlərə sahib olması onun gələcək prespektivini daha da cəlbedici edir. İllər keçdikcə qlobal güclərin regionda iqtisadi dominantlığı əldə etmək, yeni layihələr həyata keçirmək üçün rəqabətə girəcəyini qeyd edə bilərik. Lakin azad rəqabət mühitinin reallaşması, regional, eləcə də qlobal aktorların Mərakeş Səhrasının mənfəətlərindən yararlanması üçün indi yalnız bir faktora ehtiyac var: sabitlik.

 

 References

1] Tony Hodges (1983) - Western Sahara: The Roots of a Desert War.

[2] UN Advisory opinion on Western Sahara. Online access: https://www.un.org/documents/ga/res/29/ares29.htlm

[3] Reuters (2008) - Western Sahara, a 50-year-old dispute. Online access: https://www.reuters.com/article/us-sahara-polisario/timeline-western-sahara-a-50-year-old-dispute-idUSL2163728820080104

[4] Independent (2020) - Israel and Morocco agree to normalise relations in latest Trump-brokered deal. Online access: https://www.independent.co.uk/news/world/middle-east/israel-morocco-relations-trump-us-deal-b1769471.html

[5] Morocco World News (2020) - Western Sahara: Azerbaijan Supports Morocco’s Action in Guerguerat. Online access: https://www.moroccoworldnews.com/2020/12/327950/western-sahara-azerbaijan-supports-moroccos-action-in-guerguerat/

[6] Anna Jacobs (2016) - The Desert Rock That Feeds the World. Online access: https://www.theatlantic.com/science/archive/2016/11/the-desert-rock-that-feeds-the-world/508853/

[7] U.S. Energy Information Administration (2015) - Technically Recoverable Shale Oil and Shale Gas Resources: Morocco. Online access: https://www.eia.gov/analysis/studies/worldshalegas/pdf/Morocco_WesternSahara_Mauritania_2013.pdf

[8] Western Sahara Resource Watch (2019) - Anchoring occupation: Morocco to construct $1bn port in Western Sahara. Online access: https://wsrw.org/en/archive/4537

[9] Menas Associates (2020) - Rising tensions escalate after Morocco extends its territorial waters. Online access: https://www.menas.co.uk/blog/rising-tensions-escalate-after-morocco-extends-its-territorial-waters/

[10] Middle East Eye (2020) - Morocco says Bahrain will open consulate in Western Sahara. Online access: https://www.middleeasteye.net/news/morocco-western-sahara-bahrain-consulate-polisario

[11] The New Arab (2020) - UAE opens consulate in Morocco-controlled Western Sahara. Online access: https://english.alaraby.co.uk/english/news/2020/11/5/uae-opens-consulate-in-morocco-controlled-western-sahara

[12] Morocco World News (2019) - Morocco Partners with Chinese Companies to Develop Tangier Tech City. Online access: https://www.moroccoworldnews.com/2019/04/271663/morocco-china-tangier-tech-city/


DİGƏR YAZILAR