Politicon.co

Armenian migration: Armenian community in France (Part 2)

Armenian migration: Armenian community in France (Part 2)

1.2 Erməni məsələsi və Fransada ermənilərin siyasi təşkilatlanması

Faktiki olaraq  XVII əsrdən – XIX əsrə kimi ermənilərin Fransaya miqrasiyası nəticəsində burada erməni tacir və intellektuallarından, siyasi aktivistlərindən ibarət qrup formalaşmağa başlayır. XIX əsrin 80-90-cı illərində Osmanlı İmperiyasında ermənilər yaşayan ərazilərdə baş verən erməni üsyanlarından sonra sultan II Əbdülhəmid erməni silahlı üsyançı qruplaşmalarına qarşı təhlükəsizlik tədbirləri görmək məcburiyyətində qalmışdı. Erməni siyasi aktivistləri, üsyançılarına qarşı aparılan mübarizə onların Avropaya mühacirət etməsi ilə nəticələnmişdir. Fransaya mühacirət edən ermənilər əsasən Rusiya və Osmanlı İmperiyası ərazilərindən köçən ermənilər idi. 1896-cı il sentyabrın 25-də Fransanın Xarici İşlər Naziri Qabriyel Anoto (G. Hanotaux) Fransanın İstanbuldakı səfiri Pol Kambona (Paul Cambon) erməni mühacirlərin Fransada yerləşdirilməsi ilə bağlı yazırdı: “Cənab daxili işlər naziri ilə razıyam. Erməni mühacirlərin Dieppe-ə kimi transportla təmin edilməsi üçün vacib ölçülər götürmüşəm. Təxminən 250 nəfər erməni Marseldə yerləşib” . Anoto erməni mühacirlərin təkcə Fransaya deyil, eləcə də ABŞ və Latın Amerikasına köçləri ilə bağlı məsələyə toxunaraq qeyd edirdi ki, “Deyli Nyus”un (“Daily News”un) Parisdəki müxbirləri Leydi Somerset və M. Krouford ermənilərin Diepdən ABŞ-a kimi səyahət xərclərini öz üzərilərinə götürməyi təklif edirdilər. Ermənilərin mühacirət etdiyi ölkələr sırasına Latın Amerikası ölkələrini də əlavə edə bilərik. Osmanlı İmperiyası İstanbulda Osmanlı bankına hücumdan sonra əsas təşkilatçıların İsveçrəyə keçməyinə icazə vermişdi. Banka hücumda iştirak edən digər 15 nəfərin isə Argentina Respublikasına getməkləri üçün imkan yaradılmışdı.

Ermənilərin Osmanlı İmperiyası və Rusiyadan köçündən sonra Fransada erməni icması yaranmağa və ermənilərin siyasi təşkilatlanması formalaşmağa başlayır. Bu barədə Fransanın o zamanki Xarici İşlər Naziri Anoto 1896-cı il noyabrın 3-də Nümayəndələr Palatasındakı (Chambre des députés) çıxışında deyirdi: “1878 və 1881-ci ildə imzalanmış Berlin müqaviləsi və Kipr konvensiyasına görə Avropa, xüsusilə də İngiltərə ermənilərin vəziyyəti və erməni məsələsi ilə məşğul olmağa başlayır. Lakin biz erməni hərəkatı haqqında ilk dəfə 1885-ci ildə eşitmişik. Fransa, İngiltərə, Avstriya, Amerikada dağınıq halda yaşayan ermənilər təşkilatlanır, aktiv propaqanda aparan komitələr və qəzetlər yaradırlar” 2

Fransaya mühacirət edən erməni siyasi mühacirlər dərc etdikləri qəzet və jurnallar, eləcə də erməni ictimai-siyasi təşkilatları ətrafında sıx birləşirdilər. Artıq XIX əsrdə Fransada erməni jurnalları, qəzetləri, məktəbləri yaranmağa başlamışdı. 1846-cı ildə Parisdə erməni kolleci (“Le collège parisien des pères mékhitaristes”) fəaliyyət göstərməyə başlamışdı. Ermənilər Fransada xeyriyyə təşkilatları və assosiasiyalar yaradırdılar. Yaradılmış assosiasiyalar bunlar idi: 
      1. Parisin Ararat Cəmiyyəti (Paris, 1849)
      2. Fransız-Erməni Vətənpərvər Assosiasiyası (Paris, 1883)
      3. Fransız-Erməni Vətənpərvər Assosiasiyası (Marsel, 1888)
      4. Erməni Tələbələrinin Birliyi (Paris, 1888)
      5. Ermənilərin Xeyriyyəçi Assosiasiyası (Paris, 1890)

Erməni mühacirlərin Fransada fəaliyyəti ilə bağlı Fransanın İstanbuldakı səfiri Kambon yazırdı: “Erməni propaqandası öz mübarizəsində ilk növbədə Fransada qələbə qazanmağa cəhd edirdi. Ermənilər bir neçə jurnal və dərgilərdə məqalələr dərc etdirir, banketlər təşkil edir, Sen Denidə (Saint-Denis) Luzinyanın məzarı ətrafında nümayiş keçirir, Ararat dağından, Nuh peyğəmbərdən və xaç yürüşlərindən danışırdılar. Fransanı anlamaq lazımdır. Orada heç nə başa düşülmürdü və insanlar üçün bunlar heç bir maraq doğurmurdu” 3. Kambonun qeyd etdiyi kimi, siyasi səbəblərdən dolayı Fransaya köçmüş erməni mühacirlərin XIX əsrin sonlarında Fransada apardığı propaqanda heç də hamı tərəfindən anlaşılmırdı. Bununla belə, onlar fəaliyyətlərini davam etdirməkdə idilər. 

Fransaya köçən erməni mühacirlərdən biri Minas Çeraz (1852-1929) idi. O, Berlin konqresində erməni nümayəndəsi kimi iştirak etmişdi. Çeraz Parisdə aylıq “Ermənistan” (“Arménie”) (1885-1923) adlı qəzet nəşr etdirirdi. Fransaya mühacirət edən ermənilərdən Möqertiç Portuqalyan (1848-1921) 1885-ci ildə Vanda yaradılmış və ermənilərin ilk siyasi partiyası olan “Armenekan”ın qurucularından biri idi. Portuqalyan Marseldə həftəlik “Ermənistan” (1885-1923) adlı jurnal çap etdirirdi. Bu jurnalda ermənilərin milli, siyasi yaşamları, fəaliyyətləri geniş əks olunurdu. Jurnalda Osmanlı İmperiyası və Qafqazda erməni kəndlilərinin özünü müdafiəsi və milli azadlıq mübarizəsi kütləvi təbliğ olunurdu. Digər erməni siyasi mühacir Avedis Nazarbekyan Parisə həm də təhsil almaq üçün gəlmişdi. O, 1887-ci ildə Cenevrədə formalaşmış, sosial-demokrat və marksist partiya hesab olunan “Hıntçak”ın yaradıcısı hesab olunur. Erməni mühacirlər içində yazıçı, şair Arşaq Çobaniyan (1872-1954) da var idi. Fransada yaşayan və təhsil alan erməni tələbələr, siyasi mühacirlər, aktivistlər Marsel və Parisdə nəşr edilən “Ermənistan” adlı jurnal ətrafında birləşmişdilər. Belə ki, ermənilər millətçi düşüncələrini propaqanda fəaliyyətləri üçün ən effektiv alət olan qəzet və jurnallarla yaymağa çalışırdılar. Onlar eyni bir ideya ətrafında sıx birləşmişdilər və buna uyğun fəaliyyət proqramı həyata keçirirdilər. “Essadon” (“Haissadon”) adlı qəzet də Fransada ermənilərin dərc etdikləri fransız dilli erməni mətbuat orqanı idi. 

Erməni din xadimləri və tacirləri 1896-cı ildə Marseldə “Ermənilərə kömək üçün siyasi mühacir komitəsi”ni (“le comité des réfugies pour aider les Arméniens”) yaratmışdılar. Öqan Rostand (Eugan Rostande) bu təşkilatın məsul şəxslərindən biri idi. O, həmçinin “Marsel” qəzetini (“Le journal de Marseille”) də idarə edirdi. Adı çəkilən komitə, demək olar ki, Fransada ermənilərə maliyyə yardımı edən bir təşkilata çevrilmişdi.

Fransa ilə müqayisədə ermənilərin daha aktiv fəaliyyət göstərdikləri, siyasi və rəhbər elitalara daha güclü təsir etmə imkanına sahib olduqları ölkə Böyük Britaniya hesab edilir. Fransa Xarici İşlər Naziri Anotonun 1896-cı il noyabrın 3-də parlamentdəki çıxışında bunu aydın görə bilərik. O, ermənilərin siyasi fəaliyyət göstərdikləri, effektiv şəkildə təşkilatlandıqları ölkələrdən bəhs edərkən Fransa ilə müqayisədə Böyük Britaniyada daha güclü olduqlarını xüsusi olaraq vurğulamışdı. 

Böyük Britaniyanın xarici siyasətində erməni məsələsi sadəcə siyasi deyil, eləcə də iqtisadi sferada (Yaxın Şərqdə ticarət yollarına nəzarət etmək üçün) ciddi əhəmiyyət daşıyırdı. Şərqi Anadolu, xüsusilə Trabzon-Ərzurum-Bayazid, Qara dəniz və İran ticarət yolu Böyük Britaniya üçün vacib idi. Bu iqtisadi amili aktual edən digər səbəb isə İngiltərədə yeni formalaşmağa başlamış erməni icması və diasporası idi. Faktiki olaraq 1835-ci ildə Mançester şəhərinə (Manchester) erməni tacirləri və ailələrinin köç etməsi, onların ticarətdə qazandıqları uğurlar Böyük Britaniyanın xarici siyasətində erməni məsələsi ilə bağlı mövqeyinə təsirsiz ötüşə bilməzdi. Ermənilərin ticarətdə əsas fəaliyyət göstərdikləri sahə tekstil mallarının ixracı idi. “Xüsusilə Misir və Efiopiyaya tekstil malları ixrac edilirdi” 4. 1870-ci ildən etibarən tekstil mallarının ixracının artması yeni bazarlara çıxışı şərtləndirirdi. Yaxın və Orta Şərqə investisiyaların yatırılması ilə tekstil mallarının yeni bazarlara çıxışı daha çox əhəmiyyət kəsb etməyə başlamışdı. Elə bu səbəbdən Qara dəniz və İran ticarət yoluna nəzarət, Orta Asiya bazarlarına çıxış əldə etmək Böyük Britaniya üçün mühüm əhəmiyyət kəsb edən məsələ idi.

XIX əsrin sonları erməni məsələsinin aktuallaşması və Osmanlı İmperiyasında baş verən erməni üsyanları nəticəsində 100.000 erməni dünyanın müxtəlif ölkələrinə mühacirət etmək məcburiyyətində qalmışdı. Bu proses XX əsrin əvvəllərinə qədər davam edib. 1905-1909-cu illərdə erməni qaçqınlarının sayının artdığı və başqa ölkələrə mühacirət etdiyi müşahidə edilir. Qeyd edilməlidir ki, mühacirət edən ermənilərin əksəriyyətini erməni ziyalıları təşkil edirdi. Mühacirətə gedənlərin çoxu erməni təşkilatlarının üzvü və ya fəalları idi. Mühacirət edənlərin sırasında erməni kilsəsinin din xadimləri də var idi. Parisdə yerləşən ermənilərlə bağlı Martin Hovanisyan “Ermənilər və Əraziləri” (“Les Arméniens et leurs territoires”) adlı kitabında bunları qeyd etmişdir: “1914-cü ildə təxminən 4000 erməni var idi. 1500-dən çox erməni Parisdə XI dairədə məskunlaşmışdı” 5. Mühacirət edən erməni burjuaziyası əsasən İstanbul və Tiflisdən köç edənlər idi. Onlar Fransada fransız mədəniyyəti ilə tanış olmuş, yerli cəmiyyətə daha tez adoptasiya ola bilmişdilər. Demək olar ki, varlı və ziyalı ermənilərin əsas qüvvəsi Parisdə idi. Erməni mühacirlər “Ermənilərə kömək üçün siyasi mühacirlərin komitəsi” adlı təşkilat yarada bilmişdilər və bu təşkilat 1910-cu ilə kimi Fransadakı ermənilərin həyatında əhəmiyyətli rol oynayıb.

Beləliklə, XIX əsrdə erməni məsələsinin yaranması və Osmanlı İmperiyasının baş verən erməni üsyanlarının qarşısını almaq məqsədilə gördüyü tədbirlər erməni ziyalılarının və siyasi liderlərinin Qərb ölkələrinə mühacirət etməsi ilə nəticələnmişdir. Əgər XVII-XVIII əsrdə Qərb ölkələrindən Fransaya köç edənlər arasında erməni tacirləri üstünlük təşkil edirdisə, XIX əsrdən etibarən bu, siyasi mühacirlərin köç etməsi ilə əvəz olunur. Bu proses XX əsrdə də davam etmiş və ermənilərin Fransada birinci nəslinin formalaşması ilə nəticələnmişdir. 
 

İstinadlar
  1 Documents Diplomatiques Affaires Arméniennes. Projets De Réformes Dans l’Empire Ottoman (1893-1898). Document No 268 M. Hanotaux, Ministre des Affaires étrangères à M. P. Cambon, Ambassadeur de la République française à Constantinople. Paris : Imprimerie Nationale M DCCC XCVII, 1897, p.292

 2   Documents Diplomatiques Affaires Arméniennes. Projets De Réformes Dans l’Empire Ottoman (1893-1898). Document 284. Discours de M. Hanotaux, Ministre des Affaires Étrangères À La Séance De La Chambre Des Députés Du 3 novembre 1896. Paris : Imprimerie Nationale M DCCC XCVII, 1897, p. 313-314

3  Documents Diplomatiques Affaires Arméniennes. Projets De Réformes Dans l’Empire Ottoman (1893-1898). Document No 6 M. P. Cambon, Ambassadeur de la République française à Constantinople, à M. Casmir-Perier, Président du Conseil, Ministre des Affaires étrangères. Paris : Imprimerie Nationale M DCCC XCVII, 1897, p.11

Migration and ethnic history – Armenians. Manchester City Council https://www.manchester.gov.uk/directory_record/212552/armenians/category/1373/view_all_records

5 Hovanessian Martine. Les Arméniens et leurs territoires. Paris : Autrement, 1995, p.32    

 


SIMILAR ARTICLES