POLITICON.COM

İranda etirazlar: hansı dəyişikliklər baş verə bilər?

İranda etirazlar: hansı dəyişikliklər baş verə bilər?

İranın iqtisadiyyatına ciddi zərbələr vuran sərt xarici sanksiyalar rejimi indiyədək ən ağır sınaqlardan birinə sürükləyir. Daxili etirazlar və hökumətin sərt reaksiyası vəziyyəti gündən-günə daha da mürəkkəbləşdirir. Bu fonda isə xarici qüvvələr vəziyyətin necə inkişaf edəcəyini müşahidə edirlər. “Qalf Steyt Analitiks” (Gulf State Analytics) təqdiqat mərkəzinin baş məsləhətçisi Teodor Karasik və “Böyük Orta Şərq” saytının qurucusu və redaktoru Əli Hacızadə İrandakı son hadisələr ilə əlaqədar öz fikirlərini bölüşürlər. 

 

İqtisadi tənəzzül  səbəbindən hazırkı hökumətə və hətta din xadimlərinə qarşı sərt etirazlar və son nümayişlər İranı sarsıtdı. Bəs bu etirazlar İranın 1979-1980-ci illərdən bəri qurduğu dini sistemi silkələyə biləcək qədər güclüdürlərmi? 

Karasik: Etiraz həqiqətən də İranda inqilabın ilk illərində qurulmuş dini sistemə xələl gətirəcək qədər güclü görünür. Etirazlar yalnız sistemin özünü hədəfləmir, bununla yanaşı,  xüsusilə, Qumdakı din alimlərindən gələn səslər də getdikcə artır. Bazari (tacir sinfi) və müxalif dini xadimləri arasında sistemi narahat edəcək formullar ola bilər. 

Hacızadə: Xatırlayırsınızsa, 2017-ci ilin sonlarında və 2018-in ilk günlərində büyük miqyaslı etirazlar baş vermiş, lakin rejim onları yatıra bilmişdi. İndi müşahidə etdiklərimiz əsasən yerli miqyaslı məhdud aksiyalar olduğundan onların İrandakı rejim dəyişikliyinə səbəb ola biləcəyini düşünmürəm. Unutmamalıyıq ki, mövcud rejim silahlı şəkildə ələ keçirməklə sona çatan kütləvi etirazlar yolu ilə hakimiyyətə gəlib. Buna görə də son 40 ildə siyasi elita heç kimin oxşar şəkildə bu hakimiyyəti onun əlindən almasına imkan verməmək üçün əlindən gələni əsirgəməmişdir.

 

Nümayişlər həm də İranda qadınların İslami qaydalara qarşı etirazları ilə üst-üstə düşür. Əvvəlki sualın davamı olaraq, İran ümumiyyətlə daxili dəyişikliklərə hazırdırmı? 

Karasik: İrandakı qadın etirazları, gender bərabərliyi məsələləri üzrə artan qlobal dalğanın bir hissəsidir. Qadınlar rəqs edərək və ya baş örtüklərini çıxarmaqla etirazlarını davam etdirdikcə, İran cəmiyətində qadın məsələsi etirazçıların diqqət mərkəzində olan digər məsələlərlə yanaşı önəmli məsələyə çevrilir. İranlı qadınların etirazlarının təsiri, ümumiyyətlə cəmiyyətdə gender məsələlərinə baxışa görə İslam Respublikası üçün unikaldır. Etirazların artması ilə ədalətsizliyin ifadə edilməsi isə əsas faktora çevrilməkdədir.

Hacızadə: İranda qadın hüquqları ilə bağlı məsələnin uzun tarixi var. Bu məsələ şah dövründə də ortaya çıxmışdı, baxmayaraq ki, qanun həmin vaxt qadınlara bərabər hüquqlar verirdi. İranlı qadınlar İslam inqilabından sonra 1980-ci ildə də etirazlar təşkil edirdilər və o etirazlar daha kütləvi idi. Bu gün qadın hüquqları və qadınların etirazları ümumi etirazların bir hissəsi olaraq görülməlidir; qadın etirazları rejimi dəyişdirə bilməz, ancaq mövcud vəziyyəti sarsıda bilər. Rejim ciddi güzəştlər edə bilməz, çünki qadınların hüquqları ilə bağlı ciddi güzəştlər İslam dininin aliliyi prinsiplərinə uyğun olaraq fəaliyyət göstərən dövlət və rejimin (Vilayəti-fəqih) prinsiplərinə zərbə vuracaqdır.

 

Bəzi ekspertlərin fikrincə, İrandakı etirazlar vətəndaş iğtişaşlarının Tehrana təzyiq göstərəcəyinə ümid edən Tramp rəhbərliyini sevindirməlidir. Daxili siyasətdəki bu cür hadisələr İranın Amerika siyasətinə necə təsir edə bilər və ABŞ-da bu durumda özünü necə aparmalıdır? 

Karasik: Tramp Administrasiyası, yaşlanan rəhbərlik, iqtisadiyyatın zəif göstəriciləri və tükənmiş kimi görünən ideologiyanın kimi bir neçə amilə görə daxildə çevrilişin indi mümkün olduğunu düşünür. Bu siyasətin və ritorikanın davam etdirilməsi İranı daxili məsələlərlə məşğul olmağa məcbur etməklə İran siyasətində dəyişiklik yaratmağa çalışır. Belə iddialar var ki, İranı zəiflədəcək sanksiyaların Tehranın siyasətində köklü dəyişikliklərə gətirib çıxardacaq. Enerji vədləri və digər geosiyasi mülahizələri yerinə yetirə biləcək, Rusiya və Çin də daxil olmaqla digər siyasi aktyorlar da bu ssenaridə nəzərı alınmalıdır. Odur ki, ABŞ etirazların atmosferinə fokuslanmalı və önümüzdəki aylar və illər ərzində əsas hədəflərə çatmaqdan ötrü tərəfdaşlarla işləmək üçün müvafiq zamanı müəyyənləşdirməyi bacarmalıdır. Aydındır ki, informasiya müharibəsi başlayıb və növbədə kiber-müharibələr ola bilər. 

Hacızadə: Əlbəttə, ABŞ Prezident Administrasiyası və şəxsən Donald Tramp İrandakı hər hansı bir gərginlikdən razı qalarlar. Hakimiyyətə gəldikdən bəri respublikaçılar, Obama administrasiyası dövründə xeyli güclənmiş İran lobbisinin imkanlarını məhdudlaşdırmışlar. Etirazlar daha geniş miqyaslı və davamlı olarsa, İranın ABŞ-dakı mövqeyinə təsir göstərə bilər; ancaq bunun hansı istiqamətdə olacağını söyləmək çətindir. Onlar razılığa gələ və ya vəziyyəti daha da kəskinləşdirə bilərlər. Əlbəttə ki, İrandakı daxili narazılıqdan istifadə Vaşinqtona üçün çox cazibədar durumdur. Amma ABŞ-ın İrana təsir etmək üçün kifayət qədər vasitəsi yoxdur (yalnız sanksiyalar var). Tramp administrasiyasının bəzi iranlı müxalif fiqurlarla yaxın əlaqələri olsa da, onlar İranda həqiqi təsir gücünə malik deyillər. 

 

İran son illərdə Yaxın Şərqdəki konfliktlərdə çox aktiv rol oynayır. İnflyasiya və işsizlik şüarları səsləndirən daxili etiraz İranın geosiyasi fəallığını azaldacaq, yoxsa bölgədə daha fəal olmaq üçün Tehranı daxili auditoriyanı səfərbər etməyə məcbur edəcək? 

Karasik: Bayraq ətrafında toplanmaq (kütləvi səfərbərlik) fenomeninin indiki vəziyyətə baş vermə ehtimalı azdır. Etirazçılar İranın digər teatrlarda davranışlarından xəbərdardır və rejimin diqqətini xaricdən ölkənin içinə çəkmək istəyirlər. Etirazçılar çox yaxşı bilirlər ki, yüz milyonlarla dollar xaricdəki hərbi qruplaşmalara, həmçinin dini liderlərə məxsus fondlara xərclənir. 
Şübhəsiz, tənəzzülə uğrayan infrastruktur, keçmiş illərdə islahatların keçirilməməsi və ya pozitiv dəyişikliklərin olmaması ölkənin su təchizatı kimi problemlərinə töhfə verməkdədir. İran böyük dəyişikliyin astanasında görünür. 

Hacızadə. İranın İraqda, Suriyada, Yəməndəki müxtəlif proksi müharibələrdə iştirakına, üstəlik Hizbullah, Taliban və digər hərbi təşkilatlara böyük resurslar sərf olunur. Bu savaşların həqiqətən də İran cəmiyyətini səfərbər edib edə bilməyəcəyini söyləmək çətindir. Nümayişlərdə artıq “Mənim həyatım buradadır, Fələstin və ya Suriyada deyil” kimi şüarlar eşitmək olar. Bir tərəfdən, bu konfliktlər xalqı birləşdirmir, digər tərəfdən də rejim geri çəkilə və oyunu tərk edə bilməz. Bu, məğlubiyyətin etirafı olardı.

 

Müəllif haqqında: 

Aliaksandr Filipau Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Genişləndirilmiş Təlim və Əlavə Təhsil İnstitutunun direktorudur. Minsk Dövlət İdarəçilik Akademiyasından siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. 2009-2013-cü illərdə Belarus Prezident Administrasiyası yanında İnformasiya-Analitik Mərkəzində baş analitik vəzifəsində çalışmışdır. Araşdırma sahələri dövlət idarəçiliyi, beynəlxalq münasibətlər, ərəbşünaslıq, Yaxın Şərq və Belarus dövlət siyasəti üzrədir.


Digər yazılar