POLITICON.COM

Dördüncü sənaye inqilabının iqtisadi artıma təsiri

Dördüncü sənaye inqilabının iqtisadi artıma təsiri

Bu inqilabın əsas və qlobal təbiəti, onun bütün ölkələr, iqtisadiyyatlar, sektorlar və insanlara təsir edəcəyi və onların təsirinə məruz qalacağı ilə bağlıdır.
-    Klaus Şvab, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru

"Sənaye inqilabı" anlayışı cəmiyyətin həyatında innovasiyaların tətbiqi ilə bağlı radikal dəyişikliyin baş verməsi və bəşəriyyətin transformasiyası deməkdir. Sənaye inqilabı ayrı-ayrı ölkələrə uzunmüddətli iqtisadi artım templərinə nail olmağa imkan vermişdir və onlar bir çox onilliklər ərzində dünya iqtisadiyyatının liderlərinə çevrilmişdir. Bəşər tarixində XVIII əsrin ikinci yarısından başlayaraq bir neçə sənaye inqilabı yer almışdır. Yeni sənaye inqilabının əsasını insan zəkası tərəfindən yaradılmış süni intellekt təşkil edir. Məhz insan zəkası sayəsində dördüncü sənaye inqilabının, başqa sözlə "sənaye 4.0" adlanan inqilabın yaxınlaşdığını irəli sürən mühüm konsepsiya yaradılmışdır. "Sənaye 4.0" ifadəsi (ing. Industry 4.0) ilk dəfə 2011-ci ildə keçirilmiş  olduqca əhəmiyyətli texnoloji tədbirlərdən biri olan Hannover sərgisində istifadə edilmişdir.   "Sənaye 4.0"  konsepsiyası Alman federal hökuməti tərəfindən sənaye avadanlıqları və informasiya sistemlərinin vahid informasiya məkanında birləşməsinə əsaslanan Alman sənayesinin inkişafının strateji planı kimi təqdim olunmuşdu, burada insan iştirakı olmadan bir-biri ilə və xarici mühitlə qarşılıqlı əlaqənin yaradılması nəzərdə tutulurdu.  Yeni konsepsiya kiber-fiziki sistemlərin istifadəsinə, süni intellekt, əşyaların interneti, üçölçülü çapetmə (3D printer), bulud texnologiyaları, robotlar, biotexnologiya və nanotexnologiyaya əsaslanır. Qeyd etmək lazımdır ki, bu mövzunun müzakirəsi 2016-cı ildə Dünya İqtisadi Forumunun təsisçisi və prezidenti Klaus Martin  Şvabın sayəsində aktuallaşmışdır. Onun sözlərinə görə, dünya artıq dördüncü sənaye inqilabı astanasında dayanır.  Yalnız bir neçə il ərzində ən böyük texnoloji sıçrayış gözlənilir: bu isə istehsalın tam robotlaşdırılması, süni intellekt, avtomobil robotları, pilotsuz  nəqliyyat vasitələrinin bütün sahələrdə tətbiqi deməkdir. 

Son 300 il ərzində cəmiyyət aqrar iqtisadiyyatdan və əl əməyindən istehsalın tam avtomatlaşdırılmasına keçə bilmişdir. Qeyd etmək lazımdır ki, təxminən 10 min il əvvəl bəşər tarixində həyat tərzimizdəki ilk böyük dəyişiklik olan ovçuluq və yığıcılıqdan kənd təsərrüfatına keçid baş vermişdir. Bu isə həmin dövrdə heyvanların əhilləşdirilməsi hesabına mümkün olmuşdur. Aqrar inqilab, istehsal, nəqliyyat və kommunikasiya məqsədilə heyvan gücünü insan əməyi ilə birləşdirdi. Ərzaq istehsalın tədricən inkişafı nəticəsində əhali artımı və daha böyük yaşayış məntəqələrinin ortaya çıxması təmin edildi. Bu isə nəticədə urbanizasiyaya və şəhərlərin inkişafına yol açdı. Bütün qüvvələr həyat şəraitinin yaxşılaşdırılmasına, fiziki işə olan tələbatın azaldılmasına, kompüter texnologiyaları vasitəsilə yeni məhsulların hazırlanmasına yönəldilmişdir.

Məlum olduğu kimi, aqrar inqilabdan sonra tarixdə bir neçə sənaye inqilabı baş vermişdir.  İlk sənaye inqilabı ingilis mühəndisi Ceyms Uatt tərəfindən buxar mühərrikinın ixtirası ilə başladı. XVIII-XIX əsrlər ərzində Avropada davam edən birinci sənaye inqilabı dəmir yollarının inşa edilməsinin və  mexaniki istehsalın əsasını qoymuşdur. Birinci sənaye inqilabı nəticəsində 1820-ci ildən 1900-cü ilə qədər Avropanın 12 aparıcı ölkəsində adambaşına düşən ÜDM-in üç dəfə, 1 min dollardan 3 min dollara qədər artmışdır. XIX əsrin sonu və XX əsrin əvvələrində ikinci sənaye inqilabı nəticəsində konveyer və elektrik üsulun tətbiqi sayəsində istehsal bumu baş verdi. Nəhayət, 1960-cı illərdə başlamış  üçüncü sənaye inqilabı və ya rəqəmsal inqilab (ing. digital revolution)  meynfreym kompüterlərin, fərdi kompüterlərin icad edilməsi və internetin katalizatorluğu ilə səciyyələnir. Öz növbəsində, rəqəmsal sənaye inqilabı bir çox sahələrdə istehsalın avtomatlaşdırılmasını təmin etdi.

Bəs dördüncü sənaye inqilabının iqtisadi artım üzərindəki mümkün təsirləri nədən ibarətdir? Dördüncü sənaye inqilabına hazırlıq istiqamətində ölkəmizdə hansı addımlar atılır? 
Öncəliklə qeyd etmək lazımdır ki, dördüncü sənaye inqilabının qlobal iqtisadiyyatda bütün makro səviyyəli parametrlərinə (ÜDM, investisiyalar, ticarət, istehlak, məşğulluq və s.) olduqca böyük təsiri olacaqdır. Mürəkkəb innovasiyaların həyata keçirilməsi: böyük datalar , əşyaların İnterneti, robotizasiya, süni intellekt, virtual reallıq qlobal iqtisadiyyatın transformasiyası deməkdir. Dördüncü sənaye inqilabının iqtisadi artıma necə təsir göstərəcəyi mövzusu geniş müzakirələrə səbəb olmuşdur. Bununla bağlı texno-optimistlər və texno-pessimistlər arasında fikir ayrılığı qalmaqda davam edir. Belə ki, texno-optimistlər texnologiyanın gələcək inkişafının əsasən müsbət hadisələrə səbəb olacağını iddia edirlər. Əksinə, texno-pessimistlər texnologiyaların daha da inkişaf etdirilməsinin və təkmilləşdirilməsinin mənfi nəticələrindən, "total texnogen nəzarət" in yaradılmasından ehtiyat edirlər. Bunlarla yanaşı, onu da nəzərə almaq lazımdır ki, texnika və texnologiyadan çox şey asılıdır, lakin onlardan necə istifadə edilməsi və hansı istiqamətə yönəldilməsi olduqca əhəmiyyətli məsələdir. 

Dördüncü sənaye inqilabının iqtisadiyyat üzərindəki müsbət təsirindən danışarkən, innovasiyaların təkliflər bazarının səmərəliliyinin və məhsuldarlığının uzunmüddətli artımı əsasında müsbət dəyişikliklərə səbəb olacağını vurğulamaq lazımdır . Belə ki,  nəqliyyat və rabitə xərclərinin azalması, logistika proseslərinın daha rahat olacağını və təchizat zəncirlərinin sadələşdirilməsini müşahidə edəcəyik. Nəticə etibarilə, məhsulların dəyəri azalacaq ki, bu da rəqabəti və iqtisadi artımı stimullaşdıracaqdır.
Son sənaye inqilabının müsbət təsirləri ilə yanaşı, mənfi təsirləri də mövcuddur. Belə ki,  daha çox süni intellektə və dördüncü sənaye inqilabının digər meqatrendlərinə əsaslanan istehsal işçi qüvvəsi bazarını dəyişdirdiyi üçün dördüncü sənaye inqilabı əmək bərabərsizliyinə səbəb ola bilər. Avtomatlaşdırma bütün sektorlarda insanları əvəz edə biləcək və gələcəkdə bir çox ixtisaslara tələbat azalacaqdır. Bu səbəbdən, əmək gəlirlərinin azalması da istisna edilmir. Bütün bunlara baxmayaraq, dördüncü sənaye inqilabı xeyli insana daha aşağı qiymətlərlə istehlak imkanı yaradır və istehlak prosesini daha dayanıqlı edir. 

 

Texnoloji inqilabdan necə faydalanacağımızla bağlı nə qədər çox düşünsək, özümüzü və bu texnologiyaların təcəssüm etdirdiyi və mümkün hala gətirdiyi təməldə dayanan sosial modelləri o qədər daha yaxşı təhlil edə və bu inqilabı, dünyanın mövcud vəziyyətini yaxşılaşdıracaq tərzdə formalaşdırma fürsətinə bir o qədər çox sahib ola bilərik.
-    Klaus Şvab, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru

 

Dördüncü sənaye inqilabı artıq cəmiyyət həyatının bütün sahələrində sürətlə yayılmasını müşahidə edirik.Təsadüfi deyil ki, son dövrdə  “ağıllı şəhər”, “ağıllı kənd”, “ağıllı hökümət”, “ağıllı fabrik” kimi anlayışlara tez-tez rast gəlinir. Bu gün dünyada 600-dən çox "ağıllı" şəhər layihəsi var və onların sayı artmaqda davam edir. Qeyd etmək lazımdır ki, 2023-cü ilə qədər, Sənaye 4.0 texnologiyalarının bütün istehsal sahələrinə tətbiqi nəticəsində qlobal sənaye məhsulları və xidmətləri bazarı təxminən 310 milyard dollara çatacaqdır.   

Öz növbəsində, dördüncü sənaye inqilabının iqtisadi artım üzərindəki müsbət təsirləri ilə yanaşı, bir sıra çağırışları da mövcuddur. Belə ki, bir çox inkişaf etməkdə olan ölkələrdə Sənaye 4.0-ın tamamilə idxalı mürəkkəb prosesdir. Bunun üçün ilk növbədə, cəmiyyət, insan kapitalı və institusional struktur kimi amillər “yaşıl enerji”, “ağıllı kənd”, “ağıllı idarəçilik”, “ağıllı infrastruktur” kimi konsepsiyaların ölkədə tətbiqinə və təkmilləşdirilməsinə hazırlıqlı olmalıdırlar. 

Dünyada sürətlə gedən dördüncü sənaye inqilabına hazırlıq istiqamətində Azərbaycanda da dövlət səviyyəsində olduqca mühüm addımlar atılır. Belə ki, Prezident İlham Əliyev tərəfindən cari ilin 6 yanvar 2021-ci il tarixli fərmanı əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi publik hüquqi şəxsi yaradılmışdır. Mərkəzin fəaliyyəti Dördüncü Sənaye İnqilabı istiqamətində rəqəmsal iqtisadiyyat üzrə çağırışların, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirilməsinə və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə yönəldilmişdir.   

Məlum olduğu kimi, sentyabrın 27-də  müzəffər Azərbaycan Ordusunun yüksək peşəkarlığı sayəsində 44 gün ərzində ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.  Bununla əlaqədar olaraq, “Azərbaycan - 2030: sosial – iqtisadi inkişafa dair Milli Prioritetlər”  sırasında “işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” prioriteti Azərbaycan Ordusunun Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşmən üzərində tarixi qələbə qazanmış və torpaqlarımızı işğaldan azad etmiş dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Hazırda 30 illik işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun bərpası və SMART infrastrukturun formalaşması istiqamətində mühüm tədbirlər həyata keçirilir. 

Ölkəmizdə dördüncü sənaye inqilabı istiqamətində atılan mühüm addımlardan biri də, Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında imzalanan razılaşmaya əsasən Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin yaradılmasıdır.  Qeyd etmək lazımdır ki, 1 aprel 2021-ci il tarixindən fəaliyyətə başlayan Mərkəz MDB məkanında təsis edilən ilk mərkəzdir. 

Dayanıqlı inkişafın əsas təminatı kimi bütün sahələrdə innovasiyaların tətbiqi zəruridir. Hazırda dünyada bir çox müəssisələr, dövlət və özəl təşkilatlar öz inkişaf strategiyalarını formalaşdırarkən innovasiyalar tətbiq edir. İnnovasiya sisteminin inkişafı rəqəmsal dövrdə və Sənaye 4.0 trendindən geri qalmamaq baxımından olduqca əhəmiyyətlidir. Bəs Azərbaycan innovasiyaların tətbiqi sahəsində Qlobal İnnovasiya İndeksində hansı mövqeyi tutur? Ötən ildə, 131 ölkəni əhatə edən Cornell Universiteti (ABŞ), INSEAD Business School (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə nəşri olan Qlobal İnnovasiya İndeksində (GII) Azərbaycan 82-ci yerdə qərarlaşıb.  

Qeyd etdiyimiz kimi, dördüncü sənaye inqilabı və onun texnologiyaları insan həyatının bütün sahələrinə təsir edir. Bəs Sənaye 4.0-ın biznes proseslərinə və sahibkarlığa potensial təsirləri hansılardır? Son sənaye inqilabının çağırışlarına adekvat reaksiya vermək üçün sahibkarlar hansı addımları atmalıdırlar? Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvabın sözlərinə görə, hazırda bir çox böyük şirkət rəhbərləri və yüksək səviyyəli menecerlər sürətlə yayılan innovasiyaların onların gələcək biznes planlarına mənfi təsir göstərməsi ilə bağlı fikirlər irəli sürür. Dördüncü sənaye inqilabının yaratdığı texnologiyalar işgüzar dünyaya olduqca böyük təsir göstərir. Eyni zamanda, bu texnologiyalar tələb-təklif münasibətlərinin transformasiyasına səbəb olur. Belə ki, dördüncü sənaye inqilabı texnologiyaları istehlakçıya məhsulların çatdırılmasının yeni yollarını tapmağa imkan verdi ki, bu da mövcud olan təchizat zəncirinin dağılması və ya dəyişdirilməsi deməkdir. Bu isə, öz növbəsində, təklif anlayışının transformasiyası deməkdir. Bununla yanaşı, tələb anlayışı da dəyişib. Hazırda bir çox biznes platformalar smartfonlar və ya digər mobil cihazlardan istifadəyə əsaslanan fəaliyyət istiqamətində addımlar atır. Buna səbəb, rəqəmsal texnologiyaya əsaslanan istehsalın daha çox istehlakçı cəlb etməsidir. 

Rəqəmsal texnologiyalar sahəsindən (Üçüncü sənaye inqilabı) dördüncü sənaye inqilabının  müxtəlif meqatrendlərinin qarışmasına əsaslanan texnologiyalara keçid sahibkarların öz bizneslərini yenidən nəzərdən keçirməyə məcbur edir. Hazırki dövrdə, sahibkarlar öz inkişaf strategiyalarında daha məhsuldar olmağı və xərclərin azaldılmasını  deyil, innovasiyaların tətbiqini  prioritet istiqamət olaraq görməlidirlər. Bu məsələdə biznesə dəstək təşkilatlarının rolu olduqca əhəmiyyətlidir. Belə ki, biznesə dəstək təşkilatları biznes proseslərinin daha çox dördüncü sənaye inqilabı texnologiyalarına və istehsalda innovasiyaların tətbiqinə adaptasiyası istiqamətində maarifləndirmə işlərini daha sürətlə həyata keçirməlidirlər. 

Beləliklə, başlanan dördüncü sənaye inqilabı tanınmaz dərəcədə insanın həyat tərzini dəyişəcəkdir. Bizi bəşəriyyətin bütün tarixi ərzində ən böyük transformasiyası gözləyir. Bundan başqa, bir çox dəyişikliklər artıq görünür. Bu inqilabın digərlərindən əsas fərqi bütün sadalanan texnologiyaların sintezi və qarşılıqlı təsiridir. Onların inkişafı və tətbiqi qeyri-müəyyənliyə bağlıdır, buna görə də bu gün insan və cəmiyyətin həyatında texnoloji yeniliklərin istifadəsinin bütün nəticələrini hesablamaq olduqca çətindir. Bu baxımdan müasir dövrün qarşısında dayanan bu problemin tədqiqinə kompleks şəkildə yanaşmaq zəruridir.


Digər yazılar