Politicon.co

Böyük enerji oyunçusu ölkəmizlə münasibətlərinin daha da yaxşılaşmasını istəyir: “Serbiya Azərbaycan üçün siyasi, iqtisadi və tarixi baxımdan vacibdir”

Böyük enerji oyunçusu ölkəmizlə münasibətlərinin daha da yaxşılaşmasını istəyir: “Serbiya Azərbaycan üçün siyasi, iqtisadi və tarixi baxımdan vacibdir”

 

 

Xəzər dənizinə çıxışı olan, Şərqi Avropa ilə Cənub-Qərbi Asiya arasında yerləşən ölkə 20 il ərzində öz resurslarını beynəlxalq layihələrə yönəltməklə böyük regional enerji oyunçusuna çevrilmişdir. Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycan Serbiya ilə ilk növbədə infrastruktur layihələri, həmçinin digər sahələrdə yaxşı münasibətlər qurmuşdur.

Serbiya ilə Azərbaycan arasında münasibətlərin çox yüksək səviyyədə olması bu yaxınlarda paytaxtımızda keçirilən Qoşulmama Hərəkatının zirvə görüşündə təsdiqlənib. Lakin hər iki tərəfdən analitik və siyasətçilər belə qənaətdədirlər ki, iqtisadi və digər sahələrdə əməkdaşlıq daha da yaxşılaşdırılmalıdır.

İki ölkə arasında rəsmi diplomatik münasibətlər 1997-ci ildə yaradılıb, lakin Serbiya və Azərbaycan yalnız 2008-ci ilin iqtisadi böhranından sonra yaxın tərəfdaş olublar. İki ölkə arasında 2013-cü ildə dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb, 2018-ci ildə isə birgə strateji tərəfdaşlıq, o cümlədən bir neçə ticarət sazişi, və iki paytaxt arasında birbaşa reys haqqında saziş imzalanıb.

Bakı, Azərbaycan

“Serbiya ilə Azərbaycan arasında münasibətlər infrastruktura yatırılan investisiyalardan başlayıb, sonra isə digər istiqamətlərdə davam edib. Hazırda ölkələrimiz arasında ticarət dövriyyəsi çox azdır. Təbii yol olardı ki, ticarət dövriyyəsi artırılsın. Məsələn, iyul ayında Serbiyanın xarici işlər naziri Azərbaycanda idi və dialoqun əsas mövzusu ticarətin genişləndirilməsi idi. Əlavə olaraq, enerji məsələsi də var. Cənubi Avropa regionda genişlənmə ehtimalı olan Azərbaycanın enerji mənbələri üçün təbii bazardır”, - deyə Topçubaşov Mərkəzinin analitiki Ayaz Rzayev “Blic” qəzetinə bildirib.

Əməkdaşlığın inkişafı potensialı

Serbiya Ticarət Palatası Rzayevin verdiyi qiymətləndirmə ilə razıdır ki, Serbiya ilə Azərbaycan arasında ikitərəfli iqtisadi münasibətlər, əsasən, nisbətən aşağı səviyyədə, amma yaxşılaşdırılması üçün imkanlar olan ticarət dövriyyəsi hesabına həyata keçirilir.

“Son üç ildə Serbiyanın Azərbaycan Respublikasına ixracı artır. 2020-ci ildə COVID-19 pandemiyasının yaratdığı müşkül duruma baxmayaraq, müsbət artım tendensiyası davam edib. 2020-ci ildə ticarət dövriyyəsi 23,4 milyon ABŞ dolları təşkil edib ki, bizim ixrac isə onun 21,1 milyonu tutur. Serbiya Respublikasının ixracında müdafiə sənayesinin malları üstünlük təşkil edir, bunun ardınca dərman, toxumlu qarğıdalı, yonca toxumları və s. gəlir. 2020-ci ildə Serbiya ən çox şüşə, dərman, propil spirti və izopropil spirti idxal edib”, - deyə Serbiya Ticarət Palatası, “Blic”-ə yazıb.

2021-ci ilin ilk altı ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac səkkiz dəfə artaraq 27,8 milyon ABŞ dollarına çatmışdır. İdxal 0,1 milyon ABŞ dolları təşkil edib. Serbiya Ticarət Palatası bəyan edir ki, əməkdaşlığın inkişafı üçün kənd təsərrüfatı, turizm, İKT, energetika və infrastruktur sahələri yüksəl potensiala malikdir.

 

Serbiya Ticarət Palatası 

“Trading Economics”in məlumatına görə, son onilliklərdə Serbiya Azərbaycana digər məsələlərlə yanaşı, əczaçılıq məhsulları, maşınlar, qazanlar, taxıl, yağlı bitkilər, meyvə, alətlər, efir yağları, kosmetika, ətir vasitələri, ağac və oduncaq məmulatları ixrac edib. Digər tərəfdən, ölkəmiz əsasən Azərbaycandan gübrə, şüşə və şüşə məmulatları, əczaçılıq preparatları, üzvi kimyəvi maddələr, elektrik və elektron avadanlıqlar, tibbi cihazlar, duz, kükürd, daş, gips, əhəng və sement idxal edir.

Serbiya Milli Bankının sərəncamında olan Serbiyaya Azərbaycandan birbaşa pul köçürmələri və investisiyalar barədə məlumatlara əsasən, 2010-cu ildən 2021-ci ilin birinci yarısınadək bu ölkədən Serbiyaya 2,1 milyon avro birbaşa investisiya yatırılıb, eyni dövrdə isə pul köçürmələri 284 min avro təşkil edib.

2011-ci ildən Serbiya və Azərbaycandan olan ekspert və iş adamlarının iştirakı ilə bir neçə biznes forum keçirilmiş, həmçinin qarışıq iqtisadi əməkdaşlıq komitəsi yaradılmışdır. Oktyabrda Belqradda Qoşulmama Hərəkatı görüşü zamanı Serbiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş imzalanan beynəlxalq silah sərgisi keçirilib.

Serbiyaya verilən ikinci ən böyük kredit

Serbiya ilə Azərbaycan, həmçinin Balkan ölkələri arasındakı münasibətləri təsvir etmək üçün xahişə Bakıdan olan analitik Rzayev cavab verdi ki, ölkəmiz siyasi, iqtisadi və tarixi baxımdan müxtəlif səbəblərdən Azərbaycan üçün vacibdir.

“Avropa ölkələri kimi, Balkanlar da Azərbaycan üçün strateji münasibətlərin qurulması baxımından vacibdir. Macarıstan, Rumıniya, Polşa... xüsusilə Serbiya və Monteneqro ilə. Bundan başqa, Azərbaycanın bu ölkələrə böyük investisiyaları vardır. Azərbaycan Serbiyanın infrastrukturuna böyük investisiyalar yatırıb, bu da göstəricilər üzrə Serbiyanı Türkiyə və Gürcüstandan sonra üçüncü ölkə edir. 2012-ci ildə Azərbaycan yol tikintisi üçün Serbiyaya kredit verməyə başlamışdır. 2019-cu ildə Azərbaycan Ruma-Loznitsa avtomobil yolunun tikintisi üçün kredit verib ki, bu da ölkə hüdudlarından kənarda infrastrukturun tikintisi üçün verilən ikinci böyük kreditdir, birinci yeri Bakı-Tbilisi-Qars avtomobil yolunun tikintisi üçün Gürcüstana verilən kredit tutur. Təbii ki, Serbiya iqtisadi səbəblərə görə bizim üçün vacibdir”, - deyə Rzayev qeyd edib.

“Qlobar Ticarət Araşdırmalar” qrupunun araşdırmasına görə, Azərbaycan dünyanın 20 ən böyük neft ehtiyatları olan ölkələr arasındadır. Eyni zamanda, Azərbaycan qaz ixracını fəal şəkildə artırır, bizim və digər ölkələrlə əməkdaşlıq isə Azərbaycana çoxlu pul və müxtəlif gəlir mənbələri yaratmaq imkanı gətirən neft bumundan sonra başlanmışdır.

 

Topçubaşovun Mərkəzindən Ayaz Rzayev “Blic” jurnalisti ilə görüşü

“Bunun üçün başqa ölkələrin infrastrukturuna sərmayə qoymaq lazım idi. Müəyyən mənada Azərbaycan Çin ilə eyni addımı yalnız kiçik miqyasda atır. Keçmiş SSRİ ərazisində, əgər Rusiyanı nəzərə almasaq, Azərbaycan keçmiş respublikalarda ən böyük birbaşa investisiyalara malikdir. Ölkə bu potensialı görür. Azərbaycanın münasibətlər şəbəkəsi kimi nəzərdən keçirdiyi daha bir şey var: ticarət, enerji və siyasi münasibətlər investisiyalarla müşayiət olunur. Ancaq Çin ilə Azərbaycan arasında, biznesin aparıcıları arasında böyük fərq vardır. Çin kreditlər verdiyi zaman, bu, kommersiya kreditləri olur ki, müəyyən olunmuş vaxtda ödəməli olursunuz. Azərbaycan isə pul verir, infrastruktur qurur, sonra isə gəlir əldə etməyə başlayanda kreditin geri qaytarılmasına başlanır. Lakin, Çinin təklif etdiyi digər şərtlər də var ki, Azərbaycan bu baxımdan daha “qərbsayağı” davranır.”


Bakıda Tesla, Belqradda Heydər Əliyev

Bakıdan 2014-cü ildə humanitar, ötən il isə KOVİD-19 virusu ilə  mübarizə aparmaq üçün tibbi yardımların göndərildiyi, və beləliklə çətin dövrlərdə Azərbaycanın Serbiyanın yanında olduğu məlum oldu.

Azərbaycan 10 il əvvəl Belqradda “Bayraklı” məscidinin və Novi-Sadda “Müqəddəs Petka” kilsəsinin bərpasını, həmçinin Novi-Pazarda Şəhər Mədəniyyət Mərkəzinin və Belqradın hazırda Azərbaycanın mərhum prezidenti, hazırki prezident İlham Əliyevin atası Heydər Əliyevin abidəsi yerləşən “Taşmaydan” parkının yenidən qurulmasını maliyyələşdirib.

Novi-Sadda yerləşən Belqrad bulvarında Azərbaycan klassik musiqisinin və operasının atası Üzeyir Hacıbəylinin abidəsi qoyulmuş, Bakıda isə Nikola Teslanın abidəsini görmək olar.

“Taşmaydan” parkında Heydər Əliyevin abidəsi 

Kosovo və Dağlıq Qarabağın paralelləri

Rzayevin sözlərinə görə, Serbiya Azərbaycan üçün siyasi cəhətdən də vacibdir, çünki biz analoji hallarla üzləşirik; Serbiya Kosovo, Azərbaycan isə Dağlıq Qarabağ problemilə.

“Əgər biz Vuçiçlə Hoti arasında keçənilki Vaşinqton sazişinə baxsaq, o, indi Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli Komissiyası ilə baş verənlərə bənzəyir. Orada deyilir ki, əvvəlcə iqtisadi problemlər, sonra isə siyasi problemlər öz həllini tapmalıdır. Müəyyən mənada vəziyyət eynidir və biz Bakı ilə İrəvan arasında Sazişin hansı istiqamətdə gedəcəyini, onun uğurlu olub-olmayacağını bilmirik. Kosovoya gəldikdə isə, Serbiyanın gördüyü işlərdən Azərbaycan öz dərslərini öyrəndi. Məsələn, Serbiya beynəlxalq məhkəməyə müraciət etdikdə müstəqillik bəyannaməsinin qanuni olub-olmaması məsələsi gündəmə gəldi. Bu sual düzgün qoyulmamışdı, müstəqillik bəyannaməsinin yox, müstəqilliyin qanunsuz olub-olmaması məsələsinə toxunmalı idi. Kosovo Dağlıq Qarabağ üçün presedent deyil, amma ermənilər bunu iddia edirlər”, - deyə Rzayev hesab edir.

Sentyabrın əvvəlində Serbiya Prezidenti Kosovonun bəzi ölkələrə, o cümlədən Azərbaycanın da dırnaqarası müstəqilliyinin tanınması üçün təzyiq göstərdiyini bəyan etsə də, Rzayev hesab edir ki, belə bir ehtimal yoxdur. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da bu fikirdədir. O, Belqrada səfəri zamanı Azərbaycanın bu məsələ ilə bağlı mövqeyinin möhkəm və davamlı olduğunu təsdiq etdi.

“Bayaq dediyim kimi, Ermənistan hesab edir ki, Kosovo Dağlıq Qarabağ üçün presedentdir. Əgər Şimali Kiprə baxsanız, Azərbaycanın ərazi bütövlük məsələsinə eyni baxışı vardır.” Topçubaşov Mərkəzinin analitiki deyir ki, Kosovonun müstəqilliyinin tanınması Azərbaycanın gündəliyinə daxil deyil.

Ondan soruşanda ki, qondarma Kosovonun böyük sayda dövlət tərəfindən tanınmasına, Dağlıq Qarabağın isə tanınmışlıq qazanmamasına necə yanaşır, o, cavab verdi ki, 1990-cı illərdə dünya nizamı bu gündəkindən fərqli idi.

“Kosovonun tanınması Qərbin maraqlarına uyğun idi, amma düşünürəm ki, onlar da bunun müəyyən mənada səhv olduğunu başa düşdülər. Onların bunun presedent olub-olmamasını müzakirə etmələrindən asılı olmayaraq, faktlar bunu göstərir. Bundan sonra Krım gəldi və hətta Rusiya Prezidenti Vladimir Putin dedi ki, bu, onlar üçün presedent idi. Düşünürəm ki, gələcəkdə nə baş verəcəyini bilsəydi, Qərb də bu cür hərəkət etməzdi”, - Rzayev deyib.

Qarabağ

Keçən il Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarması zamanı beynəlxalq müdaxilələr olub və ən çox Türkiyə və Rusiyanın rolu qeyd edilib.

“Azərbaycanın rəsmi mövqeyi ondan ibarətdir ki, münaqişə həll olunub. Əgər Qərb bizə kömək etmək istəyirsə, qoy o, bizə qəti sülh sazişinin, demilitarizasiyanın, demarkasiyanın və regional əməkdaşlığın ərsəyə gətirilməsində kömək etsin. Dağlıq Qarabağın statusu ilə bağlı Azərbaycanın müzakirə edəcəyi heç nə yoxdur. O ki qaldı Rusiya və Türkiyənin roluna, Türkiyə bizim əsas strateji tərəfdaşımızdır və onun dəstəyi ötənilki müharibədə qələbəmiz üçün başlıca əhəmiyyət kəsb etmişdir. Rusiyaya gəldikdə, biz etiraf edirik ki, o, tarixən bu prosesdə vasitəçi rolunu oynayıb və indi onun yeni rolu var - Dağlıq Qarabağda sülhməramlı missiyanı yerinə yetirmək”, – deyə  Rzayev “Blic”-ə verdiyi müsahibəni yekunlaşdırıb. Böyük enerji oyunçusu ölkəmizlə münasibətlərinin daha da yaxşılaşmasını istəyir: “Serbiya Azərbaycan üçün siyasi, iqtisadi və tarixi baxımdan vacibdir”.

 

Müəllif: Nataša Ivanovski

Məqalənin əslinə buradan keçid edə bilərsiniz. 

 


DİGƏR YAZILAR