POLITICON.COM

Macar sağçılarının maraqlı vəziyyəti

Macar sağçılarının maraqlı vəziyyəti

2018-ci il aprelin 8-də Macarıstanda parlament seçkiləri baş tutdu. Seçkilər Baş Nazir Viktor Orbanın rəhbəri olduğu hakim “Fides” (Fidesz) partiyasının qələbəsi ilə nəticələnsə də, ən əsas məqamlar Macarıstanda əsas müxalifət partiyası hesab edilən “Yobbik”in yüksəlişi və bu iki partiyanın qeyri-liberal, ksenofob, hətta ekstremist çağırışlarla əlaqələndirilən sağyönümlü populizmin yüksəlişi ilə üzləşən digər Avropa ölkələri üzərində yarana biləcək təsiri barədə ehtimallardır. Bu ehtimalı təhlil etmək üçün “Fides” və “Yobbik” partiyalarının təkamülünü nəzərdən keçirməliyik.

Macarıstanın hakim partiyası 1980-ci illərin sonunda sosializmin sürətli çöküşü əsnasında meydana gəldi və dövrün libertarian-proqressiv ideyalar axınına zidd olan gənclərə yönəlmiş partiya təsis edildi. Həmin dövr macar tarixinin sosialist dönəminin, xüsusilə 1956-cı ildəki faciəvi hadisələrin kəskin qınanması fərqlənirdi. Partiya ölkənin ilk post-sovet illərində iqtidarı formalaşdırmış sosial-demokratlara sağçı alternativ kimi məşhurluq qazandı və 1998-ci ildə parlament seçkilərində qələbə qazanaraq gənc lideri Viktor Orbanın baş nazir olması ilə hakimiyyətə gəldi. Partiya bu dövrdə xüsusilə avroskeptisizm ilə fərqlənmirdi və bu da macarların əksəriyyətinin Avropa inteqrasiyanın dəstəkçiləri olduğu dövr üçün təbii idi. “Fides” 2002-ci ildə seçkilərdə məğlub olaraq 8 il ərzində müxalifətdə qaldı.

Bu gedişat Macarıstanın 2004-cü ildə  Avropa Birliyinə uzun müddətdir ki gözlənən qəbulu ilə dəyişməyə başladı. Bir çox institusional problemlərin baş qaldırması ilə macarlar araViktor Orbánsında Brüsselə olan müsbət baxışlarda azalmalar müşahidə olundu. 2008-ci il böhranı Macarıstana təsirsiz ötüşmədi və ölkə artan xarici borcun, qarşıda olan çatışmazlıqların sərt və real olduğunu anladı. Bu şəraitdə Orbanın rəhbərlik etdiyi “Fides” öz ritorikasında dəyişiklik edib ölkənin yaşadığı iqtisadi çətinliklərlə bağlı Avropa bürokratiyasını günahlandırmağa və tənqid etməyə başladı. O, həmçinin, kiçik şəhərlərdə və regionlarda yaşayan, milliyətçi və avroskeptik baxışlara malik mühafizəkar elektoratla işlədi. Bu strategiya Orbanın 2010-cu ildə qalib gəlməsi və hökumət formalaşdırması ilə nəticələndi. Seçkilər üçün populist ritorikadan istifadə edən bir çox siyasətçidən fərqli olaraq o, kampaniyasının ruhuna sadiq qaldı; “Fides” hökuməti tezliklə bir çox Avropa təşəbbüsünlərinə qarşı inadkar mövqeyilə tanındı, mətbuat azadlığını məhdudlaşdıran (liberal medianı zəiflətmək məqsədilə) və məhkəmələrin fəaliyyətinə müdaxilə edən qanunlar qəbul etdi. Maraqlıdır ki, Orbanın hökumət başçısı kimi ilk dövründə “Fides” sözçüləri bu siyasəti baş nazirin hələ siyasətçi kimi karyerasının ilk illərində, onilliklər əvvəl qeyd etdiyi kimi kommunizmin qalıqlarından yaxa qurtarmaq ehtiyacı ilə izah etməyi üstün tuturdular. 

Eyni vaxtda Macarıstanda yeni bir siyasi qüvvə fərqlənməyə başlamışdı; 1930-cu illər Avropasında yayılmış radikal və irrasional milliyətçilik ideyaları ilə qorxulu dərəcədə bənzərliklərə malik ifrat sağçı “Yobbik” partiyası. Praqmatik populist “Fides”dən fərqli olaraq “Yobbik” Avropa siyasətində o vaxtadək misli görünməmiş, arxaik ideyalara söykənən və  paleokonservatizmin radikal versiyası hesab edilən proqram irəli sürmüşdü. Partiya iki dünya müharibəsi arasındakı dövrə aid və faşistlər üçün xarakterik olan “məşəl yürüşləri” təşkil edir, yəhudilərin macar xristian mədəniyyətinə təhdid olduğunu iddia edir, qaraçılara qarşı açıq şəkildə ayrı-seçkiliyi təbliğ edir və etnik quruluşlu dövlət ideyasını reallaşdırmaq istəyirdi. “Yobbik” lideri Qabor Vona  (Gabor Vona) ifrat-sağ ədəbiyyatların nəşrini dəstəkləyir və davamlı olaraq Holokost tarixi ilə bağlı şübhə yaymağa çalışırdı. Belə bir proqramla çıxış edən partiya 2010-cu il seçkilərində 16% səs toplaya bildi, 2014-cü il seçkilərində isə 20,5% səs toplamaqla Macarıstanın ikinci ən böyük müxalif partiyası oldu.


Amma 2015-ci il qaçqın böhranı macar siyasətində gözlənilməz nəticələrə səbəb oldu. Yaxın Şərq və Afrikadan Avropaya gələn və və əsasən müsəlman olan minlərlə qaçqını qəbul etmək əleyhinə olan kütləvi əhval-ruhiyyəyə söykənən Orban AB-nin bu qaçqınları bütün üzv-ölkələrdə yerləşdirilməsini təmin etmək planına qarşı gəldi. Bundan sonra onun milliyətçi siyasəti yeni mərhələyə qədəm qoydu. Avropadakı sağçıların qaçqınların gəlişinin Avropa dəyərlərinə və həyat tərzinə zərər vuracağı ilə bağlı tənqidi yanaşdığı dövrdə Macarıstanın Baş Naziri özünün avro-bürokratların əksinə “xristian sivilizasiyanının barbar qoşunlarından müdafiəçisi“ olduğunu elan etdi. Rəsmi ritorika Macarıstanı ilk növbədə etnik macarların ölkəsi kimi görməyə başladı, ksenofobiya getdikcə çirkin formalar aldı, hətta sərhədi qanunsuz formada keçməyə çalışanların təsbiti üçün polis orqanlarında “sərhəd ovçuları” kimi iş elanı da verildi. Hökumətin ideyası sadəcə milli sərhədləri əhatə etmirdi, belə ki, Orban “Böyük Macarıstan” ideyasının (müasir Rumıniya, Slovakiya, Serbiya və Xorvatiyanın da ərazilərinin bir hissəsini də əhatə edən tarixi Macarıstan torpaqları) yenidən dəstək tapdığı bir vaxtda Budapeşti Avropa radikal sağçılarının mərkəzinə çevirmək istəyir. Nəhayət, o, heç vaxt Rusiyanın avtoritar lideri Vladimir Putinə qarşı duyduğu rəğbəti gizlətmir, hətta onu “qeyri-liberal demokratiya qurması” münasibətilə təbrik də etmişdi.  AB-nin Rusiyaya qarşı sanksiyalarına yarı-könüllü şəkildə qoşulmasına baxmayaraq, Orban öz hökuməti ilə Rusiya hakimiyyəti arasındakı xüsusi qarşılıqlı anlaşmanı vurğulamaq imkanını da heç zaman qaçırmır.

Qısası, “Fides” iqtidardakı ikinci dövründə “Yobbik”in proqramına daxil olan bir sıra əlamətləri qəbul etdi. Bəs “Yobbik”in özü necə? Partiya Brekzit səsverməsindən özünün marginal mövqeyinin mühafizəkar tendensiyaya çevrilməsindən sonra tənəzzülə uğrayan Britaniya Müstəqil Partiyasının (UKIP) taleyini yaşaya bilərdi. Bununla belə, Macarıstanın ifrat-sağçı partiyası sağ spektrin hörmət edilən istiqamətinə yerdəyişmə etməklə hamını yenidən təəccübləndirməyi bacardı. Əvvəlcə, partiya açıq anti-semit və anti-qaraçı düşüncələrindən əl çəkdi. Hətta 2016-cı ilin dekabrında Vona yəhudi icmasına Hanuka bayramı münasibətilə təbrik də ünvanladı. Bir vaxtlar AB bayraqları yandıran partiya müxtəlif sahələrdə Avropa inteqrasiyasını və “Avropa əməkhaqqı birliyi” yaradılmasını da nəzərdə tutan siyasi proqram qəbul etdi. “Yobbik” həm də Qərbi Avropa ölkələri və Birləşmiş Ştatlarla əlaqələrini inkişaf etdirmək üçün “Qərbə açılma” konsepsiyasını irəli sürdü. Hazırda partiya xüsusilə ənənəvi mühafizəkarları və Avropayönümlü və liberal sosial-demokratlar tərəfindən “küsdürülmüş” bəzi solyönümlü seçiciləri hədəf kimi müəyyənləşdirib. Bunlardan daha vacibi partiyanın özünü Viktor Orbanın heç bir real ideoloji bağlılığı olmayan biri kimi kronik rejim qurduğunu iddia edərək “Fides” siyasətinin kəskin tənqidçisi olaraq göstərməsidir. “Yobbik”in Avropa Parlamentinin ifrat-sağçı fraksiyası (ENF) tərəfindən pis şöhrətinə görə qəbul edilməməsinə baxmayaraq, hazırda partiya bir çox ENF üzvündən daha az radikal siyasət yürüdür.

Bəs bu, macar və daha geniş aspektdə Avropa siyasəti üçün nə mənaya gəlir? Əlbəttə, partiyaların ideologiyalarında dəyişmələr həmişə baş verir, lakin bunlar daha çox mərhələli və daha az radikal yollarla olur. Məsələn, Britaniyanın Leyborist partiyası klassik işçi pariyasından daha çox post-modern liberal mərkəzçi partiyaya çevrilib: amma bu çevrilmə onilliklər ərzində baş vermiş və Britaniya sənayesində (işçi sinfi daxil olmaqla) uzunmüddətli geriləmə və sosial quruluşda ümumi dəyişikliklərlə bağlı olmuşdur. Bəzi sağ mövqeli partiyalar isə ictimai təsirin və fikrin dəyişməsi ilə sosial məsələlərdə daha liberal mövqe tutmalı olmuşdular. Bununla belə, bu tip dəyişikliklərin dəyişmə aralığı partiyanın ideoloji uyğunluq səviyyəsi ilə limitli hesab edilirdi. “Toksik” ifrat-sağ və ya ifrat-sol hərəkatlar bu aralıqdan kənar hesab edilir və öz mövqelərində qalmağa üstünlük verirdilər. Lakin “Yobbik”in taktiki dəyişimi bu limitləri keçdi bə uyğun hesab edilə biləcək ərazilər artdı. Macarıstanının AB-dəki ən milliyətçi ölkələrdən biri olduğunu nəzərə aldıqda, bunun lokal fenomen olduğunu iddia etmək mümkündü.  Lakin  Avropadakı hadisələr əksini göstərir. Polşa və Avstriyada ifrat-sağ mövqe qələbə qazanır, Mərkəzi və Şərqi Avropa ölkələrinin bir çoxu hələ də populistlər tərəfindən idarə olunur, hətta İtaliyada sonuncu seçkilər bu qrupların hər ikisinin qələbəsi ilə nəticələndi. Hökumətin formalaşdırılmadığı və mürəkkəb danışıqların getdiyi İtaliya bu trendin nə qədər irəli gedə biləcəyinə nümunə ola bilər. Yeni hökumətin gündəliyində hansı ifrat-sağ ideyalar öz yerini tutacaq? Macarıstanda öz hakimiyyətini əldə saxlamaq üçün seçki gündəliyini amansızcasına artıran iqtidar partiyası və ümumi sağ mövqeli partiya olmaq üçün narahat şəkildə keçmiş irsini təmizləmək üçün səy göstərən müxalifət partiyası ilə qarşılaşırıq. Lakin uzunmüddətli perspektivdə bu məsələ müharibədən sonrakı dövrün Avropa siyasətinin söykəndiyi ideoloji partiyalar sisteminə növbəti zərbə ola bilər. 
 

İstinadlar: 

  1. Strickland, P. (2017) "How is Hungary's far-right changing?" Al Jazeera, 12 dekabr 2017, https://www.aljazeera.com/news/2017/12/hungary-changing-171209110936676.html 
  2. Zuroff, E. (2010) "Jobbik holds key to war criminal's fate" The Guardian, 9 aprel 2010, https://www.theguardian.com/commentisfree/2010/Zuroapr/09/jobbik-hungary-election-nazi-war-criminal 
  3. Pirro, A. (2015) "The Populist Radical Right in Central and Eastern Europe: ideology, impact, and electoral performance" Nyu-York, 2015
  4. https://books.google.az/books?id=dEnLCQAAQBAJ&pg=PA149&lpg=PA149&dq=jobbik+evolution&source=bl&ots=Ua7zP35j6x&sig=z-SvGrchwBu_utK4GX14BCWyRXA&hl=ru&sa=X&ved=0ahUKEwjd_MeGhqXaAhUE8ywKHZIbBYkQ6AEITTAG#v=onepage&q=jobbik%20evolution&f=false
  5. "Europe's Rising Far Right: A Guide to the Most Prominent Parties" The New York Times, 4 dekabr 2016 https://www.nytimes.com/interactive/2016/world/europe/europe-far-right-political-parties-listy.html
  6. Schaeffer, C. (2017) "How Hungary Became a Heaven for the Alt-Right" The Atlantic, 28 may 2017 https://www.theatlantic.com/international/archive/2017/05/how-hungary-became-a-haven-for-the-alt-right/527178/
  7. Kreko, P. (2017) "Hungary's far right? No longer the fringe" Hate Speech International, 8 mart 2017, https://www.hate-speech.org/hungarys-far-right-no-longer-the-fringe/
  8. Dunai, M. (2018) "Hungary's Jobbik eyes election gains after ditching far-right views" Reuters, 22 mart 2018, https://www.reuters.com/article/us-hungary-election-jobbik/hungarys-jobbik-eyes-election-gains-after-ditching-far-right-views-idUSKBN1GY2BT
  9. Bayer, L. (2017) "Trading places on the Hungarian Right" Politico, 14 avqust 2017, https://www.politico.eu/article/hugary-right-wing-trading-places-fidesz-jobbik/

 

 


Digər yazılar