POLITICON.COM

Ermənilərin miqrasiyası və Fransada erməni icması (1-ci yazı)

Ermənilərin miqrasiyası və Fransada erməni icması (1-ci yazı)

Foto: Senatın "erməni soyqrımının" inkar edilməsinin cəzalandırılması qanununun səsverməsi ərəfəsində ermənilərin Senat qarşısında aksiyası. Paris, 23 yanvar 2012-ci il.

Xüsusilə 19-20-ci əsrlərdən etibarən ermənilərin Avropa ölkələrinə və ABŞ-a miqrasiyasi mühüm əhəmiyyət kəsb etməyə başlayır. Bu miqrasiya müxtəlif, əsasən siyasi səbəblərdən baş verirdi. İlk dəfə ermənilərlə bağlı məsələ San-Stefano (1878, 16-cı maddə) və Berlin müqaviləsində (1878, 61-ci maddə) öz əksini tapmışdı. 19-cu əsrin ikinci yarısında Osmanlı imperiyası ərazisində erməni məsələsinin yaranması ilə Böyük Britaniya, Çar Rusiyası, Fransa kimi güclər bu məsələyə daxil olmuş və Osmanlı imperiyasına qarşı təzyiq vasitəsi kimi istifadə etməyə başlamışlar. Məhz bu dövrdə Osmanlı imperiyası ərazisində ermənilərin siyasi fəaliyyəti, silahlı üsyanları dövlət rəhbərliyinin də onlara qarşı təhlükəsizlik tədbirlərinin görməsi erməni siyasi aktivistlərinin Qərb ölkələrinə mühacirət etməsinə gətirib çıxarmışdır. 

Müxtəlif hesablamalara görə, hal-hazırda dünyada 10 milyon (The Armenian Diaspora in Europe. An Introduction) erməni yaşayır. Bunlardan 3,5 milyonu, ermənilərin 54%-i faktiki olaraq Ermənistan Respublikasının vətəndaşlarıdır. Post-Sovet ölkələrində isə hal-hazırda 1,1 milyon erməni yaşayır. “Bu gün dünyada təxminən 10 milyona qədər erməni əhalisi təxmin edilir. Onlardan Ermənistan (2,9 milyon) və Dağlıq Qarabağ (146 min) daxil olmaq üzrə 7 milyona yaxını Avropada yaşayır” (The Armenian Diaspora in Europe. An Introduction). Yaxın və Orta Şərqdə (Livan, Suriya, İran, Türkiyə, İraq, Misir, Kipr, İsrail), Qərb ölkələrində (ABŞ, Böyük Britaniya, Belçika, Fransa, Almaniya, İsveçirə, İtaliya, Kanada, Meksika, Argentina, Braziliya, Avstraliya və s.) 50-dən çox erməni icması mövcuddur və öz diasporunu formalaşdırıb, fəaliyyət göstərməkdədir. “Onların əksəriyyəti Qərb ölkələrində (ABŞ-da 1.4 milyon, Los Anceles də daha çox, Fransada 400 min, Argentinada 130 min) və Yaxın Şərqdə (Livanda 234 min, Suriyada 150 min) ancaq davam edən müharibə səbəbi ilə ölkəni tərk etmişlər və İranda 80 min yaşayır”. (Rasuly-Paleczek, Six-Hohenbalken, 2017) 1993-cü il statistikasına görə 900 mindən artıq erməni ABŞ-da məskunlaşmışdı. Bu gün bu rəqəmin 1,5 milyon olduğu deyilir (Bolsajian, 2018). Qərbdə ABŞ-dan sonra erməni icmasının yaşadığı ikinci əsas ölkə Fransadır.

 

1. Fransa erməniləri

Dünya erməniləri say baxımdan ən çox ABŞ-da yaşayırlarsa, ikinci yerdə isə Fransa gəlir. Hətta artıq bu ölkənin etnik azlığına çevrilmişlər. Erməni məsələsinin müdafiə komitəsi (Comité de défense de la cause arménienne (CDCA)) və Erməni diasporunun araşdırmalar mərkəzinin (Centre de recherches sur la diapora arménienne (CRDA)) verdiyi məlumata görə bu gün Fransada erməni icmasının 600 min üzvü var (Les Arméniens en France). Müasir dövrümüzdə ermənilərin artıq Fransada üçüncü nəsili yaşamaqdadır. Bunlardan 400 min erməni Fransa ərazisində anadan olan ermənilərdir. Fransada erməni icması coğrafi olaraq 3 region ətrafında formalaşıb.

1. İl-de-Frans regionu (la région Île-de-France) – 200 min,  

2. Provans-Alp-Kot-d’Azür regionu (la région Provence-Alpes-Côte d’Azur) – 150 min, 

3. Overn-Rona-Alp regionu (la région Auvergne- Rhône-Alpes) – 150 min. 

Fransada Alfrotvil şəhərini (la ville d’Alfortville) kiçik Ermənistan (la petite Arménie)  adlandırırlar. Belə ki, bu şəhərin 45 min sakini var ki, bunlardan 7 min - 9 min sakini erməni əsilli Fransa vətəndaşlarıdır. Qeyd etmək lazımdır ki, Fransanın Lion, Nis, Bordo, Tuluz, Qrenobl və Monpelye və s. kimi şəhərlərində erməni etnik azlığı yaşayır. Bu ölkədəki erməni icması Erməni Qriqorian Kilsəsinə (Chrétienne orientale grégorienne) sadiq qalmışlar. Erməni Qriqorian Kilsəsi hər zaman erməni milli şüurunun, milli ideyasının ayrılmaz tərkib hissəsi kimi qalmış, əsas hərəkətverici qüvvəsi olmuşdur. Fransada erməni dilini öyrətmək üçün bir çox assosiyasiya fəaliyyət göstərir. Fransada ən azı 6 erməni məktəbi (Marseldəki litsey də bura daxildir), yüzlərlə şənbə və bazar günləri üçün məktəblər fəaliyyət göstərir (Les Arméniens en France). 

Fransa ermənilərinin yaşadıqları ərazilər

Ermənilərin Fransaya köçünü, mühacirət etmələrini 3 tarixi dövrə bölmək olar:

1. XVII əsrdən başlamış – XX əsrin 20-ci illərinə kimi davam edən Fransaya erməni köçü yaxud miqrasiyası və Fransada formalaşmış ermənilərin birinci nəsli. 

2. 1945-ci ildən başlamış – XX əsrin 80-cı illərinə kimi davam edən Fransaya erməni köçü yaxud miqrasiyası və Fransada formalaşmış ermənilərin ikinci nəsli.

3. XX əsrin 80-cı illərindən başlanan – 2000-ci illərə kimi davam edən Fransaya erməni köçü yaxud miqrasiyası və Fransada formalaşmış ermənilərin üçüncü nəsli.

Göründüyü kimi ermənilərin Fransaya miqrasiyası XVII əsrdən başlamış (fərdi miqrasiya aid edilmir) və bu proses davamlı xarakter daşımışdır. Belə ki, Fransada məskunlaşmış ermənilər 2000-ci illərə kimi tarixi proses keçmiş və bu gün öz icmalarını, diasporalarını formalaşdıra bilmişlər. 

 

1.1. Ermənilərin Fransada məskunlaşması və iqtisadi-ticari əlaqələr 

Ermənilərin Fransaya ilk dəfə miqrasiyası 1375-ci ildə Kilikiya çarlığının süqutundan sonrakı dövrə təsadüf edir. Bir çox tarixçilər ermənilərin Fransaya miqrasiyasını Fransa kralı XIII Lüdovikin hakimiyyəti illərində olduğunu yazsalar da əslində bu prosesin başlanması Kilikiya Erməni krallığının süqutundan sonrakı illərdə baş vermişdir. Erməni əsilli fransız tarixçisi Anahide Ter-Minasyan bu haqda yazmışdır: “Ermənilərin fərdi miqrasiyası, Fransaya gəlişi XII əsrə təsadüf edir” (Ter Minassian, 1997). Səlcuq dövlətinin Anadolunu ələ keçirməsindən sonra Bizansın tənəzzülü Kilikiyada 1080-cı ildə erməni dövlətinin yaranmasına səbəb olmuşdu. Qeyd etmək lazımdır ki, bu dövlətin Qərbi Avropa ilə siyasi, mədəni, iqtisadi əlaqələri mövcud olmuşdur. XII əsrdən öncə də ermənilər digər Avropa ölkələrinə mühacirət etmişlər. Məhz tarixi faktlara əsaslanaraq ermənilərin bu tarixi aralıqda miqrasiyasını 2 mərhələyə bölmək olar. 

1. 1064-cü ildən başlanan miqrasiya

2. 1375-ci ildən başlanan miqrasiya

Səlcuq dövlətinin 1064-cü ildə Ani şəhərini tutmasından sonra ermənilərin miqrasiyasına da səbəb olmuşdu. Ermənilər əsasən Krım yarmadasında Qazariya, Feodosiya və Tanaya köçmüşdülər. Daha sonra Krıma köçən ermənilər Şərqi Avropanın digər ərazilərinə və Transilvaniyaya köçmüşlər. “Bu torpaqlarda ermənilər Şərq-Qərb və Cənub-Şimal ticarət yollarında əsas tacir icmalarını təşkil edirdilər” (The Armenian Diaspora in Europe. An Introduction). Qeyd edim ki, sonrakı dövrlərdə də ermənilərin ticarət şəbəkəsi, kilsələri, iqtisadi və mədəni təsisatlarını təşkil edən icmaları Mərkəzi və Qərbi Avropaya kimi geniş coğrafiyaya yayılmışdı.

Səlcuq imperiyasının Anadoluya hücumundan sonra Bizansın tənəzüllü Kilikiyada eyni adlı erməni dövlətinin (1080-1375) yaranmasına səbəb olmuşdur. Kilikiya krallığı Səlib yürüşləri dövründən başlayaraq Qərbi Avropa ölkələri ilə siyasi, mədəni, iqtisadi əlaqələrə malik olmuşdur. Elə bu dövrdən başlayaraq Kilikiya dövləti və Fransa krallığı arasında da həmçinin siyasi, iqtisadi, mədəni və s. əlaqələr olmuşdur. 1375-ci ildə Kilikiyanın Misir məmlükləri tərəfindən məğlubiyyətə uğradılması nəticəsində Kilikiya kralı Lüzinyan sülaləsinə mənsub V Levonun (Léon V de Lusignan) əsir düşmüş, əsirlikdən azad olunduqdan sonra isə Fransaya mühacirət etmişdir. Qeyd etmək lazımdır ki, V Levonun həyatının son 7 ili Fransada, Parisdə mühacirətdə keçmiş və 1393-cü ildə o vəfat etmişdir. “Axırıncı Ermənistan kralı V Levon yaxud başqalarına görə Lüzinyanlı VI Levon (Léon VI de Lusignan) 29 noyabr 1393-cü ildə Parisdə vəfat edib. Fransa kralları yanında Sant Denisdə (Saint-Denis) yatır. Fransa krallarının adi iqamətgahlarından olduğu otel San Polun qarşısındakı San Antuan küçəsində Turnel sarayında yaşayırdı. Doğurdan da varisi olmayan bu monarx valideynləriənə, Kipr Lüzinyanlarına  erməni krallığı üzərindəki hüquqlarını vəsiyyət etdi” (Le Chanoine, 1896). 

Kilikiya krallığının süqutundan sonra ermənilər, xüsusən elita bir çox ölkələrə, o cümlədən Fransa, İtaliya, Kipr, Polşa, İspaniya, Niderlanda mühacirət etmişlər. Erməni miqrasiyası gələcəkdə Avropada strukturlaşmış erməni diasporunun yaranması ilə nəticələnmişdir. 

Ermənilərin yenidən Fransaya miqrasiyası XVII əsrə təsadüf edir. Əsasən Fransaya erməni miqrantların arasında ən çox erməni tacirləri vardl. Bu da təsadüfü deyildi. Faktiki olaraq Fransa kralı XIII Lüdovikin (1601-1643) hakimiyyəti dövründə erməni tacirlər Fransaya köç etmiş, burada məskunlaşmış və ticarətlə məşğul olmuşlar. Fransanın Şərq Dilləri Milli Məktəbinin (École Nationale des Langues Orientales) professoru Frederik Makler (Frédéric Macler) bu haqda yazırdı: “Ermənilər Şah Abbasın dövründə Fransaya gəlmişlər. XIII Lüdovik, naziri Kardinal Rişelyenin məktubu, məktubun patenti (la lettre patente) ona sübutdur. 1629-cu il noyabrın 28-də öz müraciətləri və Şah Abbasın müraciəti əsasında razılıq əldə olunmuşdur” (Macler, 1917). Qeyd etmək lazımdır ki, bu razılışmada erməni tacirlərinin Marselə gəlməsinə, Fransada ticarət etməsinə icazə verirdi. Venetsiya arxivlərində bu tarix 1612-ci ildə olduğu qeyd edilib (Macler, 1917). Anton adlı bir ermənin və işçisi Lui Frejusun Fransaya gedişi və qayıdışını təsdiq edən 1646-cı ilə aid Fransanın Eks şəhərinin daxil olduğu vilayətdə (la province de la ville d’Aix) arxivlərdə bunu təsdiq edən məktubların patenti vardır. Qeyd etmək lazımdır ki, xüsusilə Şah Abbas dövründə Avropaya, Fransaya göndərilən tacirlər arasında erməni tacirləri üstünlük təşkil edirdi. Bununla bağlı Fransa arxivlərində sənədlər mövcuddur ki, hansı ki, erməni tacirləri haqqında məlumatlara rast gəlinir. Xodca Panos adlı erməni tacirinin Fransanın Eks (Aix) şəhərində 1639-cu ildə vəfat etməsi haqqında tarixi faktlar, sənədlər mövcuddur. 

Xüsusi olaraq qeyd etmək lazımdır ki, ilk dəfə olaraq Kardinal Rişelye ermənilərin Marseldə məskunlaşması fikirini dəstəkləmişdir. Kardinal Mazarini XIV Lüdovikin yanında Marselin ticarətinə təkan vermək, inkişaf etdirilməsi üçün çox təkid edirdi. Elə bu məqsədlə o, Fransada, xüsusilə Marsel şəhərində erməni koloniyasının (une colonie arménienne) yaradılması fikirini müdafiə edirdi. “XVII əsrdə Marsel Levant ticarətinin əsas liman şəhərinə çevrilir. Yalnız şəhərin tacirləri üçün deyil, həm də bu ticarətdə osmanlılar, ermənilər və yəhudilər iştirak edirdilər” (Zakharov et al., 2016). 1660-cı ildə kral XIV Lüdovikin fərmanı ilə Marseldə ermənilərin sayı artmağa başlamışdır. Fərmanın verilmə məqsədinin arxasında daha çox iqtisadi-ticari maraqlar dayanırdı. Faktiki olaraq bu fərmanın verilməsi, erməni tacirlərinin, ermənilərin məskunlaşmağa başlaması Fransanın Marsel kimi liman şəhərlərində digər liman şəhərlərinin – Genuya və Livorno kimi italyan şəhərlərinin ziyanına idi. Qeyd edilməlidir ki, bu fərman 1703-cü və 1706-cı illərdə yenidən yenilənmişdir. Ermənilərin tekstil, parça idaxalında rolu, erməni tacirlərinin dəstəklənməsi və iqtisadi-ticari maraqlar da nəzərə alınaraq belə fərmanlar verilirdi. XVII əsrin ikinci yarısından etibarən çoxlu erməni tacirlər Parisdə məskunlaşmağa başlayırlar. 1651-ci ildə Venetsiyadan ticarət üçün Simonun oğlu Ağazar, qardaşı Avetik tərəfindən Fransaya göndərilir. Əsasən gələn erməni tacirlər Fransanın liman şəhəri Marseldə məskunlaşırdılar. 1669-cu ildə Marsel limanında erməni tacirlərinin də fəaliyyəti nəticəsində ticarət canlanmışdı. Bunu nəzərə alaraq krallıqda erməni tacirlər vergilərdə azad edilmişdi. Beləliklə artıq XVII əsrdən etibarən kiçik erməni icması Fransada, Marsel, Monpelye və Paris kimi şəhərlərdə yaranmağa və formalaşmağa başlamışdı.

Ermənilərin Fransada XVII əsrdə fəaliyyətləri təkcə iqtisadi-ticari deyildi. Mədəni, elmi fəaliyyət də nəzərə çarpmaqda idi. XVII əsrdə belə fəaliyyətlərə rast gəlinir. “1633-cü ilə kimi Parisin krallıq mətbəəsində milanlı rahib Francisko Rivolanın erməni-latın dili lüğətini nəşr etmişdi’’ (Mouradian, Kunth, 2010). Faktiki olaraq ermənilər Marseldə XVII əsrdə milli mətbəələrini yaratmışdılar. Fransanın bir neçə şəhərində ermənilərin kafe, restoranları da ilk dəfə olaraq məhz bu dövrdə açılmışdı. 1654-cü ildə Marseldə ermənilərin ilk kafesi açılmışdı (Mouradian, Kunth, 2010) və Parisdə, Sen-Jermendə (Saint-Germain) 1672-ci ildə ermənilərin ilk sərgisi keçirilmişdi.

Kral XIV Lüdovikin (1643-1715) ölümündən sonra XV Lüdovik (1715-1774) hakimiyyətə gəlir. XV Lüdovikin kral olması, hakimiyyətə olduğu illərdə, 1758-ci ildə ermənilər Avinyon (Avignon) şəhərinə köçməyə və orada məskunlaşmağa başlayırlar. Jan Alten (Jean Althen) Avinyona gəlib, orada məskunlaşan ilk erməni hesab olunur. Təkcə bu kral XV Lüdovik dövründə deyil, XVI Lüdovikin (1775-1789) hakimiyyəti illərində də təsadüf edir. XVI Lüdovik də sələfləri kimi erməni tacirlərə Fransada məskunlaşmağa və ticarət etməyə icazə verir. 1778-ci ildə Karabet qardaşlarına və Ovanes Kivorka XVI Lüdovikə müraciətlərindən sonra kral tərəfindən onlara Fransa ərazisində ticarət etməyə icazə verilmişdir.

İqtisadi-ticari əlaqələr, ermənilərin ticarətini genişləndirməsi XIX əsrdə də davam edir. Marsel XIX əsrdə də ermənilərin sıx yaşadığı. icma olaraq formalaşdığı Fransanın liman şəhərlərindən biri idi. Hətta Marsel bir erməni koloniyası (une colonie arménienne) hesab edilirdi. Ermənilər Fransada ticarətlərini genişlədərək, naviqasiya, gəmiçilik şirkəti açmışdılar. Bu, Erməni-Mərakeş şirkəti (Compagnie Arméno-Marocaine) adlanırdı. Şirkət gəmilərindən “Ermənistan” (Arménie) də adlandırılanı var idi. 

Davamı olacaq...

 

Ədəbiyyat:

Bolsajian, M. (2018). The Armeinan Diaspora: Migration and its Influence on Identity and Politics. Global Societies Journal, 6 (1), 2018, p. 30, https://escholarship.org/content/qt51x1r30s/qt51x1r30s.pdf?t=pfwv8b

Le Chanoine, Pascal (1896) Histoire de la Maison Royale de Lusignan. Paris: Léon VANIER, Libraire-Éditeur, 1896, p.24

Les Arméniens en France. http://www.lepoint.fr/societe/les-armeniens-en-france-22-12-2011-1411512_23.php

Macler, Frédéric (1917). La France et l’Arménie à Travers l’Art et l’Histoire. Paris: Imprimerie H. Turabian, 1917, p.18

Mouradian, Claire; Kunth, Anouch (2010). Les Arméniens en France. Du chaos à la reconnaissance. Toulouse : Éditions de l’attribut, 2010, p.12

Rasuly-Paleczek, Gabriel; Six-Hohenbalken, Maria (2017) Migration and its impact on Armenia. A field practice. Vienna, Austrian Studies in Social Anthropology and Department for Social and Cultural Anthropology University of Vienna, p. 5, 2017. https://www.univie.ac.at/alumni.ksa/wp-content/uploads/ASSA-SN-2017-01_Migration-and-its-impact-on-Armenia.pdf

Ter Minassian, Anahide (1997). Histoire croisées : diaspora, Arménie, Transcaucasie, 1880-1990. Marseille: Paranthèse, 1997, p.49

The Armenian Diaspora in Europe. An Introduction.

http://europeofdiasporas.eu/sites/default/files/posts/files/A%20brief%20introduction%20to%20the%20Armenian%20diasporas%20in%20Europe.pdf

Zakharov, Victor N.; Harlaftis, Gelina; Katsiardi-Hering, Olga (2016). Merchant Colonies in the Early Modern Period. London and New York, Routledge, 2016, p. 72-73

 

Müəllif haqqında:

Cavid Bayramov 2008-2012-ci illərdə bakalavr təhsilini Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası üzrə almışdır. Magistr təhsilini 2015-2017-ci illərdə Fransanın Lorraine Universitetində Tarix, Mədəni İrs, Avropaşünaslıq fakultəsində Tarix elmləri (Tarix və Arxeologiya) ixtisası üzrə almışdır. Əsas maraqları Fransada erməni diasporu, miqrasiya məsələləridir. 
 


Digər yazılar