Politicon.co

Xəyanət vərdiş kimi

Xəyanət vərdiş kimi

Tarixin dildən dilə deyil, yazılı şəkildə nəsildən nəsilə ötürülməsi özü-özlüyündə inqilabi xarakter daşımır. İlk baxışdan yazılı mənbələrin şifahi mənbələrdən daha əsaslı, obyektiv olacağı gözlənilsə də dünyada baş verən hadisələr tarixin yazılı və ya şifahi şəkildə mövcudluğunun əhəmiyyətsiz olması anlamına gətirir. Tarix – sonrakı nəsillərin daha əvvəlki nəsillərin qəbul etdiyi qərarlara və atdığı addımlara verilən interpretasiyadan başqa bir şey deyil. XXI əsrdə bu xüsusilə aydın və nəzərəçarpacaq dərəcədə bəlli olur. II dünya müharibəsini görməyən, onun insanlara yaşatdığı acını hiss etməyən bizim nəsil bu müharibənin soyuq nəfəsini hələ də hiss etməkdədir. O müharibədə atılan toplar susur, hətta əksəriyyəti çürüyüb, lakin həmin müharibə səbəbindən bu gün insanlar ölməkdə, şikəst qalmaqda davam edir. Çünki, II dünya müharibəsi nə torpaq, nə sərvət, nə də hansısa ali dəyər uğrunda deyildi. O müharibə sadəcə utopiya və antiutopiyanın amansız savaşı idi. İnsanlar ölsə də ideyalar ölmək istəmir. 

Tam əminliklə söyləmək olar ki, 100 il sonra həyatda olacaq nəsil XXI əsri təhlil edib qiymət verəndə mütləq hansısa hadisəni qabardaraq başlanğıc nöqtəsi olaraq qəbul edəcək. Bəs biz? Biz yaşadığımız dövrə baxıb hansı hadisəni “dünyanı yerindən oynadan” hadisə kimi qəbul edək? Mənim qənaətimə görə XXI əsrdə həyatımızı tamamilə dəyişən hadisələr sırasında Krım yarımadasının ilhaq olunması şəksiz ən vacib hadisədir. 2014-cü ilin I rübündə Rusiya Federasiyası Krımdakı silahlı qüvvələrinin sayını ən azı iki dəfə artırmaqla öz nəzarəti altında yerli əhali arasında referendum keçirtmişdir. “Referendumun” nəticələrinə əsasən, Krım birtərəfli qaydada müstəqilliyini elan edir, bir gün sonra isə Rusiya Federasiyası ilə sonuncunun tərkibinə daxil olması barədə müqavilə imzalayır. Maraqlıdır ki, Rusiyanın daxilində Krım yarımadasının ölkənin tərkibinə daxil olub-olmamasına dair formal olsa da belə referendum keçirilməmişdir. Buna ehtiyac belə duyulmamışdır. Bu azmış kimi Ukrayna ərazisinin böyük bir hissəsində əhali arasında separatçı hisslər baş qaldırmışdır. Ukraynanın cənubi-şərqi hissəsində separatçılar hiss ediləcək nailiyyətlər əldə edərək qondarma respublikalar yaratmağa nail olmuşdur. 

Bütün dünyanın diqqətini cəlb edən bu münaqişə digər münaqişələrdən xeyli fərqlənir. Sirr deyil ki, indiki Ukraynanın mövcud olduğu sərhədlər zaman-zaman dəyişikliyə uğramış, həmin sərhədlər çərçivəsində yaşayan əhalini isə monolit xalq adlandırmaq çətin idi. Bununla belə, ruslar ilə ukraynalılar bir-birini fərqləndirməyi bacarırdı. Lakin bu fərqlər coğrafi və mədəni faktorların mövcudluğundan irəli gəlirdi və həyatı əhəmiyyətli xarakter daşımırdı. Həm çar dövründə, həm sovetlər dönəmində, həm də postsovet dövründə iki xalq arasında dərin münasibətlər mövcud olmuş, zaman-zaman qardaşlıq səviyyəsinə qədər çatmışdı. Məhz bu səbəbdən bir anın içində, heç bir iddia irəli sürmədən Ukraynanın suveren ərazisinin bir hissəsini qopardaraq özünə birləşdirməyə nail olan Rusiya tarixdə bəlkə də yeni bir presedent gətirdi. Gəlin yadımıza salaq ki, Adolf Hitler Sudet vilayətinə olan iddialarını əvvəldən bəyan etmiş, Səddam Hüseyn Küveyti açıq-aşkar İraqın 19-cu vilayəti adlandırmış, ermənilər isə 1980-ci illərin sonunda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə arzularını gizlətməmişdilər. Rusiya isə 1991-ci ildən 2014-cü ilə kimi bir dəfə də olsun Krım ilə bağlı hər hansı revizionist fikir səsləndirməmiş, əksinə dost və qardaş Ukraynanın sərhədlərinə hörmət etdiyini dəfələrlə şihafi və yazılı şəkildə bəyan etmişdir. Fikrimcə, bu fakt çox vacib, maraqlı və düşündürücüdür. Hadisələrə onların baş verdiyi anda düzgün qiymət vermək çox çətindir. Lakin 6 ili müəyyən nəticələrə gəlmək üçün kifayət qədər zaman hesab etmək olar.  

Rusiya dövlətinin hansı maraqlardan çıxış edərək Krımı ilhaq etməsi barədə müxtəlif fikirlər söyləmək olar. Daha vacib faktor Rusiya xalqının və elitanın bunu ürəkdən qəbul etməsi ən azı təəccüb doğurur. Hətta Krımda xidmət edən ukraynalılar vətəndaşlıq faktoruna və içdiyi anda göz yumaraq bir göz qırpımında qarşı tərəfə keçdilər. Bəlkə Krımda ruslara qarşı etnik təmizləmə aparılmışdı? Xeyr, Krım əhalisinin rus hissəsi mütləq çoxluq təşkil edir və əksəriyyəti Qara dəniz donanmasında xidmət edən matros və zabitlərin ailələrindən ibarətdir. Sadə dildə desək, təhlükə anında özlərini müdafiə etmək üçün odlu silah axtarmağa ehtiyacı yox idi. Bəlkə Krım yarımadasının başqa bir dövlətin nəzarətinə keçmək təhlükəsi var idi? Xeyr, NATO – (Şimali Atlantika Alyansı) Qara dəniz hövzəsinə nəzarəti əlində saxlayır və Krım yarımadası bu nəzarəti nə gücləndirə, nə də azalda bilməz. Bəs onda niyə ruslar Kremlə birmənalı dəstək göstərmiş, kiçik bir əraziyə görə “qardaş xalq” ilə düşmənçilik etməyə razı olmuşdur? Bəlkə bu torpaqlara ərazi baxımından ehtiyac var idi? Axı torpaq sahəsindən korluq çəkməyən Rusiya Federasiyasının əhalisinin 69%-i birmənalı olaraq Rusiyanın qərbində, coğrafi Avropaya daha yaxın ərazidə yaşamağa meyl edir. Fikrimcə bir neçə səbəbə görə rusiyaları ukraynalılara qarşı sərt mövqe tutmağa vadar etdi:

1. Xəyanət vərdiş kimi

Bəli, təəccüblənməyin. Sadəcə yadınıza salın: 1917-ci ildə çar və dövlət uğrunda son damla qanına kimi vuruşmağa and içənlər çarı devirərək asanlıqla inqilabı dəstəklədilər. 1991-ci ildə SSRİ-nin son nəfəsi zamanı Vətən hesab etdikləri sovet ittifaqının parçalanmasının qarşısını almaq üçün küçələrə axışan milyonlarla insanları xatırlayırsız? Bəli, mən də xatırlamıram. Nəhayət, 2014-cü ilin I rübündə baş vermiş Rusiya-Ukrayna münaqişəsinin başlanğıcı və davamı daha əvvəl çəkdiyim misallara tam uyğundur. Deyilən sözlərin, təntənə ilə içilən andların, hətta beynəlxalq müqavilələrə atılan imzaların bir anın içində öz qüvvəsini itirməsi deyil, ümumiyyətlə hər hansı mahiyyətin daşımadığı bir daha aydın oldu.  

2. Qorxu təhlükədən doğmur, qorxu bizim içimizdədir.

Bəli, ruslarların Krım yarımadasının anneksiyasını dəstəkləməkdə səbəblərdən biri qorxu faktoru idi. İnsanın inkişafını tədqiq edən antropoloqlar qeyd edir ki, icma, tayfa, qəbilə, xalq kimi toplumların əmələ gəlməsi səbəblərindən biri insanın rəqib toplum tərəfindən qarət olunmaq, hətta öldürülmək qorxusu olmuşdur. Birlikdə hücum etmək və ya müdafiə olunmaq daha əlverişlidir. Heç bir hikmətli kəlamlar, nəsihətlər, tərbiyə qaydaları qorxu faktorunu üstələyə bilməz. 2014-cü ildə ruslar qızışmaqda, alovlanmaqda olan münaqişədə haqlı tərəfi deyil, güclü hesab etdikləri tərəfi dəstəklədilər. Sağlam düşüncəyə, əxlaq normalarına və mehriban qonşuluq ənənələrinə istinad edən rusların sayı o qədər az idi ki, onları qabağa verib ələ salmağa belə çəkinmədilər. Bəs qorxuya səbəb nə idi? Qənaətimə görə, II dünya müharibəsinin nəticələrinə görə tarixi Rusiya özünün ən qüdrətli dövrünü yaşayırdı. Hərbi nailiyyətlər, kosmosun fəthi, ideoloji qələbələrə baxmayaraq hər şey bir anın içində məhv oldu. Milyonlarla qurbanlar, yüz milyonlarla insanların zəhməti puç oldu. Oktyabr inqilabının əslində çevriliş olması, Molotov-Ribbentrop paktının və ona əlavə edilən gizli protokolun mövcudluğunun təsdiq olunması, ən nəhayət boş piştaxtalar rusları daxilən sarsıtdı. Onların valideynlərinin, hətta özlərinin aldadıldığı, illər ərzində mədəni surətdə qarət olunması aydın oldu. Razılaşın ki, insan məğlub olmasını ürək ağrısı ilə qəbul edər, amma milyonlarla insanların 70 ildən çox müddət ərzində barmaq arasına dolanmasını qəbul etməz. SSRİ-nin çökməsi ruslar üçün məğlubiyyət deyil idi, bu təhqir idi. Ruslar bunu bir təhqir kimi qəbul etdilər. Necə ki, almanlar I dünya müharibəsində məğlub olmalarını deyil, məhz Versal sülh müqaviləsinin alçaldıcı şərtlərini qəbul etmədilər. 

Sonradan nələrin baş verdiyi hamıya məlumdur. Ona görə də SSRİ-nin süqutundan sonra yerində yaranan Rusiya Federasiyası “ikiqütblü dünya”, “supergüc”, “dünya hegemonu”, “rus dünyası” haqda illüziyaları gündəmə gətirəndə ruslar buna ürəkdən dəstək verdilər. Ən güclü nüvə arsenalına malik olan ölkə, kosmusu birinci fəth edən ölkə, ərazisinə görə dünyada ən böyük ölkə, dili BMT-nin rəsmi dillərindən biri olan ölkə məğlub ola bilməz, təhqir oluna bilməz, aldadıla bilməz. Ruslar məhz acı həqiqətdən qorxdular. Bütövlükdə götürəndə XX əsrin ruslar üçün bədbəxtlikdən başqa heçnə gətirməməsini, qalib gəlmiş Rusiyada əhalinin həyat səviyyəsi ilə məğlub Almaniyada əhalinin həyat səviyyəsinin müqayisə belə olunmamasını, hətta ən yaxın qonşu olan Ukraynanın Qərbə meyl etməsini qəbul etmədilər. Ona görə də 2014-cü ildə baş verən hadisələri məhz soyuq müharibənin davamı kimi qəbul etdilər. Axı soyuq müharibə davam edirsə, deməli hələ heç kim qalib gəlməyib və heç kimi məğlub olmayıb?! Deməli, illüziyalar hələ gündəmdədir, acı həqiqətdənsə şirin yalan min dəfə xoşdur. 

2014-cü ildən bu günə kimi Rusiya Federasiyası üçün mübarizə həm itirilmiş nüfuzun bərpa olunması, həm də dünyanın siyasi xəritəsində yaranmış yeni vəziyyətin bərqərar olunaraq Qərb tərəfindən tanınması uğrunda gedir. Şərqi Avropada bütün müttəfiqlərini itirən Rusiya artıq sərhədləri boyunca yerləşən dövlətləri belə öz təsir orbitində saxlaya bilmir. Ukraynanın bu orbitdən çıxması həm də rəmzi xarakter daşıya bilərdi. Bir mədəniyyətə sahib olan, çox yaxın dillərdə danışan iki xalqın fərqli barrikadalarda dayanması geosiyasi mübarizənin başlamamış sonuna gətirə bilərdi. Ruslar isə bunu ukrayalılara bağışlaya bilmədi. Müstəqil olması bir tərəfə, geosiyasi mübarizədə rəqib hesab olunan tərəfə keçmək cəhdləri indiki Rusiyanın özü üçün ölümcül təhlükəlidir. Qardaşın belə səni dəstəkləmirsə, bəlkə bu mübarizədə məhz sən haqsızsan? Dünya iqtisadiyyatındakı payı 1-1.5% ətrafında olan dövlət hansı supergücdən bəhs edə bilər? Təsəvvür edin ki, illüziyalar aradan götürülən kimi acı həqiqət yenidən ortaya çıxacaq. Sadə bir misal çəkim: ingilis dilində istifadə olunan ən məşhur rus sözlər bunlardır: aparatçik, bolşevik, komissar, kazak, QULAQ, perestroyka, poqrom, politbüro, sobol, sputnik, troyka və s. Razılaşın ki, fəxr olunası az şey var. Krım yarımadasının ilhaqı Ukraynanın “rus dünyası ndan qurtulmaq, avropalaşmaq istəyinə, nəticə etibarilə illüziyalarda deyil, real həyatda yaşamaq seçiminə Rusiya Federsiyasının cavabı idi. Axı necə bir “qardaş” real həyat sürür, digəri isə “illüziyalara” bürünərək onları əzizləyir, onlar ilə fəxr edir? Görünür ki, daxilən ruslar bu illüziyalara görə cavabdeh olduğunu dərk edir, lakin həqiqət daha ağır və qorxuludur.

3. Qoy bir insanın yalan danışmasının heç bir faydası olmasın – bu onun həqiqəti söyləyəcəyi demək deyil: sadəcə yalan xətrinə yalan danışacaq.

Son dövrlətdə Ukraynanın ictimai həyatında maraqlı hadisələr baş verdi. 2014-2016-cı illərdə Krım Respublikasının Prokuroru Natalya Poklonskaya və Ukraynanın cənub-şərqində üsyan qaldırmış separatçılara silahlı dəstək verən və bir müddət onlara başçılıq edən İqor Girkin ukraynalı jurnalist Dmitro Qordona video-müsahibələr verdilər. Bu müsahibələr ona görə maraqlı alındı ki, ilk dəfə idi ki, “rus baharı”nın əsas iştirakçıları təbliğat xarakterli suallarla deyil, real vəziyyət barədə suallarla qarşı-qarşıya idi. Bu müsahibədə onlar rusların əksəriyyətinin düşündüklərini pafossuz, açıq-aşkar söylədilər: Ukrayna yolunu azmış övlad kimi tez bir zamanda haqq yoluna qayıtmalıdır, baş verənlərə görə məhz Ukrayna məsuliyyət daşıyır, heçnəyə görə heyfslənmirlər, ümumiyyətlə Ukrayna natamam bir dövlət və ya qurum hesab edirlər.

Əlbəttə, hər bir münaqişədə iştirakçı tərəf açıq-aşkar təbliğat, dezinformasiya maşınını işə salır və deyilənlərin yarısından çoxu dezinformasiya, həqiqətə uyğun olmayan hallar idi. Lakin 6 ildən sonra məhz Ukrayna mediasına və Ukrayna mediasının qaydalarına uyğun müsahibənin verilməsi faktı düşünməyə əsas verir. Maliyyə sanksiyaları, anneksiyanın dünya ölkələri tərəfindən tanınmaması, 2018-ci ildə kəskin etirazlara baxmayaraq təqaüdə çıxmaq yaşının artırılması göstərdi ki, nəinki “rus baharı” əməliyyəti iflasa uğrayıb, ümumiyyətlə “rus dünyası”nda dərin çatlar əmələ gəlib. Dünən Ukraynaya xəyanət edən adam bu gün Ukraynada rəsmi səfir statusunu almaq istədiyini dilə gətirir. Həm Rusiyadan uzaqlaşmaq, həm də toxunulmazlıq statusunu əldə etməyə can atan adam törətdiyi əməllərin fərqindədir. Ukraynalı mülki və hərbi şəxsləri məhkəməsiz edam etməsini etiraf edən İ. Girkin Rusiyada gizlənməsinə baxmayaraq hər an həbs olunacağından ehtiyat etdiyi dilə gətirir. Artıq illüziyalar tükənməkdədir. Bütün bunların dünya bazarında neft qiymətinin kəskin düşməsi, dünyada tüğyan pandemiya dövründə baş verməsi təsadüfi deyil. Rusiya Federasiyasının SSRİ ilə güc baxımından müqayisə olunmayacağını dərk edən insanlar deyəsən gəminin yavaş-yavaş batdığını zənn edir və hər an bu gəmini tərk etmək arzusundadır. 

Yaxın müddətdə, təxminən 1 il sonra Rusiyada ictmai-siyasi vəziyyətin kəskin dəyişməsinə təəccüblənməyin. Xəyanət orada bir vərdişdir.  

 

Müəllif haqqında:

Fərrux Hüseynov Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr dərəcələrini alıb. Hal-hazırda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Maraq dairəsi Avropa regionu, MDB məkanında münaqişələr, əhatə edir.

 


DİGƏR YAZILAR