Politicon.co

Afrikanın yüksələn gücü: Mərakeş

Afrikanın yüksələn gücü: Mərakeş

Son illərdə münaqişə ocaqlarının əksər hissəsinin Yaxın Şərq və Afrika bölgəsində özünü göstərdiyini nəzərə alsaq, regionun həm böyük dövlətlər, həm də regional güclər üçün nə qədər əhəmiyyətli olduğunu anlamaq mümkündür. Geostrateji mövqeyi, Avropa və Asiya ilə olan yaxınlığı və Çin, ABŞ, Rusiya kimi qlobal, eləcə də Fransa kimi burada köklü mövcud olan güclərin regiondakı resurslar üzərində mübarizə aparması nəticəsində Şimali Afrika son dövrlərdə ekspertlər arasında ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. 

 

Regional gücə çevrilən aktor

Son illərdə Şimali Afrikada əsas oyunçulardan biri olan Mərakeşin iqtisadi sahədə rolunun artdığını müşahidə edə bilərik. Bundan əlavə, siyasi sferada bu ölkə bir sıra regional təşkilatlar, o cümlədən NATO və AB ilə sıx əməkdaşlıq içərisindədir. Rəsmi Rabat NATO-nun regionda ən önəmli müttəfiqi hesab edilir. Ümumiyyətlə, Mərakeş, durmadan artan iqtisadiyyatı, sabit siyasi sistemi və Afrika Birliyinə (AB) son qəbulu ilə yeni regional iqtisadi güc olmaq yolunda açar addımlar atır. Dünyanın ən böyük konsentratlı günəş elektrik stansiyası olması planlaşdırılan “Noor” kompleksi, Afrikada fəaliyyət göstərəcək ilk sürətli qatar olması nəzərdə tutulan “əl-Boraq” və “Tanger-Med” kimi geniş investisiya layihələri Mərakeşin inkişaf edən iqtisadiyyatını nümayiş etdirən əsas nümunələrdir[1]. Tanjer limanının Aralıq dənizi və Afrikadakı ən böyük yükləmə mərkəzinə çevirməli olan Mərakeş hədəflərinin yüksək olduğunu büruzə verir. İsveçrədə fəaliyyət göstərən “Global Quantum” investisiya şirkəti Afrikanın İnvestisiya İndeksini ölçən və qiymətləndirən son hesabatında Mərakeşin Afrikada sərmayə qoymaq üçün ən cəlbedici yer olduğunu açıqlayıb[2]. Bu gün Mərakeş makroiqtisadi baxımdan yüksək sabit iqtisadi-maliyyə sisteminə və aşağı inflyasiya səviyyəsinə malik, inkişaf etməkdə olan ölkə hesab olunur. Kral VI Məhəmmədin taxta çıxmasından bir il sonra, yəni 2000-ci ildən bəri Mərakeş iqtisadiyyatı davamlı iqtisadi artım tendensiyası yaşayır və bu inkişaf indi də davam edir. Ölkənin iqtisadiyyatı əsasən özəl investisiyalar, turizm, ixracatın şaxələndirilməsi ilə xarakterizə olunur[3].

Mərakeş hökuməti 2000-ci illərin əvvəllərindən afrikalı həmkarları ilə fikir ayrılıqlarının üzərindən xətt çəkmək və əlaqələri dərinləşdirmək üçün bir sıra addımlar atır. VI Məhəmməd taxta çıxandan bəri güclü və dinamik Afrika diplomatiyası həyata keçirmək üçün Səhraaltı Afrikanın otuzdan çox ölkəsinə qırxdan çox rəsmi səfərə getdi. Zamanla bu, iqtisadi diplomatiya çoxsahəli əməkdaşlıq müqavilələrinin imzalandığı formata çevrildi. Bundan əlavə, investisiya layihələri də maliyyələşdirilmiş və Cənub-Cənub (South-South) əməkdaşlığı olaraq bilinən platforma da gücləndirilmişdir[4].

İddialı nəqliyyat və infrastruktur layihələri Mərakeşin Qərbi Afrikanı Avropa və Yaxın Şərqlə birləşdirən böyük bir ticarət mərkəzinə çevrilmək marağını və potensialını əks etdirir. Bu iqtisadi infrastruktur layihələri ölkəyə Afrikadan Qərbi Avropaya nəqliyyat dəhlizində gələcək rəqabət halında çoxsaylı üstünlüklər verir. Başqa sözlə, həm Mərakeşdə həyata keçirilən logistika infrastrukturuna investisiya layihələri, həm də dəniz və hava əlaqələri ölkənin Afrikaya giriş qapısı mövqeyini gücləndirdi, eyni zamanda sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmağa imkan verdi[5]. Beynəlxalq Valyuta Fondu Mərakeşdə 2021-ci ilin sonuna qədər real ÜDM-nin təxminən 4,9% artacağını proqnozlaşdırır. Mərakeşin Afrika Birliyinə qayıdışı və Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinə (ECOWAS) üzv olmaq üçün rəsmi müraciət göndərməsi də Mərakeşə investisiya yatırmaq üçün müsbət amillər hesab olunur[6]. Eyni zamanda qeyd etmək yerinə düşər ki, Dünya Bankı Mərakeşi Şimali Afrika və Yaxın Şərq bölgəsində biznes qurmaq üçün BƏƏ və Bəhreyndən sonra ən yaxşı ölkə kimi müəyyən edib.

Bütün bu faktorlar göstərir ki, Mərakeş regionda daha aktiv şəkildə rol almaq istəyir. Ölkənin potensialı və yerləşdiyi açar geosiyasi mövqe də bu ölkənin Şimali Afrika regionunda əsas oyunçulardan birinə çevrilməsinə imkan verir.

 

Mərakeş Səhrası münaqişəsi

Mərakeş və Polisario Cəbhəsi arasındakı gərginlik sonuncunun Mərakeşdən Mavritaniyaya gedən yolu bağlaması ilə yenidən qızğın fazaya keçdi. Polisario seperatistləri BMT üzərində təzyiq yaratmaq üçün hər il Mərakeşi Mavritanaya birləşdirən yolu bağlayır və provokativ addımlara əl atırlar. Bu hadisələrdən sonra BMT Polisario seperatistlərinin Qarqaratdakı addımlarını qınadı, Mərakeş isə BMT-nin yol bloklarını təmizləməsi üçün gözləmə mövqeyinə keçdi. Keçən ilin dekabrında ABŞ Mərakeşin İsraillə münasibətlərini normallaşdırması fonunda Rabatın Mərakeş Səhrası (Qərbi Səhra kimi də tanınır) üzərindəki hakimiyyətini tanıdığını elan etdi[7]. Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı, Türkiyə və bir sıra Afrika ölkəsi son baş verən qarşıdurmalarda Mərakeş hökumətini dəstəklədiyini və onun ərazi bütövlüyünə hörmət etdiyini bildirdi. Bundan əlavə, 2019-cu ilin sonlarından başlayaraq 23 ölkə Mərakeş Səhrasının əl-Ayun (Layun) və Daxla şəhərlərində öz konsulluqlarını açaraq bölgəni Mərakeşin ərazisi kimi tanıdıqlarını vurğulamışlar[8].

Maraqlıdır ki, Mərakeş Səhrasında məskən salan Polisario seperatçıları vaxtilə baş tutmuş toqquşmalardan sonra Mərakeşin şimalına köç etmiş vətəndaşları geri qəbul etmək istəmir. Bütün bunlara baxmayaraq, Mərakeş hökuməti öz vətəndaşlarının sosial sahədə imkanlarının yaxşılaşdırılması üçün ardıcıl addımlar atır. Ümumiyyətlə, bu ölkə Qərbi Səhra bölgəsindəki insan hüquqları mövzusuna da diqqətlə yanaşır və azadlıqların genişləndirilməsi üçün müvafiq təşəbbüs göstərir. Bu təşəbbüslərdən biri də insan hüquqlarının kobud şəkildə pozulması problemini həll etmək üçün Bərabərlik və Uzlaşma Komissiyasının meydana çıxması ilə nəticələnən müstəqil arbitraj orqanının yaradılması idi. Bu çərçivədə Qərbi Səhra şəhərlərindəki zərər çəkənlərə 72 milyon dollar ayrıldı. Qaçqın düşərgələrindəki insan haqları barədə vəziyyətə gəldikdə, 2008-ci ildə nəşr olunan "İnsan Haqlarına Nəzarət" (Human Right Watch) hesabatında Əlcəzairin sərhəddə yerləşən Tinduf şəhərində insanların qorxu altında saxlaması və məcburi əməyə məruz qoyması ifadə edilir.

Mərakeş suverenliyini qoruyan, mədəni müxtəlifliklərə hörmət edən və Mərakeş Səhrası sakinlərinin iqtisadi, siyasi, sosial və mədəni işlərinin idarə olunmasına nəzarət etmələrinə imkan verəcək bir həll yolu əldə etmək istəyini dəfələrlə ifadə edib[9]. Qeyd etmək lazımdır ki, rəsmi Rabad digər ölkələrin də ərazi bütövlüyünü hüquqi sahədə təmin etmək üçün öz səylərini göstərir və həmin ölkələrə dəstək olur. Mərakeşin İspaniyada özünü müstəqil elan etmiş Kataloniya hökumətini tanımaması, Kosovo ilə əlaqələrin qurulmasından imtina etməsi rəsmi Rabadın ərazi bütövlüyü məsələsində dəyişməz mövqeyini göstərir.

 

Nəticə

Mərakeşin regionda gerçəkləşdirdiyi və gələcək üçün planlaşdırdığı infrastuktur layihələri, bölgədə baş tutan regional, eləcə də lokal layihələrə yatırdığı investisiyalar, bölgə siyasətində daha aktiv iştirak etməsi onu Şimali Afrika və Orta Şərqdə ən vacib aktorlardan birinə çevirir. Bunun fonunda iqtisadi layihələrin birgə həyata keçirilməsi, region ölkələri arasında infrastruktur xəttinin gücləndirilməsi bölgədə sabitliyi təmin edəcək və tərəflər arasında inamı artıracaq. Bütün bu addımlar Mərakeşə ərazi bütövlüyünü təmin etmək və regional layihələrdə əsas söz sahibi olmağa imkan verəcək.

 

İstinadlar


[1] Alice Morrison (2018): The New Emerging African Power: Morocco. Onlayn keçid: https://www.ozy.com/around-the-world/the-new-emerging-african-power-morocco/83279/
[2] Global Quantum (2018): Africa Investment Index. Onlayn keçid: http://quantumglobalgroup.com/wp-content/uploads/2018/03/AII2018-Final_Web_26.03.2018.pdf
[3] Santander Trade Markets (2021): Marruecos: Política y Economía. Onlayn keçid: https://santandertrade.com/es/portal/analizar-mercados/marruecos/politica-y-economia
[4] Morocco World News (2019): France’s Le Point Says Morocco Is an Emerging Power. Onlayn keçid: https://www.moroccoworldnews.com/2019/07/278049/france-le-point-morocco-emerging-power
[5] Austrian Institute for European and Security Policy (2020): Morocco‘s Africa-to-Europe Commercial Corridor. Onlayn keçid: https://www.aies.at/download/2020/AIES-Fokus-2020-08.pdf
[6] Spanish Institute for Strategic Studies (2018):  Escenario de seguridad Magreb 2040. Onlayn keçid: http://www.ieee.es/Galerias/fichero/docs_investig/2018/DIEEEINV13-2018_Seguridad_Magreb_2040_CaballeroEcheaerria.pdf
[7] Elliott Abrams (2021): Trump’s Morocco Decision Was Sound. Onlayn keçid: https://www.nationalreview.com/2021/02/trumps-morocco-decision-was-sound/
[8] Ziya Kazımzadə (2021): Qərbi Səhra məsələsi: dünəni və bu günü. Onlayn keçid: https://www.politicon.co/az/essays/90/western-sahara-past-and-present
[9] Mustapha El-Khalfi (2015): Conflict in Moroccan Sahara: Myths and realities. Onlayn keçid: https://www.aljazeera.com/opinions/2015/7/10/conflict-in-moroccan-sahara-myths-and-realities

 


DİGƏR YAZILAR