POLITICON.COM

Türkçülüyün əsasları

Türkçülüyün əsasları

Türkiyəyə və türkçü ideologiyaya olan ənənəvi marağa baxmayaraq, Ziya Gökalp Qərb akademik dairələri tərəfindən diqqətə alınmamış və kifayət qədər öyrənilməmişdir. Pan-Türkizmi anlamaq üçün, ilk növbədə türkiyəli sosioloq, siyasi aktivist, şair və yazıçı Mehmet Ziya Gökalpa (1876-1924) müraciət etmək lazımdır. Türk sosiologiyasının banisi olaraq da tanınan Gökalp, xüsusilə də, Osmanlı İmperiyasının süqutundan sonra türkçülüyün və türk kimliyinin təbliği ilə də məşğul olmuşdur. 

Daha böyük diqqətə və öyrənilməyə layiq olan, 1923-cü ildə çap olunmuş “Türkçülüyün əsasları” əsəri maraqlı məqamları əhatə edir: birinci hissədə Gökalpın türkçülük anlayışı və onun necə inkişaf etdirilməsi haqqında danışılır. Kitabın ikinci hissəsi ideologiyanın linqvistik, estetik, etik, qanuni, dini, iqtisadi, siyasi və fəlsəfi tərəflərinə həsr olunmuş bir neçə fəsli əhatə edir. Müəllif bu kitabı tamamilə orijinal bir əsər kimi yazmamışdı, belə ki, onun bəzi hissələr əvvəlcədən qələmə alınaraq ayrı ayrı məqalələr şəklində çap olunmuşdu. Hazırkı icmal isə 1968-ci ildə türkcədən ingilis dilinə Robert Deverö (Robert Devereux) tərəfindən tərcümə olunmuş və şərh edilmiş versiyaya əsaslanır.

Müəllif ideologiyanın konseptualizasiyasında türkçülüyün türk millətini ucaltmaq olduğunu elan edir. Onun sözlərinə görə, türkçülük siyasi bir qurum yox,  yalnız müasir ideallarla uzlaşan və beləliklə, dinçiliyi, teokratiyanı və despotluğu rədd edən bir elmi, fəlsəfi və estetik düşüncə, mədəni səy və yeniləşmə məktəbidir. 

Maraqlıdır ki, Gökalp türkçülüyün bir iştirakçı olaraq siyasi arenaya girməyəcəyini, lakin, bununla belə, siyasətə biganə qalmayacağını da proqnozlaşdırır.

Müəllif 19-cu əsrdə türkçülüyün yaranmasıyla bağlı danışarkən azərbaycanlı yazıçı Mirzə Fətəli Axundov və Krım tatarlarından naşir İsmayıl Qaspıralıya istinad edir. Gökalpa görə, onlar 19-cu əsrin ikinci yarısında II Əbdülhəmidin idarəsində olan Osmanlı İmperiyasının hüdudlarından kənarda  böyüyən hərəkatın əsas ideoloqlarına çevrilmişdilər. Lakin sultanın hakimiyyətinin son dövlərində Azərbaycandan şair Əli bəy Hüseynzadə (Pan-Turanizm idealının ilk manifestasiyası olan “Turan” əsəri) və Türkiyədən Mehmet Akif Yurdakulun şeirləri Pan-Türkizmin yeni dövrünün başlanğıcını elan edərək İstanbulda bu hərəkatı canlandırdılar. Gökalp, türk birliyini dəstəkləyən digər görkəmli şəxsiyyətləri (məsələn, Yusuf bəy Akçura, Əhməd Fərid Tək), eləcə də təmiz türkcədəki yazıları ilə türkçülüyə dəstək verən bir neçə Osmanlı-türk ziyalısını səmimiyyətlə xatırlasa da, yenə də bütün türklərin tək bir ideal ətrafında birləşməsində mərkəz rol olaraq türk suverenliyinin əsasını qoyan və türkləri siyasət, mədəniyyət və iqtisadiyyat sahələrində Anadoluda hakim gücə çevirən Atatürkü görür.

Gökalp Osmanlı İmperiyasının bütün təbəələrini birləşdirən osmanlıçılığı və bütün müsəlmanları eyni icmanın (ümmət) bir hissəsi kimi əhatə edən Pan-İslamizmi rədd edərək etnik və irqi qan bağına əsaslanan öz nəzəriyyəsini təqdim etmişdir.

Müəllif həmçinin, türkçülük və Turanizm anlayışlarını da fərqləndirir. Birinci, vahid dil və mədəniyyətə sahib, lakin bir çox qolları olan türk adlı milləti əhatə edir. İkinci anlayışda isə monqolların, tunqusların, finlərin və macarların türklər və Turanla əlaqələrini  rədd edərək,  bu termini yalnız türklərin bütün qollarını əhatə etməli olan Böyük Türküstanla əlaqələndirir.

Pan-Türkizmin inkişafına dair fikirlərini bölüşərkən Gökalp türkçülüyün üç  əsas istiqamətini müəyyənləşdirir:

1) Türkiyəçilik: Türkiyə Cümhuriyyətində milli mədəniyyətin və Türklərin həmrəyliyinin güclənməsi.

2) Oğuzluq və ya türkmənizm: Türkiyə türkləri ilə, demək olar ki, eyni dilə və ortaq mədəniyyətə sahib olan Azərbaycan, İran və Xarəzm bölgələrindən olan Oğuz türklərindən (eyni zamanda Türkmənlər kimi tanınan) ibarət Oğuz birliyinə nail olunması. Beləliklə, bu dörd qrup Oğuzistanı yarada bilər.

3) Turanizm: Oğuz qrupu ilə birlikdə Böyük Türküstanı təşkil edən yakutlar, qırğızlar, özbəklər, qıpçaqlar və tatarlar kimi daha uzaq ərazilərdəki  türkdilli xalqların birliyi idealı üçün daha böyük səy göstərilməsi.

Türklər üçün böyük fərəh mənbəyi olan yüz milyon türkün bir dövlətdə birləşməsi Türan ideasının əsas məqsədidir.  Gökalp ümid edir ki, bu idea gələcəkdə reallığa çevriləcək, çünki məhz ideyalar gələcəyin qurucusudur.

Bundan əlavə, Gökalp, türklərin tarixi təkamülün  üç  fərqli mərhələsində qəbul etdiyi üç fərqli sivilizasiya formasını izah edir: Qəbilə dövləti olaraq onlar Uzaq Şərq sivilizasiyasına mənsub idilər. Sonralar sultanlıq dövründə Şərq sivilizasiyasının bir hissəsinə çevrildilər. Milli dövlətin yaranması ilə də Qərb sivilizasiyasına doğru yönəlməyə  başladılar. Bunu yazarkən Ziya Gökalp, sivilizasiya və din arasında heç bir körpü yaratmır, çünki “fərqli dinlərə sahib cəmiyyətlər eyni sivilizasiyaya mənsub ola bilər” və “həm Şərq, həm də Qərb sivilizasiyalarının mənbələri İslam və Xristian dinlərindən başqa yerlərdə axtarılmalıdır”.

Müəllif Osmanlı dövrünün verdiyi qəribə dixotomiyanı (türk və Osmanlı) araşdırır: paralel olaraq inkişaf etmiş türk (ümumişlək və gözəl) və Osmanlı (süni və çirkin) dili, musiqisi, ədəbiyyatı və etikası. Bu dixotomiya müxtəlif millətlərdən ibarət olan Osmanlı imperiyasının genişlənməsi ilə inkişaf etmiş və dərinləşmişdi. Kosmopolitlərdən ibarət Osmanlı hakim təbəqəsi yuxarı sinfi, idarə olunan alt sinif isə türkləri əhatə edirdi. Bu iki təbəqə arasında hər zaman toqquşma içində idi. Adi türklər milli  türk mədəniyyətini (emosiyalar toplusu) yaradarkən, saray ziyalıları Osmanlı sivilizasiyasını (biliklər toplusu) qurdular. İkinci anlayış İslam, habelə Şərq və hətta Qərb sivilizasiyalarından gələn türk, fars və ərəb mədəniyyətlərinin təsisatlarının birləşməsi idi. 

Türkiyədə əsrlər boyu mövcud olmuş (yazılı və danışılmayan Osmanlı dili və yazısı olmayan və danışılan türkcə arasında) dilçilik dixotomiyasını düzəltmək üçün Gökalp, danışıq dilini yazılı hala gətirməyi və Osmanlı dilini sanki heç vaxt mövcud olmamış kimi rədd edrərək milli dil yaratmağı təklif edirdi. Eyni zamanda, o, tam linqvistik purist deyildi (1923-cü ildən sonrakı Türkiyədəki bəzi həmkarlarından fərqli olaraq): xalq dilində türkcə ekvivalenti olan ərəb və fars sözləri aradan qaldırılmalı, lakin ekvivalenti olmayan və ya artıq xalq dilinin bir hissəsinə çevrilən sözlər isə qorunub saxlanılmalı idi. Qədim daşlaşmış türk sözlərini əvəzedici kimi canlandırmağa isə ehtiyac yoxdur. Yeni texniki sözlər əvvəlcə xalqın istifadə etdiyi lüğətdə axtarılmalı, lazım olduqda yerli mənbələrdən və ya alınma sözlərdən istifadə edilməklə yaradılmalı idi.

Müəllif Osmanlı sivilizasiyasının iki səbəbə görə dağılmağa məhkum  olduğunu izah edir. Əvvəla, bütün imperiyalar kimi Osmanlı dövləti də müvəqqəti bir varlıq idi. Kosmopolit imperiyaların hökmranlığı altında yaşayan aşağı təbəqə millətlər, öz milli kimliklərinə iddia edərək müstəqilliklərini və siyasi suverenliklərini tələb etmək üçün qaçılmaz olaraq bir gün oyanırlar. Bu fenomen Osmanlı kimi Avstriya-Macarıstan və Rusiyada da baş vermişdi.

İkincisi, yüksək inkişaf səviyyəsinə çatan Qərb sivilizasiyası artıq Şərq sivilizasiyasını tamamilə məhv etməyə qadir olmuşdu. Tənzimatçılar Osmanlı ilə Qərb sivilizasiyasını uyğunlaşdırmağa çalışsalar da, qarşı-qarşıya gələn sistemlərə malik iki ziddiyyətli sivilizasiya asanlıqla yan-yana mövcud ola bilməzdi. 

Buna görə də, türkçülər Şərqin Bizans sivilizasiyasını tamamilə rədd edir və milli türk mədəniyyətinə sahib olaraq türk və müsəlman qalmaq şərtilə Qərb sivilizasiyasını mənimsəməyi təklif edirdilər. Beləliklə, Ziya Gökalp öz sosial katexisizinin ilk doqmasını elan edir: "Mən türk millətinin, İslam icmasının və Qərb mədəniyyətinin üzvüyəm".

Milli mədəniyyət və vətənpərvər mənəviyyat birlikdə “vətən” anlayışını təşkil edir. Müəllifə görə, milli həmrəyliyin gücləndirilməsi vətənpərvərlik ruhunun yüksəldilməsi üçün zəruri addımdır. Əslində milli həmrəylik iki komponentdən ibarətdir: vətənpərvərlik və vətəndaşlıq. Birincisi, mərkəzləşmə, vətənə olan sevgi tələb edir, ikinci isə, mərkəzdənqaçma, cəmiyyətin ayrı-ayrı üzvlərinə hörmətlə bağlıdır. Müharibə dövründə vətənpərvərlik ruhu vətəndaşlıq anlayışını kölgədə qoyacaq dərəcədə güclənir. Uzun müddət davam edən sülh şəraiti isə vətəndaşlıq anlayışını gücləndirir, lakin vətənpərvərlik hisslərini zəiflədə bilər. Ən az digərləri qədər əhəmiyyətli olan  peşə əxlaqı, hər bir peşə sahibinin əmək bölgüsü daxilində öz işlərini layiqincə etməsini tələb edir. Milli həmrəyliyin möhkəmləndirilməsi (vətənpərvərlik, vətəndaşlıq və peşəkar əxlaq yolu ilə) ictimai qaydanın, tərəqqinin, milli azadlığın və müstəqilliyin əsasını təşkil edir.

Vətənpərvərlik ruhu, türklərin qədim dövrlərdən bəri ciddi əhəmiyyət verdiyi bir şeydir. Millət və vətən üçün fədakarlıq təbii və mübahisəsiz bir şey kimi qəbul edilirdi (beləliklə vətənpərvərlik əxlaqı bütün digər əxlaqlardan üstün sayılırdı). Bundan əlavə, təmizlik, təvazökarlıq (xüsusən də zadəganlar arasında) və qonaqpərvərlik türklərin doğma fəzilətləri kimi qəbul edilmişdi.
Türkçülüyün əslində müasirliyə və Qərb dünyasına yaxınlığını nümayiş etdirmək üçün, Gökalp, digərlərindən fərqli olaraq köləliklə məşğul olmayan qədim türklər tərəfindən yaradılan qurumların  təsisat olaraq bərabərliyə, demokratiyaya və feminizmə yaxın olduğuna işarə edir.

O, türklərin feministliyinin səbəbini, müqəddəs gücün qadınlarda yerləşməsinə dair qədim bir türk inancı ilə əlaqəli olduğunu izah edir. Hətta buna görə, sehrli gücləri ilə möcüzə  yaratmaq üçün türk şamanları qadın kimi geyinməli olurdular. Kişilərin və qadınların bərabərliyi, ictimai qəyyumluğun xan və həyat yoldaşı xatun tərəfindən birgə həyata keçirilməsi, xatunun tədbirlərdə, dini ayinlərdə, mərasimlərdə, müharibə və sülh məclislərində iştirak etməsi və xarici elçiləri qəbul etməsilə sübut olunur. Qadınlar hökmdar, komandir, qubernator və elçi ola bilərdilər. Adi ailələrdə ev və uşaqlar üzərində qəyyumluq hüququ həm kişiyə, həm də qadına məxsus idi. “Fakt budur ki, qədim xalqlar arasında heç bir etnik qrup qadınlara bu qədər çox hüquq verməyib və ya türklər qədər hörmət göstərməyib”, - deyə Gökalp qürurla yazır.

Bundan əlavə, müəllif türkçülüyü digər siyasi ideologiyalarla müqayisə edir və uyğunluğunu izah etməyə çalışır. O, türkçülüyün kosmopolitləri əhatə edə bilməyəcəyini iddia edir, çünki türkçülükdə “millət” prinsipini rədd edən hər hansı bir sistemlə sövdələşmək qeyri-mümkündür. Lakin beynəlmiləlçilik bu paradiqmada qəbul edilir, çünki beynəlmiləlçilər sivilizasiyanın tək deyil, çoxluq halında olduğunu düşünürlər: başqa sözlə, milli mədəniyyəti qoruyarkən başqa sivilizasiyanın bir hissəsi olmaq mümkündür. Bu o deməkdir, türkçülük bütün sevgisini özünəməxsus mədəniyyətinə yönəltsə də şovinist və ya fanatik deyil. O, bütövlükdə və sistematik şəkildə Avropa sivilizasiyası ilə assimilyasiya olmaqda qərarlıdır. Eyni zamanda, Gökalpın izah etdiyi kimi, türkçülük digər irq və mədəniyyətləri aşağılamaq və ya dağıtmaq üçün qurulmur. 

Türklər azadlığa və müstəqilliyə olan sevgilərinə görə kommunist ola bilməzlər. Lakin fərdiyyəçi olmaqları da mümkün deyil, çünki onlar bərabərliyi də sevirlər. Solidarizm türk mədəniyyətinə ən uyğun sistemdir. Fərdi mülkiyyət sosial həmrəyliyə xidmət etdiyi üçün qanunidir. Baxmayaraq ki, sosial həmrəyliyə xidmət etməyən hər hansı bir mülkiyyət hüquqları qanuni sayıla bilməz, sosialistlərin və kommunistlərin fərdi mülkiyyəti ləğv etmək səyləri səhvdir. Həm sosial, həm də fərdi mülkiyyət mövcud olmalıdır. 

Kitabın son cümlələri nikbinliklə doludur. Türklər Asiya, Avropa və Afrikada bir çox əraziləri fəth etsələr də, maddi mədəniyyət və fiziki silah səbəbiylə Avropadan geri düşmüşdü. Ancaq müəllif, dünya hegemonluğunun, sivilizasiya məsələsində avropalılarla bərabərləşdirdikdə mütləq türklərə keçəcəyinə inanır və bu vəzifəni yerinə yetirmək üçün türk gənclərinə tapşırıq verir. Bu inamı gücləndirməkdən ötrü Gökalp Birinci Dünya Müharibəsindən sonra bir İngilis zabitinin “Türklər bir gün dünyanı fəth edəcəklər” sözlərini xatırladır. 

 

Müəllif haqqında:

Rusif Hüseynov Bakıdan olan tədqiqatçıdır. Əsasən Şərqi Avropa, Yaxın Şərq, Qafqaz və Orta Asiyaya regionları, sülh və münaqişə, milli kimlik və milli azlıqlar üzrə araşdırmalar aparır. 


Digər yazılar