POLITICON.COM

Merkel’s Caucasus trip: Diplomatic show or serious strategic undertaking

Merkel’s Caucasus trip: Diplomatic show or serious strategic undertaking

Almaniya kansleri Angela Merkel 23-25 avqust 2018-ci il tarixlərində 3 Qafqaz respublikasında işgüzar səfərdə oldu. Bu səfər Almaniyanın beynəlxalq sistemdə davamlı yüksəlişi təəssüratına səbəb olan birmüddətlik nisbi gücdən sonra Berlinin yeni strateji məhdudiyyətlərlə üzləşdiyi dövrdə baş verdi. Bu məhdudiyyətlər son illərdə ciddiləşib və ölkənin əsas maraqları ilə birbaşa əlaqəli olmayan strateji təşəbbüslərə mane ola biləcək ciddi məsələləri də əhatə edir. 

2015-ci ildəki qaçqın böhranının yaratdığı xaos Merkel hökumətinin təkcə daxili işlərdə siyasi təzyiqlərə məruz qalmağına səbəb olmadı, həm də nəticə etibarilə Almaniyanın AB daxilində son on ildə qazandığı dominant mövqeyi zədələdi. Eyni zamanda Krımın 2014-cü ildəki ilhaqından sonra Rusiyanın “Moskvanın Avropa cinahı” adı altında artan inadı Berlinin Rusiya ilə olan əlaqələrinə davamlı təsir göstərdi və Almaniyanın müttəfiqləri, xüsusilə də Şərqi Avropa ölkələri üçün, inkişaf etmiş iqtisadiyyatının mövcudluğuna baxmayaraq Almaniyanın hərbi qüvvələrindəki çatışmazlıq barədə xatırlatmaya çevrildi. Üstəlik, Tramp Administriyasının ticarət mübahisələri səbəbilə ənənəvi müttəfiqi ilə qarşı-qarşıya gəlməsi və almanların ABŞ-la olan ittifaq şərtlərindən sui-istifadə etdiyini iddia etməsi Berlinin tarixən qazandığı əsas tərəfdaşı ilə əlaqələrini qeyri-müəyyənliyə doğru aparır. 

Belə şərtlərin hökm sürdüyü bir vaxtda kanslerin ziyarətinin Qafqazda strateji iştirakın real nümunəsi, yoxsa Almaniyanın qlobal oyunçu kimi göstərdiyi diplomatik bir şou olması ilə bağlı sual ortaya çıxır.

 

Qərbə inteqrasiyanın perspektivləri: uzun müddətdir bilinən ritorika və kiçik potensial 

Merkelin səfərinin ilk dayanacağı Tbilisi şəhəri oldu. Onun Gürcüstana ziyarəti AB və NATO kimi liberal Qərb ittifaqlarının üzvlərinin də realist əsaslandırmaya tabe olmalı olduqları barədə xatırlatma idi. Buş Administrasiyası ilə olan yaxın əlaqələri səbəbindən Gürcüstanın 2008-ci ildəki Rusiya-Gürcüstann müharibəsindən əvvəl NATO üzvü statusu alacağı gözlənilirdi. Hətta o zamanlar Fransa və Almaniya daha ehtiyatlı şəkildə Tbilisinin ittifaqa daxil olmasına qarşı çıxırdılar. Berlinin bu məsələdəki mövqeyi Rusiyanın hərbi güc tətbiq etməklə NATO-nun genişlənməsini qəbul etməyəcəyini açıqladıqdan sonra daha da sərtləşmişdi. Merkel ev sahibi Gürcüstanın qısa müddət ərzində NATO-ya qoşulmasının "Almaniyanın təşviq edə biləcəyi bir şey olmadığını" bəyan edərkən bu mövqeyi bir daha açıq şəkildə ortaya qoydu. Diplomatik ehtiyatlılığı ilə tanınan kansler tərəfindən bu qeyri-adi həlledici dilin istifadəsi Almaniyanın 10 il əvvəl Moskva tərəfindən qırmızı xətt kimi göstərilən məsələdə Rusiyaya meydan oxumaqda maraqlı olmadığını göstərir. 

Merkel Berlinin regionda malik olduğu strateji imkanlardan narazı olduğunu və Rusiyanın keçmiş Sovet məkanında eyni tipli addımlar ataraq post-sovet respublikalar üçün həyatı çətinləşdirdiyini qeyd etdi. Gürcülərlə həmrəy olduğunu göstərmək üçün Abxaziya və Cənubi Osetiyanın işğalında Moskvanı günahlandırmağına baxmayaraq, Merkel sanki Almaniya diplomatiyasının Cənubi Qafqaza çatmadığını etiraf edirmiş kimi bu günə qədər heç bir tutarlı razılığa nail olunmadığını da vurğuladı. Gələcəkdə atılmalı olan addımlarla bağlı isə heç bir fikir səsləndirilmədi. 

Bu fikirlərlə birlikdə Merkel Gürcüstanın yaxın gələcəkdə AB-yə üzv olması ilə bağlı ümidlərini Tbilisinin göstərdiyi bütün müsbət inkişafa baxmayaraq “yerinə yetirilməyəcək vədlər verə bilməyəcəyini” deyərək puç etmiş oldu. Hətta AB-yə üzv ölkələrin özlərinin yeni üzvlərin qəbuluna hazır olduqlarından əmin olmadığını bildirərək məhdudiyyətləri qəbullanması daha çox diqqəti cəlb etdi. Almaniya Avropa Birliyi yarandığı gündən onun ən böyük dəstəkçisi və ittifaqın yaratdığı vahid bazardan ən çox faydalanan üzvü olmağı ilə tanınır. Ölkənin əsas strateji aləti olan AB-nin limitləri ilə bağlı Berlində artan pessimizm İttifaq daxilində baş qaldıran liderlik böhranının göstəricisi kimi çıxış edir. Buna görə də Almaniya rəhbərliyi AB-Gürcüstan Assosasiya Sazişi və onun gətirdiyi sərbəst ticarət imkanlarından məmnun görünür. 

Ermənistanla əlaqələr  də eyni mövqedədir. “Məxməri İnqilab”la hakimiyyətə gəlmiş yeni Paşinyan hökuməti ilə ilk görüş bəzi müşahidəçilərə kiçik Qafqaz respublikasının Qərbə yönəlməsi imkanlarını gətirdiyi düşündürə bilər. Lakin, İrəvanın Rusiyanın təsirindən asılılığı hələ də çox güclüdür və yeni hökumətin, nə qədər istəsə belə, öz strateji tərəfini dəyişdirəcəyinə dair güclü şübhələr var. Odur ki, Paşinyanın açıqlamaları da bu amilin güclü olduğunu göstərirdi. Bu səfər Ermənistan üçün Almaniya ilə artan ticarət əlaqələrini intensivləşdirmə və AB-dən gələcək maliyyə yardımı üçün lobbiçilik fəaliyyəti xarakteri daşıyırdı. 

Digər tərəfdən, bu görüş Almaniya üçün diplomatik nəzakətdən bir qədər artığını ifadə edirdi. AB-Ermənistan Hərtərəfli və İnkişaf etdirilmiş Tərəfdaşlıq Sazişində nəzərdə tutulmayan istənilən təşəbbüsün irəli sürülməsi Ermənistanın Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi Birliyinin azad ticarət sahəsinə inteqrasiyasını tərsinə çevirməklə nəticələnə bilər.  Bu da Rusiya tərəfindən, təbii olaraq, qəbul edilməyəcəkdir, Moskvanın erməni təhlükəsizlik təchizatındakı inhisarçılığının qırılmasına yönəlmiş hansısa Qərb ölkəsinin hərbi iştirakı heç müzakirə mövzusu belə ola bilməz. Alman liderin Gürcüstanın Qərbə inteqrasiyasını sürətləndirmək barədə real həvəs göstərmədiyi halda Berlinə hansısa bir qazanc gətirməyəcək sərt strateji mühitdəki Ermənistan üçün risk almaq barədə düşünməsi real deyil. 

Xülasə, Merkelin ziyarətlərinin Gürcüstan və Ermənistana münasibətdə Almaniyanın beynəlxalq səhnədə imicinin yüksəldilməsindən başqa bir vəzifəsi olmadığı aydındır. Bütün bəyanatları bir tərəfə qoysaq, ölkənin bu regiondakı maraqları Rusiyanın ehtimal edilən əks-həmləsinə səbəb olması üçün kifayət qədər həyati önəm daşımır.

 

Azərbaycan: Enerji təminatı əsas maraq kimi 

Merkel 25 avqustda Bakıya səfər edəndə ümumi mənzərə dəyişmiş oldu. Səfərin əsas məqsədi bir çox müşahidəçiyə aydındı. Almaniyada təkcə yanacaq faydalı qazıntıların ehtiyatı az deyil, həm də ekoloji hərəkatlar ölkə siyasətində önəmli rol oynayır. 2011-ci ildəki Fukuşima qəzasından sonra yaranan ictimai təşviş bu təzyiqlərlə birləşərək hökuməti 2022-ci ilə qədər nüvə enerjisi istehsalını dayandırmağı nəzərdə tutan qərar verməsini məcbur etdi. Bundan əlavə ekoloji lobbi ən az 2021-ci ilə qədər hidravlik frekinq (parçalama) üsulundan istifadəyə qadağa qoydu ki, bu da hökumətin iqtisadiyyatın enerji ehtiyacını qarşılamaq üçün alternativ enerji mənbələri istisna olmaqla yeganə imkanını əlindən almış oldu. Eyni zamanda kömür istehsalının subsidiyalaşdırılmasına qarşı kampaniya da davam edir və digər mənbələr qarşısında rəqabətədavamlı olmadığına görə bu kampaniyanın intensivləşəcəyi gözlənilir. Odur ki, Almaniya əsasən də Rusiya başda olmaqla (qaz idxalının təxminən 40%-i onun payına düşür) digər ölkələrdən böyük miqdarda karbohidrogen ehtiyatlar idxal etmək məcburiyyətindədir. 

Rus qaz təminatından asılı olduğundan ölkə enerji idxalını diversifikasiya etmək üçün yeni tərəfdaşlar axtarışındadır. Bu səbəbdən Azərbaycan Rusiyaya qarşı ən real alternativ kimi çıxış edir və hazırda Azərbaycan qazını Avropa bazarlarına çıxarmağı planlaşdıran Cənub Qaz Dəhlizi layihəsi reallaşmaq üzrədir. Azərbaycanla yaxın əməkdaşlıq bu baxımdan Berlinə ölkənin mövcud strateji zəifliklərini yüngülləşdirmək məqsədilə yararlıdır və Əliyev hökuməti də bu vəziyyətdən xəbərdardır.
Merkelin Qafqaz səfərindəki nümayəndə heyətinin üzvlərindən olan Albert Veylerin (Albert Weiler) Dağlıq Qarabağa qanunsuz səfəri səbəbilə ölkəyə girişinə qadağa qoyan Bakının inadlı mövqeyi Azərbaycanın Gürcüstan və Ermənistandan daha sərbəst olduğu faktını təsdiqləmiş oldu. Azərbaycan prezidentinin soyuq yanaşması kanslerə digər iki ev sahibi kimi dilxoşluq etmək niyyətində olmadığı, amma bərabər səviyyədə yanaşma gözlədiyini aşkara çıxarmış oldu. Bununla yanaşı, Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulma ehtimalı soruşulduqda Əliyev buna maraqlı olmadığını ifadə etdi. Mesaj aydındır: əgər Berlin Azərbaycanın Türkmənistanla birgə çalışmasını gözləyirsə, Almaniya Bakını maraqlandıracaq bir şey təklif etməli və ölkənin daxili məsələlərindəki suverenliyinə hörmət etməlidir.  

Bu, Avropa ölkələrinin Azərbaycandakı insan hüquqları problemləri və müxalif qruplara qarşı repressiv hərəkətlərə yönəlmiş tənqidləri kontekstində nəzərdən keçirilməlidir. Merkel şəxsən bu situasiyada tənqidi və qınayıcı mövqeyini göstərərkən eyni tipli ifadələri təkrarladı. Bununla belə o, ev sahibi ilə bu sahədə “anlaşmazlığı” etiraf edərkən digər mövzulardan fərqli olaraq nəzərəçarpan dərəcədə üstüörtülü ifadələr istifadə etdi. Bu “anlaşmazlığ”ın Azərbaycan-Almaniya əlaqələrində ciddi mənfi nəticələrə səbəb olma ehtimalı Bakının alman tərəfdaşına real strateji əhəmiyyət təklif etməli olduğu nəzərə alındıqda olduqca kiçikdir. 

Gürcüstandakı ərazi münaqişələrinin əksinə Merkel Dağlıq Qarabağ münaqişəsindən danışarkən daha optimist görünürdü. O, hətta Minsk həmsədrlər qrupunda alman həmsədrin iştirakını da təklif etdi. Analitiklər bu aktivliyi Almaniyanın enerji maraqlarına xidmət etdiyi üçün təbii hesab edirlər, çünki regiondakı münaqişənin mövcudluğu Azərbaycanın qaz yataqlarından Avropaya uzanan boru xətləri üçün risk daşıyır. Kanslerin əvvəlki gün Ermənistandakı çıxışında bu məsələyə toxunmaması xüsusilə qeyd edilməlidir. Bütün bunlar Rusiya ilə qırılma nöqtəsinə gətirib çıxarır ki, Almaniya hökuməti digər iki Qafqaz dövləti ilə əlaqələri riskə atmaq niyyətində deyil. 

Ümumilikdə, labüd enerji maraqlarının Almaniyanın Bakı ilə ciddi strateji tərəfdaşlıq qurmağa səfərbər edəcəyini, Ermənistan və Gürcüstanın isə Almaniyanın qarşılaşdığı məhdudiyyətlət qarşısında marjinal tərəflər olaraq qalmağa davam edəcəyini söyləmək mümkündür.

 

İstinadlar:

1. Fried, N. (2018) "Merkels Grenzerfahrungen im Kaukasus", Süddeutsche Zeitung, 24 avqust 2018, https://www.sueddeutsche.de/politik/bundeskanzlerin-merkels-grenzerfahrungen-im-kaukasus-1.4103371
2. Schult, C. (2018) "Auf heikler Mission in Baku", Speigel, 25 avqust 2018, http://www.spiegel.de/politik/ausland/aserbaidschan-merkels-heikler-besuch-beim-autokraten-aliyev-a-1224915.html
3. "Angela Merkel in the South Caucasus: Results", Caucasus Watch, 27 avqust 2018, http://caucasuswatch.de/news/976.html

 

Müəllif haqqında: 

Filip Rörs-Vayst (Philip Roehrs-Weist) müstəqil tədqiqatçıdır. O, Göttingen Universitetində politologiya üzrə bakalavr, Sent-Endryüs Universitetində Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya ölkələrində təklükəsizlik məsələri üzrə magistr dərəcəsini bitirmişdir. Onun maraq dairəsinə Böyük Yaxın Şərq daxilində coğrafi baxımdan ənənəvi böyük qüvvələrin rəqabəti və müstəqil silahlı qüvvələr daxildir. 


Digər yazılar